Cəmiyyətdə artan təhlükə: Mizantroplar

Rüfət Əhmədzadə – Trend:

Sosial şəbəkələrin geniş yayılması gənclərin sosiallaşmasından çox asosiallaşmasına xidmət etdi. Bəzən sosial şəbəkələrdə fəal olan gənclər ictimai məsələlərə münasibət bildirməklə, statuslar altında gedən müzakirələrə qatılmaqla aktiv sosial həyat sürdüklərini düşünür, əslində isə yanılırlar.

Gənclərin ətrafa laqeyd yanaşmasında, ünsiyyət böhranı yaşamasında yalnız mobil texnologiyaların günahı yoxdur. Bəzən cəmiyyətin və fərdin ailəsinin hansısa münasibəti, fikirlərin toqquşması daha çox asosiallığa səbəb yaradır.

Bəzən gənclər arasında Cek Londonun qəhrəmanı Martin İden qədər iddialı individlər də çıxır. Burada da individualizmin əndazəsini aşması, gənclərin özünü sübut etməyə olan aclığı onları mizantropa çevirir.

Mizantropiya – hərfi tərcümədə insanlardan qorxu anlamına gəlir, amma daha çox özünü nifrət formasında göstərir. Mizantroplar heç də həmişə asosial olmur, yəni adam içində sıxılıb-eləmir, özünü çox da kənarda saxlamırlar. Əksinə, həmişə diqqət mərkəzində olmağa çalışan mizantropları çox görə bilərsiniz.

Ədəbiyyatda, incəsənətdə, siyasətdə, mətbuatda… Bir sözlə hər sahədə görünən eyni simalar da az deyil. Baxanda çaşıb qalırsan: bunun konkret ixtisası nədir?

Mizantropların sosiallaşmasını “xərçəng”in inkişafına, rişələnməsinə bənzətmək olar.

Əvvəlcə individual keyfiyyətlərini artırmaq və cəmiyyətdə fərqli görünmək istəyən adamlar bunu bacarmadıqda öz eqolarına “tənqidçi” ampluası ilə təsəlli verməyə çalışarlar. Heç bir islahata, heç bir müsbət tendensiyaya inanmaz, heç kimi səmimi saymazlar.

Yaşlı qələm sahibləri bayağıdır, gənclərin isə onları oxuyanlar istisna olmaqla böyük qismi geridəqalmışdır – mizantropların aləmində.

Mizantropu dəstəkləməyənlər “qədirbilməz”lərdir.

Mizantropla bir masada oturub pivə içə-içə millətçiləri, vətənpərvərləri, inanclıları, mühafizəkarları söyməyənlər “qaragüruh” və ya “vətənşüvən” adlana bilər.

Bunlar hər şeyə, hər kəsə lağ edə bilər, bütün milli və mənəvi dəyərlərə həqarət yağdıra bilər, amma kimsə etiraz etsə, “insan hüquqları pozular”.

Mizantrop hər şeyi inkar edən, özü heç nə təklif edə bilməyən, ortaya səmərəli bir nümunə qoya bilməyən varlıqdır.

Onun mahiyyəti daha çox iş başında açılır. Mizantropa hətta ən kiçik vəzifə versək, o, başqalarının qanını içməyə, sıxışdırmağa, aşağılamağa belə gedər. Onun hara qədər yüksəlməsindən asılı olmayaraq, insanlara daim bu fikirlə baxar: “Axı mən niyə belə ola bilmədim?”

Mizantrop istedadların, yeniliklərin, fərqliliklərin düşmənidir – yenilik və fərqlilik iddiasında olmasına baxmayaraq.

Onları necə sağaltmaq lazımdır? Çətin məsələdir. Amma insanın ən yaxşı həkimi elə özüdür. Aynaya baxmaq lazımdır. Cəmiyyətdə ciddi sima kimi tanınmağın başqa yolları da var. Bu yolu getmək elə də çətin deyil: eləcə düz getmək lazımdır, vəssəlam!

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO