“Bizim qəzet” layihəsi – 20 yaşlı “Rabitə dünyası”

Ölkəmizdə müxtəlif dövlət orqanlarının öz sahə qəzetləri nəşr edilir. Onlar əsasən abunə yolu ilə, bəzən də satış yolu ilə oxuculara təqdim edilir. Modern.az “Bizim qəzet” layihəsi çərçivəsində həmin sahə qəzetləri barədə ətraflı məlumat verir.

Bu dəfə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Rabitə dünyası” qəzeti haqqında məlumat veririk.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Rabitə dünyası” qəzeti 1992-ci ildən nəşr edilir. 2012-ci ilin dekabrın 20-də isə qəzetin 20 illiyi qeyd olunub. İlk vaxtlar 500 nüsxə çap olunan qəzetin zaman keçdikcə tirajının da sayı çoxalıb, 1000, 3000 olub. Hazırda isə qəzetin tirajı 5000-dir.

Qəzetin baş redaktoru isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovdur.
M.Əmirov deyir ki, qəzetin ilk nömrəsi 4 səhifə həcmində nəşr olunub.

“Hazırda isə “Rabitə dünyası” qəzeti 2 dildə nəşr olunur: Azərbaycan və ingilis dillərində. Azərbaycan dilində qəzet 36 səhifə həcmində, ingilis dilində isə 24 səhifə həcmində nəşr edilir. Bunlar ayrı-ayrı qəzetlərdir və hər birində olan informasiyalar tamamilə fərqlidir. Qəzetdə əsasən informasiya-kommunikasiya texnologiyaları sahəsində həm ölkə, həm beynəlxalq aləmdə olan ən son yeniliklər, inkişaf etmiş ölkələrin təcrübəsi, regionda vəziyyət, ümumiyyətlə İKT-yə aid bütün məsələlər öz əksini tapır”.

M.Əmirov bildirib ki, qəzetin ingilis dilində olan buraxılışı xarici şirkətlərə, ölkəmizdə olan səfirliklərə, eyni zamanda xaricdəki səfirliklərimizə göndərilir.
“Qəzetin Azərbaycan dilində olan buraxılışı həm abunə, həm də satış yolu ilə insanlara çatdırılır. “Rabitə dünyası” qəzetinin satışı 40 qəpikdir. Bakı ilə yanaşı, “Rabitə dünyası” qəzeti bütün ölkəyə paylanılır”.

Baş redaktor qeyd edib ki, qəzetin işçiləri texniki və yaradıcı heyətlə birlikdə 11 nəfərdir. “Bunun 6 nəfəri yaradıcı heyətdir. İşçilərə verilən əməkhaqqıya gəlincə isə bu, nazirlik səviyyəsindədir. Eyni zamanda qəzetə kənar müəlliflər də yazılar yazır. Bunlar əsasən Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun və bu sahə ilə əlaqəli olan işçiləridir”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO