İctimai Televiziya milli-vətənpərvər ruhlu telemarafona başlayır

Azərbaycan xalqının tarixdə bir neçə dəfə ermənilər tərəfindən soyqırıma məruz qalması, öz dədə-baba torpaqlarından deportasiya edilməsi faktdır.

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım aktlarında yüzlərlə insan həyatını, sağlamlığını itirib.

Onların başına gətirilən oyunların, yaşadıqları zülmlərin dünya tarixində analoqu yoxdur. 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən silsilə soyqırım hadisələrinin bu gün də izləri qalır. Qərbi Azərbaycandan, indiki Ermənistandan deportasiya edilən azərbaycanlıların qətlə yetirilməsi, soyqırım qurbanı olması da artıq dünyaya məlumdur. Sadəcə, çoxları ermənilərə havadarlıq edib bu faktları, olmuş hadisələri etiraf eləmək istəmir.

Uzun müddətdir ki, Azərbaycanda soyqırım muzeyinin yaradılması ilə bağlı söz-söhbət gəzir. Amma hələlik belə bir muzey yoxdur. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun soyqırım şöbəsinin fəaliyyət göstərməsinə baxmayaraq, şöbənin geniş miqyasda iş görməsi üçün şərait yaradılmır. Elə deyirlər ki, filan işi görmək lazımdır, amma heç kəs ortaya əməli iş çıxarmaq istəmir.

Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi irəli düşərək, erməni terrorundan əziyyət çəkən, soyqırıma məruz qalan soydaşlarımızın xatirəsinə soyqırım muzeyi yaratmaq üçün təşəbbüs irəli sürüb. Bir neçə həftə əvvəl Birlik rəsmiləri mətbuat konfransı keçirərək elan elədilər ki, bu muzeyin yaradılması üçün telemarafon keçiriləcək. Milli Qəhrəmanları Tanıtma İctimai Birliyindən (MQTİB) onu da bildirmişdilər ki, telemarafonun layihəsi hazırlanır və onun baş tutması üçün televiziyalara müraciət ediləcək.

Əldə elədiyimiz məlumata görə, Birlik təmsilçiləri layihənin reallaşdırılması üçün bir neçə telekanala müraciət edib, lakin televiziyalar telemarafona “yox” deyib.

Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Məmmədovla əlaqə saxlayıb, həm məlumatı dəqiqləşdirmək istədik, həm də telemarafonun nə zaman keçiriləcəyini öyrəndik.

E.Məmmədov bizimlə söhbətində bildirdi ki, soyqırım muzeyinin yaradılması ilə bağlı yalnız İctimai Televiziyaya müraciət edilib, bu kanalın rəhbərliyi də onlara “hə” deyib”:Biz ancaq İctimai Televiziyaya müraciət eləmişik. Televiziyanın baş direktoru İsmayıl Ömərov özü şəxsən bizi qəbul edib. O, telemarafonun keçirilməsinə dəstək verdi. Söhbət oldu ki, telemarafon ya 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günündə, ya da ki, martın 31-i azərbaycanlıların soyqırım tarixində keçirilsin. Hazırda telemarafona hazırlıq gedir. Soyqırımla bağlı bukletlər, kitablar, videoçarxlar, disklər hazırlanır. Telemarafona qədər həm İctimai Televiziyanın efirində, həm də efirdən kənarda bir sıra tədbirlər keçirmək niyyətindəyik. İsmayıl Ömərov təklif elədi ki, telemarafona qədər bir neçə dəfə ziyalıların iştirakı ilə telemüzakirələr keçirilsin. Biz bunu çox bəyəndik”. Bəzi televiziyalardan rədd cavabı almaqlarına gəlincə, E.Məmmədov dedi ki, bu telemarafonun İTV-də keçirilməsi təklifini onlara dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar verib”:Mən xarici ölkələrdə olanda orada azərbaycanlılar deyirdi ki, İTV-yə baxırlar. Onlar dedilər ki, telemarafon bu kanalda keçirilsə daha mötəbər olar. O ki qaldı digər televiziyalara, biz əvvəlcədən onlardan rədd cavabı alacağımızı bildiyimiz üçün onlara müraciət eləmədik. Bilirdik ki, ANS və başqaları bizim telemarafona dəstək vermək məqsədilə bizə efir vaxtı ayırmayacaq. Bu halda onlara müraciət etməyin yeri vardımı?” Telemarafonla bağlı hələlik heç bir iş adamına, yerli şirkətə müraciət edilmədiyini deyən E.Məmmədov güman edir ki, vətənini, xalqını sevən, erməni vəhşiliyini dünyaya göstərmək istəyən hər bir azərbaycanlı bu telemarafonda yaxından iştirak edəcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO