“Biz Türkiyədə jurnalistlərin həbsini pisləyirik ” – Azərbaycanın media rəhbərləri

Türkiyədə jurnalistlərin kütləvi həbs olunması dünya media təşkilatlarının narazılığına səbəb olub. Ərdoğan hakimiyyətinə kəskin etirazlar səsləndirənlər də var. Elə Azərbaycan mediasının nümayəndələri də bu hadisəni müsbət hal kimi qarşılamır və Türkiyə hakimiyyətinin bu addımının qardaş ölkənin imicinə zərbə vuracağı qənaətindədirlər.
Modern.az bu məsələ ilə bağlı Azərbaycan jurnalistlərinin fikirlərini oxucularına çatdırır.

Jurnalist Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirdi ki, Türkiyədə baş verən prosesləri diqqətlə izləyir. Onun sözlərinə görə, bunun əsas səbəbi Türkiyənin dost və qardaş ölkə olmasıdır. İkinci səbəb isə Jurnaılistlərin Həmkarlar İttifaqının Türkiyənin Qəzetçilər Fedarasiyasının üzv təkilatlarından biri olmasıdır.
“Biz gündəlik, ardıcıl məlumatlar alırıq və bu prosesləri dərindən izləyirik. Jurnalist həmrəyliyi kimi təəssüf hissi keciririk ki, Türkiyədə bu proseslər baş verir”.
M.Ələsgərlinin sözlərinə görə, məsələnin mahiyyətini araşdırdıqda Türkiyədə baş verənlərin bir qədər ziddiyətli məqamlarla müşayiət olunduğu görünür. “Məsələyə bir konteksdən yanaşırlar ki, jurnalist həbs oluna bilməz. Bu cür problemlər bəzən Azərbaycanda da baş verir. Hesab edirəm ki, bu yanaşma düzgün deyil. Çünki, jurnalist də bütün ölkə insanları kimi vətəndaşdır və onların ayrı-ayrı fəaliyyətinə görə qiymət verilə bilər. Azərbaycanda da çox vaxt olur ki, jurnalist hər hansı hərəkətinə görə, törətdiyi cinayət əməlinə görə, həbs olunur. Sonra isə onun jurnalist olması qabardılır və qeyd olunur ki, jurnalist həbs olunub. Əgər, ölkə qanunları pozulubsa, kimliyindən asılı olmayaraq hamı qanun qarşısında cavab verməlidir.
Təəssüf hissi ilə demək lazımdır ki, Azərbaycan olduğu kimi, Türkiyədə də jurnalistika kifayət qədər siyasiləşib. Və jurnalistlərin tərkibində siyasi partiya təmsilciləri var. Partiya təmsilcisi olmaq başqa bir məsələdir, məsələ ondadır ki, bu partiya təmsilciliyi və siyasi yönüm onların yazdıqları yazılarda, əhaliyə çatdırdıqları informasiyalarda özünü biruzə verir və bu yolverilməzdir”.
M.Ələsgərli bildirdi ki, problem Türkiyədə jurnalistikanın kifayət qədər siyasiləşməsindədir. Onun sözlərinə görə, Türkiyədə həbs olunan jurnalistlərin əksəriyyətinin cibindən siyasi partiya vəsiqələri cıxır və bu da öz növbəsində məsələlərdə qarışıqlıq yaradır. Müsahibimiz bildirdi ki, Türkiyədə baş verən prosesləri təhlil edikdə görünür ki, onların siyasi mənsubiyyəti, yaxud başqa məsələlərin qabardılması bir bəhanədir, burda tamamilə fərqli proseslər gedir.
“Prosesi izləyən şəxslər bilir ki, orada jurnalistlərin birini milliyətcə erməni olan Qrant Dinkin ölümündə hansısa formada iştirak etdiyi üçün həbs ediblər. Qrant Dink kimi şəxslərin hansı məqsədlə yetişdirildiyi və bu məsələnin nə üçün sensasiyaya çevrildiyi bizim hamımıza bəllidir. Və bunun arxasında xarici güclərin dayanması aşkardır, ortadadır. Təəssüf ki, Türkiyə höküməti bu məsələdə məhz daxili təhlükəsizlik üçün yox, hansısa beynəlxalq güclərin təziqi qarşısında, sifariş əsasında hərəkət edir”. M.Ələsgərlinin sözlərinə görə, həbslər bir vətəndaş və türk millətinin təmsilcisi olaraq onda ciddi şəkildə təəssüf hissi doğurur. “Türkiyə hökümətinin jurnalistkaya qarşı addığı addımlar, bir neçə jurnalistin həbs olunması onu göstərir ki, bu ölkədə jurnalistlərə qarşı düşünülmüş siyasi kampaniya keçirilir. Biz bunu pisləyirik”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirdi ki, dünyanın hansı ölkəsində olmasından asılı olmayaraq jurnalistlərin həbsi pis hadisədir.
“Mən özüm də vaxtilə həbsdə olan jurnalist kimi belə hadisələri gördükdə çox üzülürəm. Türkiyədə həbs olunan jurnalistlər arasında mənim şəxsən tanıdığım və dostluq etdiyim insanlar da var. Biz öz növbəmizdə onlara əlimizdən gələn yardımı etməyə çalışırıq.
Türkiyə iqtidarından xahişimiz odur ki, həbs olunan jurnalistlər tezliklə azadlığa buraxılsın. Türkiyədə ümumilikdə 27 jurnalist həbsdədir. Bu olduqca böyük göstəricidir. Jurnalistlərin həbsi bütün dünyada belə bir fikir formalaşdırır ki, Türkiyə medaya təziq göstərir. Bunu Türkiyəni sevdiyimiz üçün deyirik”.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirdi ki, Türkiyədə jurnalistlərin həbs olunması məsələsi uzun illərdir var. Son zamanlar bu məsələ yenidən gündəmə gəlib. Bu hadisələri narahatcılıq və təəssüflə qarşıladıqlarını bildirən A.Əliyev Türkiyədə peşə fəaliyyətində, siyasi mübarizələrdə jurnalistlərin qələmini sındırmaq cəhdlərinin olduğunu söylədi.

Jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdizadənin sözlərinə görə, dünyanın hansı ölkəsində olmasından asılı olmayaraq, jurnalistin həbsini çox mənfi qiymətləndirir. Müsahibimiz bildirdi ki, xüsusilə Türkiyədə, son zamanlar jurnalistlərin həbs olunmasının xarakterik hal alması onun təəccübünə səbəb olub.
“Türkiyəni biz demokratik ölkə kimi tanıyırıq və bizə hər zaman Türkiyədən nümunə götürməyi məsləhət görürlər. Bu gün beynəlxalq ekspertlər, şərhçilər hesab edir ki, Azərbaycan üçün ən uyğun model Türkiyə modelidir”.
S.Verdizadənin sözlərinə görə, Türkiyədə baş verən son hadisələr bu ölkədə demokratiya sahəsində müəyyən problemlərin olduğununun göstəricisidir. O, bildirdi ki, “Ergenekon” qalmaqalı başlayandan sonra, bu ölkədə jurnalistlər hədəfə çevrildi. “Son bir necə gündə jurnalistlərin həbsi daha da sürətləndi. Türkiyənin baş nazirinin dolayı yola da olsa, bu hadisələrə haqq qazandırması təəssüfləndirici haldır. Avropa Birliyinin astanasında olan ölkədə jurnalistlərin həbs olunması yaxşı hec nə vəd etmir. Türkiyə Avropa Bilrliyinə üzv olmaq istəyirsə, mütləq söz və mətbuat sahəsində olan mövcud problemləri aradan qaldırmalıdır”.
Müsahibimiz eyni zamanda qeyd etdi ki, onun bu məsələdə yeganə təsəlli mənbəyi Türkiyədə məhkəmələrin müstəqil olmasıdır. S.Verdizadə heç bir günahı olmadığı halda həbs olunan jurnalistlərin məhkəmədə bəraət qazanacağına ümid etdiyini bildirdi . Onun sözlərinə görə, bu Türkiyənin imici baxımdan olduqca vacibdir.

Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı bildirdi ki, Türkiyədə jurnalistlərin həbs olunması, jurnalist olaraq onu da narahat edir. Onun sözlərinə görə, bu məsələ ilə bağlı Parlament Jurnalistləri Birliyi Türkiyə Qəzetçilər Fedarasiyası və Türkiyədə fəaliyyət göstərən digər jurnalist təşkilatları ilə əlaqə saxlayaraq onlarla həmrəy olduğunu bildirib. E.Eyvazlının fikrincə, jurnalistlər istənilən halda həbs olnunmamalıdırlar.
“Əgər jurnalist yaşadığı ölkənin qanunlarına riayət etmirsə, həmin ölkənin müəyyən qurumları tərəfindən qanunun aliliyinə dəvət olunmalıdır. Ancaq görünən odur ki, Ərdoğan hakimiyyəti hadisələrlə bağlı sanki həbs kampaniyasına start verib. Məsələ ondan ibarətdir ki, onlar “Ergenekon” hadisələrində günahkar bilinirlər. Mən başa düşmürəm jurnalist neyləyə bilər? Jurnalist siyasətci deyil, polis deyil. Jurnalistlər qələmi ilə iş görür”.
E.Eyvazlının sözlərinə görə, Türkiyə höküməti jurnalistlərin həbsinə səbəb kimi, onların “Ergenekon” məsələsi ilə bağlı müəyyən əlaqələrinin olduğunu göstəriblər. Müsahibimiz bu məsələ ilə bağlı bildirdi ki, istər zəif, istərsə də güçlü jurnalistdə gizli məlumat ola bilər.
“Hesab edirəm ki, bu məsələ müsəlman dünyasında demokratiyanın ən qabaqcıl ölkəsi hesab etdiyimiz Türkiyəyə ziyan gətirəcək. Bu baxımdan biz hesab edirik ki, Ərdoğan hakimiyyəti həbs etdiyi jurnalistləri tezliklə azad etməlidir”-deyə E.Eyvazlı söylədi.

“İstər “Milliyyət” qəzetinin, istər “OdaTV” internet qəzetinin əməkdaşlarının həbsi ilə bağlı prosesləri izləyirik. Bizim üçün maraqlıdır ki, onlar iddia olunan məsələlərdə nə qədər günahkardırlar”. Bu sözləri isə APA-ya Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkiyədə bir qrup jurnalistin həbs olunmasına münasibət bildirərkən deyib. Ə.Amaşov bildirib ki, ümumiyyətlə heç bir jurnalistə yazısına və siyasi əqidəsinə görə münasibət göstərilməməlidir:
“Jurnalistin işi yalnız baş verən olaylarla bağlı cəmiyyəti məlumatlandırmaqdır. Əks halda, yəni jurnalist özü o proseslərdə iştirak edirsə, onda müəyyən müəmmalar yaranır”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO