“Bildin nə deyirəm?”

Şirməmməd müəllimin dərsinə azca gecikmişdim. 20 ildən sonra. ANS-də Mir Şahinlə müsahibəsini deyirəm. Bilirəm inciyən deyil. O vaxt dərslərinə qaranəfəs də olsa özümü çatdırardım. Amma gəlməyənlərdən də inciməzdi. Deyərdi ki, mənə bu yeddi nəfər bəsdir, qalanları dərsimə girə də bilər, girməyə də, zaçota, imtahana görə də heç kim narahat olmasın, heç kimi kəsməyəcəm.

Yəqin indi də məndən inciməz. Heç qiymətimi də kəsməz…

Mir Şahinin Azərbaycan jurnalistlərinin ustadı, professor Şirməmməd Hüseynovla “Milli metr” qədər yaxın söhbəti bütün ictimaiyyət üçün əvəzsiz dərs sayıla bilərdi. Həmin gecənin ən yaddaqalan, ən gərəkli kəlmələrinin nöqtəsini bu veriliş qoymuş oldu. Danışan Şirməmməd müəllim idi. Tamaşaçı isə tamaşaçılıqdan uzaqlaşmışdı. Tamaşaçı imtahan verirdi. Elə aparıcı da…

Hər qrupda yeddi nəfər. Bəlkə də bizdə bir az çox imiş. İllər keçdi. Bizim qrupdan meydanda yeddi nəfər qaldı. Elə ustadın nəzərdə tutduqları. Mir Şahingilin, Hikmət Sabiroğlugilin, Tamxil Ziyəddinoğlugilin, Vahid Qazigilin qrupunda neçə nəfəri və kimləri seçdiyini dəqiq bilmirəm. Amma onların da sayı yeddidən çox olmaz. Meydanda qalanlarını deyirəm. Nə isə…

Biz o vaxt Şirməmməd müəllimin jurnalistika sahəsindəki təcrübələrini eşitmək üçün onun mühazirələrini səbirsizliklə gözləyərdik. Müasir dünya ölkələrinin, xalqlarının aparıcı silahına çevrilmiş tərəfsiz jurnalistika barədə ilk anlayışları Şirməmməd müəllimdən öyrənmişik.

…20 il sonrakı “Milli metr” söhbətləri. İndi Şirməmməd müəllim bütün xalqın müəlliminə çevrilib. Milli məfkurənin formalaşması, milli dövlətçilik elementlərinin yaranması üçün dünənimizi, qürurverici Azərbaycan Xalq Cümhuriyyəti dönəmini “yeddi”nin sərhədlərini çoxdan adlayıb milyonlara çevrilmiş tələbələrinə öyrətməklə məşğuldur. 85 yaşlı tədqiqatçı əməyinə əvəz gözləmədən, qızıldan qiymətli vaxtına heyfsilənmədən, səhhətinin ağırlaşa biləcəyinə məhəl qoymadan, bizdən – tələbələrindən bu yazıları gözləmədən, istəmədən Məmməd Əmin Rəsulzadə və onun silahdaşlarının irsini araşdırmaqdan zövq alır.

Dövlətçiliyin təfəkkürlərdə özünə yer alması sualına son vaxtlar cavab axtaranlarla rastlaşıram tez-tez. Əyani sübutdur Şirməmməd müəllim. Mir Şahinin israrla “milli dövlətçiliyin gəncliyin şüurlarında yer eləməsi” barədə sualına “80 faiz yox” cavabını verən tədqiqatçı-professorun qənaətini “bu, 28 May Respublika Günü Novruz bayramı səviyyəsində qeyd ediləcəyi zaman baş verəcək” şəklində izahı isə yəqin ki, hamımıza dərs olmalıdır. İbrət dərsi. Özü də bunu müəllim söyləyəndə. Hamının müəllimi.

Veriliş boyu məni 20 il əvvəlki tələbəlik çağlarıma qaytaran bir çox məqamlar oldu. Onların içərisində professorun daim fikrinin təsdiqi şəklində təkrarladığı “Bildin nə deyirəm?” ifadəsi isə, güman edirəm ki, onun bütün tələbələrinin xatirələrini oyatdı:

– Bildik, ustad, bildik… Tanrı Sizi bu xalqa çox görməsin. Amin!

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO