Cəmiyyət diffamasiya qanununa hazırdirmi?

Azərbaycan cəmiyyəti “Diffamasiya haqqında” qanunun qəbuluna hazırdırmı?

Hüquqçu Aslan İsmayılov deyir ki, hazır deyil. Onun həmkarı Erkin Qədirli isə məsələyə bu cür yanaşmağa, mövzunu bu yöndən qabartmağa qarşı olduğunu dilə gətirir.

“Media forum” saytına danışan Aslan İsmayılov bildirir ki, “Diffamasiya haqqında” qanunun qəbulu çox vacibdir: “Buna mənfi baxan adam demokratiya, jurnalistika, söz, mətbuat azadlığından xəbərsizdir. Bu mövzu ən azı 10 ildir müzakirə olunur. O səbəbdən də bu qanunun qəbulu çox gecikib, çoxdan qəbul olunmalı idi. Azərbaycanda məmurlar, oliqarxlar jurnalistləri tez-tez həbsə saldıqları üçün bu qanunun qəbulu vacibdir”.

Hüquqşünas hesab edir ki, kim hansısa bir hakimiyyət pilləsindədir, yaxud ictimai qurumun liderliyini daşıyır, jurnalistlərin, vətəndaşların tənqidlərinə dözüm nümayiş etdirməlidir: “Mənim vergilərimin hesabına imtiyazlar əldə edən – hələ mən alınan rüşvətləri, maşınları, villaları demirəm – şəxs mənim fikrimə hörmətlə yanaşmalı, tənqidlərimə dözməlidir. Kimsə səhv fikir yürüdə də bilər. Bu da insanın haqqıdər”.

Diffamasiyaya cəmiyyətin hazır olub-olmaması məsələsinə gəlincə, A.İsmayılov pessimistdir: “Azərbaycanda söz azadlığı dəyəri düzgün başa düşülmür. Söz azadlığı həm də sözün məsuliyyəti deməkdir. Bizlərdə hələ söz məsuliyyəti yoxdur. Mentalitetimizi, mədəniyyətimizi nəzərə alsaq, mətbuatda elə təhqirlərə rast gəlinir ki, bunun qarşısının necə alınacağını bilmirsən. Məmurları, oliqarxları tənqid eləmək tənqid eləmək lazımdır. Amma əndazəni aşmaq, şəxsiyyətə toxunmaq olmaz. Hər məmurun, oliqarxın xanımı, qızı, anası var. Məsələnin ən çox bu tərəfi məni narahat edir”.

A.İsmayilov deyir ki, milli mentaliteti Azərbaycandan fərqli olan ölkədə tənqidi aşırı söz azadlığı çərçivəsində təqdim eləmək mümkündür: “Misal üçün, Hollandiyada belə etmək olar. Onların söz və mətbuat azadlıqları mentalitetlərinə uyğundur”.

Ancaq hüquqşünas “Diffamasiya haqqında” qanunun qəbulunu vacib sayır: “Bu qanunun qəbulu ilə yanaşı söz azadlığı sarıdan maarifçiliyə ehtiyac var. Söz azadlığı kimisə açıq şəkildə, heç nədən çəkinmədən, qorxmadan təhqir eləmək demək deyil. Cəmiyyətə bunu aşılamaq lazımdır”.

Erkin Qədirli isə hesab edir ki, siyasət hər vaxt cəmiyyətin önündə getməlidir: “Siyasət insanlar üçün yeni səhifələr açmalı, yeni imkanlar, fürsətlər yaratmalıdır. Bugünkü Azərbaycan qanunvericiliyi ifadə azadlığını çox məhdudlaşdırır və hakimiyyətə bəhanə verir ki, kəskin tənqid edən jurnalistləri təhqir və böhtan adı ilə həbs elətdirsin, yaxud iri məbləğdə cərimələsin. Belədə nəinki mətbuatın, həmçinin bədii yaradıcılığın inkişafı əngəllənir. Misal üçün, karikaturaflar, şarjlar ifadə azadlığının tərkib hissəsidir. Buna qoyulan qadağa həmçinin cəmiyyətin sağlam özünütənqid, zarafat hissini, sağlam istehza duyumunu da məhv edir”.

Hüquqçu deyir ki, demokratik cəmiyyətlərin yardımçı meyarlarından, göstəricilərdən biri də sağlam istehza, özünütənqid hissinin olmasıdır: “Xüsusən azadlığın cinayət təqibi vasitəsilə məhdudlaşdırılması demokratiyanın sıxışdırılması kimi başa düşülməlidir. Bu cəzaların, qadağaların qanunlardan götürülməsinin tərəfdarıyam. Hətta mən daha radikal yanaşmanın tərəfdarıyam. Mən şərəf və ləyaqətin hətta mülki qanunvericilik şəklində qorunmasının əleyhinəyəm . Çünki şərəf və ləyaqətin ağlabatan hüquqi tərəfi mümkün olmadığından çox vaxt naqis adamların özlərini cəmiyyətə sırıması üçün fürsət açılır. Qorunması lazım olan hallar müəllif hüquqları, ticarət nişanları, hüquqi və fiziki şəxslərin işgüzar nüfuzudur. Şərəf və ləyaqətin qanunla müdafiə olunmasını Azərbaycan üçün məqbul saymıram”.

Cəmiyyətin diffamasiya haqqında qanunun qəbuluna hazır olub-olmamasına gəlincə, E.Qədirli deyir: “Bu cür sual qoymaq yanlış yanaşmadır. 7 yaşlı uşaq məktəbə getməyə hazırdırmı? Yaxud 18 yaşlı yeniyetmə prezident seçməyə hazırdırmı? Yaxud kiçik sahibkarlığa başlayan vətəndaş bazar iqtisadiyyatına, iqtisadi riskləri dəyərləndirməyə hazırdırmı? Belə yanaşma tərzi ilə hər şeydə cəmiyyət və insanların üzərinə əlavə psixoloji yük qoymuş oluruq. Belədə insanlarda çəkincənlik yaranır”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO