Daha çox hansı kreditlərdə problem yaranır?

Rabitəbank ASC-nin Problemli Kreditlərlə İş Departamentinin direktoru Şakir Kərimov bu gün aktual məsələ olan problemli kreditlərlə bağlı öz fikirlərini bölüşüb.
Ş.Kərimov Trend-ə bildirib ki, hər kəsə məlumdur ki, bu gün bankların bir çoxunda problemli kreditlərin həcmi getdikcə artmaqdadır.
Onun sözlərinə görə, bu konkret olaraq bir sahə üzrə verilən kreditlərə aid deyil: “Kredit borclarını ödəməyən müştərilər bütün sahələrdən var. Lakin ən çox girovsuz, iş yerindən arayışsız, zaminsiz verilən kreditlər gecikməyə düşürlər. Səbəb isə borcların təminatsız olması və borcluların qanunları yaxşı bilməməsidir. Bundan əlavə təminatlı kreditlərdə də qanunları bilməmək səbəbi ilə, özlərini “ağıllı” hesab edən bir çox borclular vardır ki, kredit borcunun qarşılığında girov qoyulmuş əmlak dəyərdən düşdüyü halda borcu ödəməkdən yayınırlar. Bu halda dəyərdən düşmüş təminatla, təminatın dəyərindən artıq olan borcun bağlanacağını hesab edirlər. Son illərdə bu kimi halların artması səbəbi ilə, borcun ödənilməsindən süni şəkildə yayınmaların qarşısının alınması üçün tədbirlər daha da gücləndirilmişdir. Bir çox hallarda müştərilər hesab edirlər ki, 90 gün kredit ödənilmədiyi halda yaxud Bank tərəfindən məhkəməyə müraciət edildiyi halda kredit borcu üzrə hesablanan faizlər dayandırılır. Qeyd etmək istəyirəm ki, heç bir halda faizlərin hesablanması dayandırılmır”.
Ş.Kərimov bildirib ki, daşınmaz əmlak, qızıl və avtomobil girov qoyularaq kredit götürülən zaman təbii ki, kredit verilən vaxt üçün girovun dəyəri verilən kreditdən artıq olur: “Lakin sığorta olunan hallar istisna olmaqla digər hallarda girov predmetinin dəyərinin düşməsi nəticəsində götürülən kredit borcu girov predmetinin satılması ilə bağlanmazsa o zaman yerdə qalan borc kredit götürəndən tutulacaqdır. Təminatlı kreditlər üzrə bank tərəfindən borcun ödənilməsi üçün məhkəməyə müraciət edilən zaman qanuna uyğun olaraq məhkəmənin qəbul etdiyi qərardan şikayət vermək hüququnun olmasına görə bir çox müştərilər bunu yalnız vaxt uzatmaq məqsədi ilə edirlər. Bu kimi halların qarşısının alınması üçün artıq muvafiq tədbirlər görülmüşdür. Artıq məhkəmələr tərəfindən əsassız iddia verən tərəf cərimə olunur. Suni şəkildə borcun ödənilməsindən yayınmaq halları demək olar ki, artıq qeyri-mümkün olacaqdır”.
Ş.Kərimovun sözlərinə görə, kredit götürülən zaman girovla təmin edilmədiyi hallarda da demək olar ki, kifayət qədər borcların ödənilməsi üçün görülən tədbirlər təkmilləşdirilmişdir:
“Kredit borcunun ödənilməsinə dair məhkəmə qərar verdikdən sonra icra bölmələri tərəfindən borcluların adına hər hansı əmlakın olub-olmaması sorğu verilərək dəqiqləşdirilir. Sorğu nəticəsində borcluların adlarına hər hansı daşınmaz əmlak, avtomobil olarsa dərhal üzərinə həbs qoyulur. Bundan sonra borcun ödənişi üzərinə həbs qoyulmuş əmlaka yönləndirilir. Bunun üçün artıq dövlət tərəfindən də müəyyən addımlar atılmışdır. Məsələn: artıq avtomobillərin etibarnamə əsasında satılması demək olar ki, kifayət qədər azalmışdır. Çünki mülki etibarnamələr artıq 1 ildən yuxarı müddətə verilmir. Bununla yanaşı üzərinə həbs qoyulan avtomobillər əvvəllər yalnız yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılırdısa, artıq icra məmurları tərəfindən saxlanılaraq cərimə meydançasına aparıla bilər”.
Ş.Kərimov bildirib ki, verilən sorğuların nəticəsində adlarına heç bir əmlak aşkar edilməyən borcluların əmək haqqından, təqaüdündən, pensiyasından və. s. digər gəlir mənbələrindən tutulmalar şəklində borclarının ödənilməsi təmin olunur:
“Bu da yoxdursa o zaman respublikaya giriş-çıxışına qadağa qoyularaq ölkə sərhəddini tərk etmək üçün məhdudiyyətlər qoyulur. Eyni zamanda qanunla borcu qaytarmayan müştərilərin, krediti verən təşkilat tərəfindən ictimai qınaq obyektinə çevrilməsi üçün atılan addımlar da tam şəkildə qanunidir. Demək olar ki, götürülən borcların səbəbsiz qaytarılmamasına ümid edənlərin hamısının arzuları ürəklərində qalacaqdır”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO