İctimai televiziyada və “Lider ” televiziyasında təşviqat qiymətləri bilindi

“Media forum” saytı xəbər verir ki, 7 noyabr seçkisinin təşviqat mərhələsinə qoşulan milli televiziyalar – İctimai Televiziya və “Lider” televiziyası qiymətləri açıqlayıblar.

İTV-nin tarif cədvəlinə görə, seçkiqabağı təşviqat əsasən həftənin 1, 3, 5-ci günlərində saat 9.47, 11.47, 17.47, 18.47-də aparılacaq. Televiziyada qiymətlər səhər saatlarında bir saniyəsi 13 manata, axşam saat 18.47-də isə 20 manata müəyyənləşdirilib.

İTV-də ən bahalı reklam vaxtı 22.47-dir. Lakin bu zaman məhdud həftə günləri müəyyənləşdirilib. Belə ki, reklam olunmaq istəyən namizəd yalnız həftənin 1-ci və 6-cı günlərində bu saatda saniyəsi 29 manat ödəməklə təşviqat apara bilər.

İTV həftənin bazar günləri üçün heç bir tarif nəzərdə tutmayıb.

“Lider” televiziyası isə tarif qiymətlərini verilişlərə və reklam çarxlarının verilişdən əvvəl, içində və sonra olmaqla müəyyənləşdirib. Cədvəldəki qiymətlər 30 saniyə üçün nəzərdə tutulub. Həftə içi ən ucuz reklam qiyməti səhər saat 10.00-da yayımlanan “Tap, dostum” (təkrar) verilişinin içərisində yayımlanacaq reklam üçün konkretləşdirilib – 30 saniyəsi 160 manat.

“Lider” televiziyasında həftə içi ən bahalı reklam vaxtı axşam saat 20.00-22.00 aralığıdır. Misal üçün, “ZAARA”, “Doktor Haus” serialları, “Kinozal “Lider” verilişlərinin içərisində 30 saniyəlik reklam yaymaq istəyən namizəd 800 manat ödəməlidir.

“Lider” televiziyasının istirahət günləri üçün təqdim etdiyi tarif cədvəlindən görünür ki, ən ucuz reklam şənbə və bazar günləri səhər saat 7.00-da yayımlanan “Solo” və “Kliplər” verilişinin içərisində ola bilər – 30 saniyəsi 50 manat.

Ən bahalı reklam qiyməti isə həftənin şənbə günləri, saat 21.00-da efirdə olan “Konsert “Emin Ağalarov” verilişinin içərisində gedəcək çarx üçün müəyyənləşdirilib – 30 saniyəsi 800 manat.

Teleşirkət onu da bildirir ki, konkret göstərilən vaxt üçün qiymətə 15 faiz əlavə olunur.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO