Bəzi televiziyalar vətənpərvər çağırışları imici zədəli şou əhlinin ixtiyarına buraxıb

Həmişə görmüşük ki, ləyaqətli, cəmiyyətdə nüfuz sahibi olan insanlar xalqın, millətin adından danışıb, müxtəlif çağırışlar edib. Bu səlahiyyəti onlara xalqımız özü verib. Xalqımızın böyük ziyalıları-Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Aydın Məmmədov, Anar, Əzizə Cəfərzadə və başqaları bu missiyanı yerinə yetirib.

Təəssüf ki, bu gün televiziya-radio kanalları ziyalıların deyil, öz davranış, hərəkət və əxlaqsızlığı ilə ad çıxaran bir qrup şou müğənnisinin ixtiyarındadır. Dünən bu xalqı qəhrəmanlığa, vətəni sevməyə, düşmənlə mübarizəyə, torpaq təəssübü çəkməyə ziyalılar, ictimai xadimlər çağırırdısa, indi bəzi əxlaqsız şou əhli çağırır.

“Namusum, qeyrətimsən vətənim”, “Vətən anadır, səni anan çağırır” deyə səslənən şou müğənnilərinin nə tərbiyəsi, nə cəmiyyətdəki mövqeyi onlara bu ali sözü demək səlahiyyəti verir. Amma nə yazıq ki, indi qeyrətdən xəbəri olmayanlar, tərbiyəsizlikdə, ailə dağıtmaqda, əyyaşlıqda, narkomanlıqda, fahişəlikdə ad çıxaranlar xalqa vətəni sevməklə bağlı çağırışlar edir. İctimai və sosial əhəmiyyət daşıyan layihələrin həyata keçirilməsində televiziyalar şou müğənnilərindən istifadə edir. Əxlaqi dəyərlərdən xəbəri olmayan, iş-gücü soyunmaq olan, qeyri-ənənəvi orientasiya daşıyıcısı sayılan bəzi şou müğənnilərinin vətənpərvərliklə bağlı layihələrə cəlb edilməsi isə ilk növbədə Vətənin özünə təhqirdir. Hətta deyilənə görə, bu cür tədbirlərdə iştirak elədiyi üçün əxlaqı bəlli olan bəzi sənətçilərə Azərbaycan ordusunun əsgər və zabit heyəti xəbərdarlıq da edib. Onlar namus, qeyrət, Vətən, ana adına layiq olmayan bir sıra şou müğənnilərinə “sənin kim olduğun bizə məlumdur, belə müqəddəs şeylərdən danışmağa haqqın çatmır” deyə ismarıc da göndərib. Bir məlumata görə isə, “namusumsan, qeyrətimsən Vətənim” deyən müğənni əsgərlər tərəfindən döyülməklə hədələnib.

Ziyalılar da bəzi şou müğənnilərinin camaatı, gəncləri vətənpərvərliyə, torpaqsevərliyə çağırmasına yaxşı baxmır. Onlar hesab edir ki, şou müğənnilərinin bu çağırışları özlərini reklama hesablanıb. Ziyalıların dediyinə görə, vətən adından danışan adamın nə qeyrətində, nə ailəsində, nə namusunda, nə milli və dini kimliyində, başlıcası isə əxlaqında heç bir nöqsan olmamalıdır. Amma hazırda bizdə bu missiyanı yerinə yetirməyə iddialı olanların əksəriyyətinin bu sahədə ciddi problemi var…

Televiziyalarda çalışan həmkarlarımız deyir ki, bu cür çağırışları səsləndirmək şou müğənnilərinə təsadüfən tapşırılmır. Onun sözlərinə görə, telekanallarda belə bir təsəvvür formalaşıb ki, şou müğənnilərinin bu işə cəlb edilməsi kanalın reytinqini yüksəldə bilər. Həmkarımızın dediyinə görə, televiziya rəhbərliyi şou əhlinə bu şəraiti yaratmasa, onlar heç zaman bu cür çağırışlara qoşulmaz.

Amma fikrimizcə, bütün hallarda, əxlaqsız, tərbiyəsiz, öz hərəkətlərilə həm özünü, həm də xalqımızı aşağılayan şou əhlinin nə vətəndən, nə torpaqdan, nə də anadan danışmağa ixtiyarı var.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO