Beynəlxalq Mətbuat Mərkəzində “Erməni zindanında səkkiz gün” kitabının təqdimatı olub

Soyuq fevral gecəsi al qana boyanmış ağappaq qar üstünə yaralı halda yıxılmış gənc bir qız… Ayağa qalxmaq istəyən yoldaşının başı ölümsaçan güllələrinin atəşi nəticəsində parçalanır. Ətraf tanış adamların cəsədləri ilə doludur. Anası üçün ağlayan körpə, övladına can atan analar…

Gözlərini açanda düşmənə əsir düşdüyünü görən gənc qızın əzablı günləri başlayıb. Onun “o dünyanı görüb qayıtdığı”, özünün dediyi kimi, cəhənnəmdə keçirdiyi səkkiz gündə çəkdiyi iztirab və məhrumiyyətlər bəlkə də heç səkkiz kitaba da sığmaz. Amma o başına gələnləri qələmə aldığı bir kitaba sığışdırmağa çalışıb…

AZƏRTAC xəbər verir ki, iyunun 20-də Beynəlxalq Mətbuat Mərkəzində Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin təşkilatçılığı ilə Xocalı sakini Dürdanə Ağayevanın “Erməni zindanında səkkiz gün” kitabının təqdimat mərasimində bu barədə danışılıb.

Tədbirin aparıcısı, Milli Məclisin deputatı Qənirə Paşayeva öz çıxışında deyib: “ Xocalı faciəsi Azərbaycan xalqının ən böyük ağrısıdır. Təəssüf ki, indiyədək bu faciəni törədənlər öz layiqli cəzalarını almayıblar. Kitabın müəllifi həmin ağrı-acını yaşayanlardan biridir, düşmən əsirliyində yaşadığı səkkiz gün haqqında yazdığı kitab rus və türk dillərində çap olunub”. O, kitabın daha böyük tirajla digər dillərdə tərcümə olunmasının zəruriliyini söyləyib.

Milli Məclisin deputatları Aqil Abbas, Flora Qasımova, Adil Əliyev, Sahib Alıyev və Aydın Hüseynov çıxış edərək xalqımızın başına gələn faciələr barədə danışaraq həqiqətin dünyaya çatdırılmasında belə kitabların mühüm rol oynadığını, biganəlik və unutqanlıq bəlasından qurtulmağı, bir xanımın əsirlikdən bəhs edən kitabının simasında bu cür faciələrin digər xalqlar arasında yayılaraq bədnam qonşuların mənfur xislətini və iç üzünü açmaqda əhəmiyyətli rol oynaya biləcəyini diqqətə çatdırıblar. Qeyd olunub ki, əsir düşən gənc qızın həyatı, onun üzləşdiyi məhrumiyyətlər, erməni quldurlarının qaniçən və vəhşi əməlləri bizi unutqan olmamağa, bu qətliamı bizdən sonrakı nəsillərə çatdırmağa çağırır. Həm də bu elə bir işdir ki, onun yükü altına tək-tək adamlar deyil, hamı çiyin verməlidir.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin sədri Tural Gəncəliyev və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxışlarında müasir informasiya müharibəsi dövründə münaqişə dövrünün ən böyük faciəsi olan Xocalı soyqırımı barədə həqiqətlərin təbliğində “Erməni zindanında səkkiz gün” kitabının hadisənin şahidinin dili ilə təsvir edilməsini düşmənin iç üzünü dünyaya göstərmək mənasında tutarlı sübut olduğunu bildiriblər.

Digər çıxış edənlər kitabın ölkəmiz barədə düşmənin təbliğat maşınının yaydığı yanlış informasiyalara layiqli cavab kimi səsləndiyini və gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm rol oynaya biləcəyini söyləyiblər.

Kitabın müəllifi Dürdanə Ağayeva onu qələmə sarılaraq şahidi olduğu hadisələri yazmağa vadar edən səbəbləri xatırlayıb və kitabın digər dillərdə tərcümə edilərək Azərbaycan həqiqətini yaymağa xidmət etməsi üçün ona kömək etməyə hazır olan təşkilat və şəxslərə minnətdarlığını ifadə edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO