Bizim sualı APA-nın baş direktoru Vüsalə Mahirqızı cavablandırır:

-Vüsalə xanım, bu yaxınlarda Sizin Avropa Şurasına səfəriniz baş tutub və orada APA-nın ofisi açılıb. Bu barədə təəssüratlarınız necədi?

– Təəssüratlarım olduqca müsbətdir. APA-nın orada ofisinin açılması, APA-ya büro verilməsi məsələsi uzun müddət müzakirə olunurdu və Avropa Şurasında büro almaq istəyən agentliklərin də sayı çox idi. İndiyə qədər orada 13 media qurumuna ofis verilib. Onun biri də APA-dır. Belə hesab edirəm ki, bu çox böyük uğurdur. Səfər zamanı görüşdüyüm insanlar qeyd edirdilər ki, Azərbaycan agentliyinin burada ofisinin açılması Avropa Şurası üçün Azərbaycanın prioritet ölkə olmasının göstəricisidir. Orada Türkiyənin NTV telekanalı, İtaliyanın ANSA agentliyi, Almaniyanın DPA agentliyi, Fransanın “Reuters”, “France Presse” və digər media qurumlarının ofisləri mövcuddur. Onlardan da biri bizim ofisimizdir və bu bizə həm Avropa Şurasının video ve foto-materiallarından, həm Avropa Şurasının binaları daxilində Avropa Şurasının video-servisindən pulsuz istifadə etmək imkanı verəcək. Eyni zamanda bizim orda akkreditə olunmuş müxbirimiz artıq rəsmi olaraq Şuranın, Avroparlamentin, Avropa Məhkəməsinin bütün strukturlarına daxil olmaq, mətbuat konfranslarına qatılmaq və s. kimi hüquqları qazanır.

Mən oraya Avropa Şurasının İnformasiya və Kommunikasiya Direktoriyası tərəfindən dəvət olunmuşdum. Orada Avropa Şurasının bütün qurumlarının mətbuat rəhbərləri ilə görüşdüm. Eyni zamanda direktoriya rəhbərinin müavini Alan Dreyklə görüşlərimiz oldu. Azərbaycanın Avropa Şurası yanındakı Daimi Nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədovla da görüşümüz oldu. Ümumi görüşlərimizdə APA-dan başqa müzakirə edilən məsələ, təbii ki, Azərbaycanda media azadlığı məsələsi idi. Eyni zamanda Azərbaycanda jurnalistlərin həbsi məsələsinə də toxunuldu. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə, onun yeni yaranması ilə bağlı onların məlumatı var idi və məndən əlavə məlumat istəyirdilər. Təbii ki, mən də o məlumatları verdim.

Xüsusilə bizim görüşlərimizdə internet-media problemləri xüsusi diqqəti cəlb elədi. Onlar da qeyd etdilər ki, hazırda Azərbaycanda ən təsiredici vasitə – həm xaricə çıxış baxımından, həm də ümumiyyətlə, ölkənin belə deyək, xəbər oxumaq istəyən hissəsinin ən çox istinad etdiyi media internet-mediadır. Ən çox müzakirə edilən məsələlərdən biri də Azərbaycan mediasının iqtisadi durumu və APA ilə Avropa Şurası arasında gələcək əməkdaşlıq idi.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO