Belçika ermənilərə deyir: Soyqırımı faktını inkar etmək olmaz, amma bu haqda şəxsi rəyləri inkar etmək olar

Belçika parlamenti erməni lobbisinin bəhanələri ilə razılaşmayıb və soyqırımının inkar olunmasına görə cinayət təqibi haqqında qanuna düzəliş edərək “1915-ci il erməni soyqırımı”nı da bu sıraya əlavə etməkdən imtina edib. Beləliklə, bu ölkə Aİ üzvü olan bir sıra başqa dövlətlər sırasına düşüb. Həmin ölkələrdə kriminallaşmaya adları vikipediyada çəkilən bütün soyqırımları, məcburi qüvvəsi olmayan parlament qətnamələri səviyyəsində tanınmış soyqırımları deyil, yalnız barəsində beynəlxalq tribunalın verdikti mövcud olan faktlar aid edilir.

AZƏRTAC xəbər verir ki, beləliklə, soyqırımının HÜQUQİ tanınması ilə DEKLARATİV tanınması arasında qanunvericilik səviyyəsində dəqiq hədd qoyulmuş ölkələr sırasına Belçika da əlavə olundu.

Birinci halda beynəlxalq məhkəmənin soyqırımını təkzibedilməz tarixi fakta çevirən qərarından söhbət gedir. Bu faktın inkar edilməsi əxlaqa zidd olmaqla bərabər, həm də cinayətdir.

İkinci halda isə parlament qətnamələrinə səs vermiş şəxslərin öz rəylərini əks etdirən sənəddən söhbət gedir. Təbii ki, ayrıca bir şəxsin rəyinin açıq bəyan edilməsi, hətta bu şəxsin cibində deputat mandatı olsa belə, bütün tərəflərin iştirakı ilə müfəssəl məhkəmə araşdırması nəticəsində çıxarılan beynəlxalq tribunalın verdiktlərini əsla əvəz etmir. Biz bu sadə həqiqəti ermənilərə heç cür izah edə bilmirik ki, verdikt bir olur, şəxsi rəylər isə çox. Bəziləri hesab edir ki, 1915-ci ildə soyqırımı baş verib, digərləri isə deyir ki, belə şey olmayıb. Bəziləri hesab edir ki, Allah var, başqaları isə onun varlığına inanmır. Şəxsi rəy hüququ Avropa İnsan Haqları Konvensiyasının 10-cu (“söz azadlığı hüququ”) maddəsi ilə qorunur.

Nəzərə alsaq ki, 1915-ci il vətəndaş müharibəsinə münasibətdə soyqırımı termininin tətbiq edilməsi ilə əlaqədar ermənilərin iddiaları barədə tribunalın verdikti yoxdur, onda bu iddialar şəxsi rəy səviyyəsində qalır, bu rəylə razılaşmamağa görə insanı məhz yuxarıda göstərilən Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsinə əsasən cəzalandırmaq olmaz.

Eyni zamanda, bu maddə şəxsi rəy olmayan, məhz fakt olan soyqırımlarına, yəni barəsində beynəlxalq tribunalın verdikti çıxarılmış soyqırımları şamil edilmir. Məhz bu səbəbdən İsveçrə Avropa İnsan Haqları Məhkəməsində (AİHM) Doqu Perinçekin iddiası üzrə işdə uduzdu və ona tətbiq edilməsi nəzərdə tutulan cəriməni ləğv etməyə və onun erməni opponentlərin rəylərini inkar etmək hüququnu tanımağa məcbur oldu.

Belçika parlamentinin qərarı ermənilər üçün çox ağrılıdır, çünki bu qərar onlara çox xoşagəlməz ismarıcdır: “Bəli, bizim bir ovuc deputatımız haçansa soyqırımının tanınması barədə qətnamə qəbul edib, lakin bu soyqırımının həqiqətən baş verməsi demək deyil”. Bu, o deməkdir ki, Fransada, İtaliyada, Slovakiyada, Almaniyada kimlərinsə bu soyqırımını “tanımaları”, illər boyu ermənilərə başa salmaq istədiyimiz kimi bisavadlıq nümunələridir, onların bir quruşluq dəyəri yoxdur, həqiqətdə belə sənədlər soyqırımının bütün ölkə tərəfindən, illah da beynəlxalq Femida tərəfindən tanınmasını deyil, belə deputatların özlərinin şəxsi rəyini əks etdirir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO