Berlində Azərbaycan dili ilə bağlı tədbir olacaq

21 fevral Beynəlxalq Ana Dili günü münasibətilə Berlində fəaliyyət göstərən Azərbaycan Kültür Ocağı tədbir keçirəcək.

Bu barədə Lent.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Tədbirdə dilçi alim və mütəxəssislər iştirak edəcəklər. Azərbaycan diasporunun fəal üzvlərinin də qatılacağı toplantıda dil problemləri ətrafında müzakirələr və dilin hazırkı inkişafı haqqında söhbətlər aparılacaq. Ankaradan və Amsterdamdan gələn mütəxəssislər Seyfəddin Altaylı və Muxtar Şəms ana dilimizin problemləri barədə fikirlərini bölüşəcəklər. Bu barədə məlumat verən Almaniyadakı azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samira Patzer-İsmayılova bildirib ki, mədəni irsin təməl sütunlarından olan, insanın milli-mədəni mənsubiyyətini və mənəviyyatını müəyyən edən əsasların ən vacibi olan dil amilinin Almaniyada yaşayan azərbaycanlıların və böyüyən gələcək nəslin həyatında böyük əhəmiyyəti var və ana dilimizi qorumaq hər kəsin üzərinə düşən tarixi vəzifədir.

Qeyd edək ki, UNESCO 1999-cu ildə fevralın 21-ni Beynəlxalq Ana dili Günü elan edib. Berlində fəaliyyət göstərən Azərbaycan Kültür Ocağı bu günə böyük əhəmiyyət verərək, son illərdə dilçi alimlərin iştirakıyla müxtəlif tədbirlər təşkil edir.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO