“Berliner Press” portalı: Srebrenitsa və Xocalı hadisələri arasında oxşar cəhətlər çoxdur

“Berliner Press” portalında “Xocalı və Srebrenitsa: erməni “karaciçlər” cəzalandırılacaqmı?” sərlövhəli məqalə dərc edilib (bax: https://berlinerpress.home.blog/2019/03/27/chodschaly-und-srebrenica-wird-das-armenische-karadzhich-bestraft/).

AZƏRTAC xəbər verir ki, redaksiya məqaləsində Srebrenitsada törədilmiş soyqırımı ilə erməni hərbçiləri tərəfindən Xocalıda törədilmiş cinayət müqayisə edilir. Məqalədə deyilir ki, Azərbaycan ictimaiyyəti BMT-nin keçmiş Yuqoslaviyaya dair Beynəlxalq Tribunalının bosniyalı serblərin sabiq lideri Radovan Karaciç barəsində verdiktini böyük razılıq hissi ilə qəbul edib. Məqalədə deyilir: “1992-1995-ci illərdə Bosniya və Herseqovina ərazisində etnik təmizləmələr, Srebrenitsada insanların kütləvi şəkildə deportasiyası və soyqırımı sübut olunmuş faktdır və inkar edilə bilməz. Ona görə də Azərbaycanda belə hesab edirlər ki, Karaciçin ömürlük həbs edilməsi barədə hökm layiqli hökmdür”.

Materialda Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) xüsusi müxbiri, siyasi icmalçı Vüqar Seyidovun şərhinə istinad edilir. V.Seyidov Tribunalın bu hökmünü ədalətin təntənəsi adlandırır və eyni zamanda, ümidvar olduğunu bildirib ki, dünya Femidası Azərbaycanın Xocalı şəhərində soyqırımı törətmiş cəlladlar barəsində də layiqli hökm çıxaracaq. Azərbaycanlı ekspert deyib: “Xocalını bəzən “Azərbaycan Srebrenitsası” adlandırırlar. 1992-ci ildə erməni hərbçiləri tərəfindən bu şəhərdə törədilmiş soyqırımı üç ildən sonra Srebrenitsada sanki surətçıxarma kağızı ilə köçürülərək təkrarlanmış analoji cinayət üçün bir növ təlimat olub”.

Portal dünya birliyinin yarı yolda dayanmayacağına ümidvar olduğunu bildirən V.Seyidovun bu sözlərini sitat gətirir: “Biz Xocalı qırğınını məhz soyqırımı kimi tanımış qardaş Bosniya xalqına təşəkkür edirik. Bu gün onlarca erməni “radovan karaciçlər” Yerevanda rahatca gəzişir, Haaqa Tribunalında müttəhimlər kürsüsü onların da yolunu gözləyir”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO