Cavan oğlanın kartof “oğurluğu “

Nəzirməmməd Quliyev

Şəhərdəki tıxacların və axşamüstü marşrutlarda yer olmaması səbəbindən özümü Səkkizinci Kilometr bazarına güclə çatdırdım. Alverçilər piştaxtaları yığışdırırdılar. Bazarın nisbətən ucuz hesab olunan “optovoyları” tərəfə keçdim. Orada da dəmir qarıların bir xeyli hissəsi bağlanmışdı. Amma hələ işləyənləri də var idi.

Qışın oğlan çağlarını yaşadığımız bu ərəfəsində adəti qiymət artımları özünübazardakı bütün ərzaqlarda büruzə verməyə başlayıb. Məsələn, almaq istədiyim kartofun qiyməti cəmisi bir neçə günün içərisində 50 qəpikdən 70-80 qəpiyə, soğanın qiyməti 40 qəpikdən 80 qəpiyə qaldırılıb. Digər alınması vacib
olan ərzaq məhsullarının da qiymətində elə bu intervalda fərqlər var. Ona görə də digər ərzaqları almaq fikrindən vaz keçməyə məcbur oldum. Amma nəyin bahasına olursa-olsun kartof almalı idim. Aldım da.
Satıcılarla mübahisə etmədim. Bilirdim ki, bu yersizdir. Bir də onlar elə özləri deyinib hökumətin qarasına danışırdılar ki, qiymətləri bu qədər qaldırmaqla niyə onları alıcılarla üz-üzə qoyublar. Hələ bu barədə məndən və digər ziyalı görkəmində gözlərinə görünən alıcılardan konkret arqumentlər də tələb
edirdilər. Biz də imkan daxilində onların suallarını cavablandırırdıq..Hələ insanlar qiymətlərin əvvəlki məcrasına qaytarılacağına bir qədər ümidli görünürlər…

Bazarda çox qalmadım. Çünki həm bazar bağlanırdı, həm də artıq gec idi. Qış gününün qaranlığı bilirsiniz ki, tez düşür. Evə tələsirdim ki, birdən yenə işıqlar sönər, narahatçılıq olar. Lakin ən tükürpədici hadisə avtobusda gedərkən baş verdi. Yaman basabas idi. Oturmağa təbii ki, imkan yox idi. 15 kiloqramlıq yükü oturacaqların yanında birtəhər yerləşdirib ayaq üstə durmuşdum. Bu vaxt cavan bir oğlanın avtobusdakı basabasdan istifadə edərək “sumka”ma girişdiyini gördüm. Sir-sifətindən heç də oğruya, cibgirə bənzəmirdi. Bir də indiyədək axı hamımız cibgirin ərnişinlərin cibinə girdiyinin şahidi olmuşuq. Bu, çöhrəsində nur əlamətləri görünən “oğru” isə heç ət və ya çörək də deyil, kartof zənbilinə girişmişdi. Bir neçə kartofu götürüb öz “sumkasına” yerləşdirdi. Birdən hiss etdi ki, mən onu görürmüşəm. Bu zaman onun düşdüyü vəziyyəti heç düşmənlərimə də arzulamıram. Mən isə onun bu görkəmə düşdüyünü gördükdən sonra özüm də onun “sumkasına” bir neçə kartof atdım. Etiraz etmək istəsə də buna imkan vermədim.

Avtobus növbəti dayanacağa çatanda isə bu cavan oğlanın tələsik düşdüyünü gördüm. Deyəsən, heç hələ mənzil başına çatmamışdı, ancaq xəcalətindən avtobusdan tez düşərək ağlaya-ağlaya “hadisə yerindən” uzaqlaşmaq qərarı vermişdi.

Bu müdhiş mənzərə “hadisə”nin şahidi olmuş digər sərnişinləri də çox kövrəltmişdi. Onlar yolboyu oğlanın hərəkətini müzakirə etməyə başladılar. Ona haqq qazandıran olmadı. Dedilər ki, belə “hərəkət” etməkdənsə, gedib işləsə yaxşıdır. Amma adını da bilmədiyim həmin oğlan yorğun görsənirdi. Görkəmindən
avaraçılıqdan və ya oğurluqdan deyil, elə işdən gələnə oxşayırdı…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO