BMT-də Beynəlxalq Avrasiya Mətbuat Fonduna yüksək status verilib

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT bölməsinin ən yüksək statuslu üzvü olub.

BAMF-ın informasiya Departamentindən SalamNews-a verilən məlumata görə, bu barədə BMT-nin Nyu-Yorkdakı Baş ofisində keçirilən QHT Komitəsinin toplantısına qatılan BAMF sədri Umud Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, toplantıdakı sessiyalar qeyri-hökumət təşkilatlarının ECOSOC-da məşvərətçi statusla qeydiyyatı, QHT-lərin təxirə salınmış müraciətlərinə yenidən baxılması, dörd illik hesabatların təsdiq olunması, ən yüksək statuslu QHT-lərin müraciətlərinin müzakirəsi və sair məsələləri əhatə edib. U.Rəhimoğlu ilə yanaşı tədbirdə BAMF-ın departament rəhbəri Ramil Əziz də yaxından iştirak edib.

Məlumata görə, bu gün dünya üzrə 3400 təşkilat ECOSOC-un məşvərətçi statuslu üzvüdür. Bunlardan 147 təşkilat ən yüksək məşvərətçi statusla, 2778 təşkilat xüsusi məşvərətçi statusla, 986 təşkilat isə ilkin statuslu üzvlərdir.

Umud Rəhimoğlu deyib ki, BAMF 2007-ci ildən ECOSOC-un xüsusi məşvərətçi statuslu üzvüdür. ECOSOC QHT bölməsinə üzv olduqdan sonra BAMF fəaliyyətini daha da genişləndirib, iqtisadi-sosial inkişaf məsələlərinə, davamlı inkişafa, Minilliyin İnkişaf Hədəflərinə nail olunmasına dəstək olub. BAMF-ın sədrinin sözlərinə görə, ən yüksək status BAMF-a dünyanın hər hansı bir regionunda və eləcə də şərqi Avropa və Asiya regionunda BMT agentliklərinin prioritet hesab etdikləri sahələrin, davamlı inkişaf məsələlərinin təbliğ və inkişaf etdirilməsi üçün imkanlar yaradacağını və bunun Azərbaycan üçün də çox faydalı olacağını bildirib: “BAMF, ECOSOC-un əsas prioritetlərini Azərbaycanla yanaşı post sovet məkanında da davam etdirməklə davamlı inkişaf istiqamətində platformanın inkişaf etdirilməsi niyyətindədir. Ən yüksək status Azərbaycanla, eləcə də ölkəmizin maraq dairəsində olan məsələlərlə bağlı BMT-də müzakirələr zamanı vətəndaş cəmiyyəti təşkilatı olaraq həmin məsələlərə münasibət bildirmək, müvafiq səviyyədə işlər aparmaq, dövlətimizin maraqlarının beynəlxalq arenada güclənməsinə dəstək olmaq üçün geniş imkanlar açır”.

Ümumiyyətlə, dünyada 148 təşkilatın olduğu bu siyahıda Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyası, Beynəlxalq Rotari, BMT assosiasiyaları üzrə dünya federasiyası, BMT-yə dəstək Fondu, Dünya Müsəlmanları Liqası, Beynəlxalq Dünya Baxış, Uşaqların Xilası Beynəlxalq Təşkilatı, OXFAM, Beynəlxalq Ticarət Palatası, Sosialist İnternasionalı, Dünya Veteranları Federasiyası, Əhali və İnkişaf naminə Parlamentarilərin Asiya Forumu və digər nüfuzlu təşkilatlar yer alıb. Xatırladaq ki, Ermənistanın QHT-ləri dəfələrlə ECOSOC-un QHT bölməsinin hələ məşvərətçi statusu alması üçün çalışsalar da, buna nail ola bilməyiblər.

– See more at: http://salamnews.org/az/news/read/112414#sthash.GQYWIBLu.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO