Daha bir jurnalist qətlə yetirilib

Meksikada daha bir jurnalist – “El Tiempo de Duranqo” qəzetinin kriminal müxbiri Jose Vladimir Antuna Qarsia qətlə yetirilib. APA-nın xəbərinə görə, bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fonduna (BAMF) Beynəlxalq Mətbuat İnstitutundan (BMİ) məlumat daxil olub. Məlumatda bildirilir ki, bir gün əvvəl öz avtomobili ilə gedərkən naməlum şəxslər tərəfindən saxlanılan və oğurlandığı ehtimal edilən jurnalistin bədənində güllə yaraları ilə yanaşı boğazında boğulduğu aydın seçilən izlər aşkarlanıb.
Qətlə yetirilən jurnalistin üstündən isə bu sözlər yazılmış məktub tapılıb: “Bu, mənim başıma ona görə gəldi ki, hərbidən yazılması lazım olmayan şeyləri yazdım. Bu məsələdən yazanda ehtiyatlı olun. Hörmətlə, Vladimir”
BMİ rəhbərliyi Meksika hakimiyyətini bu ölkədə jurnalist qətllərinə son qoyulması və cinayətkarların tapılıb cəzalandırılması üçün təcili tədbirlər görməyə çağırıb. BMİ-nin direktor müavini Alison Betel Mckenzienin müraciətində bunlar qeyd edilib: “Məğrur həmkarımızın ölümündən çox kədərləndik. Ailəsinə başsağlığı verir və Meksika dövlətindən jurnalistlərin öldürülməsi ilə əlaqədar işlərin ədalət məhkəməsinə çıxarmalarını xahiş etmişik”.

Qeyd edək ki, mərhum jurnalistə bu ilin aprelində də sui-qəsd cəhdi olmuşdur. Jurnalist evindən çıxaraq işə gedərkən naməlum silahlı şəxs ona atəş açıb. Amma o zaman Antuna Qarsia geriyə-evinə qaçmaqla canını qurtara bilib.
Antuna Qarsia bu il El Tiempo de Durango qəzetinin qətlə yetirilmiş ikinci jurnalistidir. Ondan əvvəl isə Karlos Orteqa Samper güllə ilə başından vurularaq öldürülüb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO