Beynəlxalq Könüllülər Gününə həsr olunmuş tədbir keçirilir

Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və BMT-nin İnkişaf Proqramının təşkilatçılığı, o cümlədən BMT-nin Könüllülər Proqramı, ADA Universiteti və “Coca-Cola” şirkətinin birgə tərəfdaşlığı ilə Beynəlxalq Könüllülük Gününə həsr olunmuş tədbir keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət qurumlarının, diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri, şirkət rəhbərləri iştirak ediblər.

Forumda çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə ali təhsil müəssisəsində gənclərə könüllük ideyasının aşılandığını bildirib. O, qeyd edib ki, universitetin könüllüləri il ərzində 40-a yaxın layihələrdə iştirak ediblər. Prorektor könüllülük prinsipinin inkişaf etdirilməsi üçün bütün təşkilatların və qurumların əməkdaşlığının vacibliyini vurğulayıb. F.İsmayılzadə könüllük hərəkatının daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib, dəstək olan qurumlara təşəkkür edib.

Sonra “ASAN xidmət”in könüllülərlə bağlı videoçarxı nümayiş olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev könüllülük hərəkatını insani dəyərlər aşılayan, vətəndaşlara kömək məqsədi daşıyan nəcib fəaliyyət adlandırıb.

Ü.Mehdiyev, həmçinin deyib: “Ölkəmizdə gənclərə xüsusi diqqət yetirilir, onlara dəstək məqsədilə müxtəlif tədbirlər görülür. “ASAN xidmət” gəncləri də onlara göstərilən qayğıdan yararlanırlar. “ASAN xidmət”də hazırda 17 mindən çox könüllü var. Onlar bu günədək 500-dən çox tədbir həyata keçirib, müxtəlif mövzularda layihələr icra edib, maarifləndirmə işləri aparıblar”.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, gənclər və idman nazirinin müavini İntiqam Babayev, “Coca-Cola” şirkətinin Qafqaz üzrə baş meneceri Adrian Çernautan könüllülərin fəaliyyətini yüksək qiymətləndirib, onları təbrik ediblər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO