İşdə məlumat macərası: Jurnalistlər katibələrin əlindən beziblər

Vəzifəli şəxslərin katibələri münasibətlərin yaranması üçün az rol oynamırlar. Çox vaxt elə katibələrlə dil tapmaqla böyük bir məsələni də həll etmək mümkün olur. Odur ki, bəzən katibələrin statusu elə vəzifəli şəxslərin rəyi qədər önəmli olur. Jurnalistlər də iş prosesində məlumatları dəqiqləşdirmək, müsahibə almaq üçün bəzən katibələrə danışmalı olurlar. Adətən katibələr KİV-ə işləməkdə əməlli-başlı problem yaradırlar. “…işdə yoxdur”, “…olmayacaq”, “..iclasdadı”, “Sabah zəng vurun” kimi standart sözlərlə “silahlanmış” bu “zireh xanımlar” səddini aşmaq asan olmur. Siyasətdən yazan jurnalistlərin bununla bağlı problemləri az olur. Amma sosial sahələrlə bağlı xəbərlər yazan həmkarlarımız tez-tez katibələrin ciddi əngəlləriylə üzləşirlər…
Bunu Modern.az-ın sosial mövzularda yazan jurnalistlər arasında keçirdiyi sorğu da təsdiq edir.

“525-ci qəzet”in əməkdaşı Pərvanə Sultanova: “Mən rəsmi dövlət qurumlarından məlumat öyrənmək istiyəndə daha çox mətbuat xidməti ilə əlaqə saxlıyıram. Amma katibələrlə də təmaslarımız az olmur. Bizdə mətbuat xidmətləri də, katibələr də işlərini düzgün qura bilmirlər. Jurnlaistləri adi bir xəbərin, informasiyanın verilməsinə görə yubadırlar. Məsələn, bu yaxınlarda mən gender layihəsi ilə bağlı Səbail rayon İcra Hakimiyyətinə zəng vurmuşdum. Bu layihənin rəhbəri olan xanımla musahibə almaq istəyirdim. Onun katibəsinə gün uzunu vurduğum zənglərə cavab verən katibə hər dəfə müxtəlif bəhanələr gətiridi. Gah “özümüz əlaqə saxlayacağıq”, gah da “yanında adamlar var”, “iclasa getdi” dedi. Axırda da mənə “deyəsən sizə müsahibə vermək istəmir” dedi. Aydın olmadı ki, bu katibənin öz sözü idi, yoxsa layihə rəhbərinin…
Mən daha zəng eləmədim. Ailə Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinə zəng edəndə belə problemlə üzləşirik. Jurnalisti konkret unvana yönəldə bilmirlər. Güc nazirləri ilə işləmək də çox çətindi. Onlara zəng vuranda mətbuat xidməti rəhbərlərini yerində tapmaq olmur”.

“Ekspress” qəzetin əməkdaşı Aytən Nəbiyeva: “Katibələrlə bağlı problemlə biz də çox üzləşirik. Onların üzündən yazılarımız yarımçıq qalır, günümüz hədər keçir, heç bir informasiya əldə edə bilmirik. Mən bu cür hallarla əsasən Nəqliyyat Nazirliyinə, Təhsil Nazirliyinə, Gömrük Komitəsinə, Fövqəladə Hallar Nazirliyinə zəng vuranda rastlaşıram. “Yerində yoxdu”, “iclasdadı” və s. bəhanələrlə katibələr bizi aldadırlar. Amma mən günahın tamamilə katibələrin üzərinə qoyulmasının da tərəfdarı deyiləm. Onlara rəhbərləri necə deyirsə, onlar da elə cavab verirlər.
Məsələn, mən bu yaxınlarda Nəqliyyat Nazirliyinə gün ərzində 6-7 dəfə zəng vurdum. Hər dəfə katibə “…işdə yoxdur” deyə cavab verirdi. Axırıncı dəfə zəng vuranda yazıq katibə məcbur qalıb and içdi ki, “Allah haqqı yerində yoxdur”.

“Üç Nöqtə” qəzetinin əməkdaşı Əfsun Sucayev: “Hə, bu ciddi problemdir. Mətbuat xidmətləri ilə katibələr arasında qəribə bir dairə yaradılb. Zəng vurusan idarəyə, mətbuat xidməti sənə katibənin əlaqə telefonunu verir. Zəng vurusan katibəyə, o da öz növbəsində deyir ki, mətbuat xidməti ilə əlaqə saxlayın. Mətbuat xidməti də minnətlə “bu gün zəng vur, sabah əlaqə saxla” kimi bəhanələrlə bizi başlarından edirlər. Məsələn, Bakı Şəhər İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi ən çox məlumat ala bilmədiyim nazirliklərdi. Bu qurumda işləyənlər jurnalistlərə heç bir məlumat vermirlər. Mətbuat xidmətləri, katibələr hətta adi departament əməkdaşları ilə belə əlaqələndirmirlər. Ümumiyyətlə, nazirliklərlə işləmək çox əlçatmaz bir həddə çatıb”.

“Olaylar” qəzetinin əməkdaşı Samir Güləliyev: “Jurnalistlər dövlət orqanlarına zəng edəndə həmişə katibələrin bəhanələri ilə rastlaşırlar.Nə vaxt zəng edirsən, katibələr həmişə eyni sözləri deyirlər: “Xəstədi”, “ezamiyyətdədi”, “iclasdadı”…. Adi bir informasiyanı alana qədər bizimki bizə dəyir. Əsasən Təhsil Nazirliyi, Nəqliyyat Nazirliyi, Səhiyyə Nazirliyi… İdaərələrdə olan katibələr, xırda işçilər, mətbuat xidmətləri ilə hansısa xəbəri dəqiqləşdirmək müşkül məsələdir. Bu siyahını çox uzatmaq olar”.

“Kaspi” qəzetinin əməkdaşı Həqiqət İsabalayeva: “Mən əsasən mətbuat xidmətləriylə işləyirəm. Onların içində normal işləyəni də var, normal olmayanı da.. Bəzən elə olur ki, mətbuat xidmətinə aid olmayan qızlar telefonu götürüb yalandan deyirlər ki, filankəs işdə yoxdu, bir azdan olacaq. Dərhal hiss edirsən ki, qız yalan danışır. Mənim bu vaxda qədər əsasən “Azərsu” ilə problemim olub. Amma bu yaxınlarda yoluna qoyulub. Şirkətin mətbuat xidmətinin rəhbəri özü zəng elədi və məni qane edən məlumatları verdi”.

“Zaman-Azərbaycan” qəzetinin əməkdaşı Nicat İntiqam: “Bizdə əksər məmurların mobil telefonları var. Çalışıram ki, heç vaxt katibələrlə əlaqə saxlamayım. Əgər həmin məmurun vaxtı olursa, əksər hallarda suallarımızı cavablandırır. Son zamanlar dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərlərinin iş fəaliyyətində müsbətə doğru aktivlik muşahidə olunur”.

“Hurriyyət” qəzetin əməkdaşı Seymur Əliyev: “Dövlət orqanları ilə əlaqə yaratmaq o qədər də asan başa gəlmir. Hər hansı bir məsələyə munasibət öyrənmək üçün dəfələrlə cəhd göstərməlisən. Zəng vuranda gah deyirlər mətbuat xidmətinin rəhbəri burda yoxdu, gah da “bir az sonra zəng edin” kimi başdansovdu cavablar verirlər. Rəhbər işçilərlə danışmağa çox az hallarda nail oluruq.
Bu səbəbdən də çox zaman onların mövqeyi qəzetdə əks olunmur. Mənim ən rahat əlaqə saxlaya bildiyim dövlət orqanı İqtisadi İnkşaf Nazirliyidi. Digərləri ilə heç də asan əlaqə saxlamaq mümkün deyil”.

“Yeni Müsavat ” qəzetnin əməkdaşı Etibar Seydağa: “ Tək mən yox, iş yoldaşlarım da bu kimi problemlərlə üzləşirlər. Hər hansı bir dövlət qurumun mətbuat xidmətinə, yaxud da məmurun katibəsinə zəng vuranda müxtəlif bəhanələr gətirirlər. Standart cavabları da var: “Yerində yoxdu”, “iclasdadı”. Bizdə bir-iki nazir var ki, təsadüfən onun özü ilə danışmaq mümkün olur. Məsələn, təhsil naziri Misir Mərdanov, ekalogiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov kimi nazirlərlə… Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla da nadir hallarda zəng edib danışmaq olur. Katibələri və yaxud mətbuat xidmətlərini mən çox da qınamıram. Ona görə ki, hansısa məmur necə tapşırıq verir, kiminsə iş prinsipi necədisə, onun katibəsi də, mətbuat xidməti də o cür davranır”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO