BBC kanalının müxbiri Rayhan Demytrinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri barədə əvvəlcədən Azərbaycan tərəfinin məlumatı var idi

“BBC kanalının müxbiri Rayhan Demytrinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri barədə əvvəlcədən Azərbaycan tərəfinin məlumatı var idi. “BBC World News” xidmətinin rəhbərliyi tərəfindən bu səfərlə əlaqədar Azərbaycana məktub ünvanlanmışdı”.

Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev BBC kanalının müxbiri R.Demytrinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsini şərh edərkən deyib.

H.Hacıyev bildirib ki, məktubda beynəlxalq media qurumu kimi BBC-nin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə və Azərbaycan işğal edilmiş ərazilərinə səfərlərə icazə verən qanun və qaydalarına hörmət etdiyi vurğulanıb: “Bu əsnada məktubda BBC-nin müxbiri Rayhan Demytrinin reportaj hazırlamaq üçün Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionuna səfər etməsi üçün icazə istənilib. Verilişdə səsləndirilən bəzi məqamları qəbul etməsək də, jurnalist fəaliyyətinin ölkənin qanunlarına hörmət əsasında peşəkar səviyyədə həyata keçirilməsinə və mətbuatın azadlığına hörmətlə yanaşırıq”.

XİN rəsmisinin sözlərinə görə, təəssüflər olsun ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim reportajın ətraflı şəkildə hazırlanmasına imkan verməyib: “Bir qayda olaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən əcnəbi KİV nümayəndələrinə ciddi nəzarət altında çox məhdud marşrut üzrə hərəkət etməyə və çəkiliş aparmağa imkan verilir. Əgər jurnalistə çəkiliş üçün imkan verilsəydi, o, işğal olunmuş ərazilərdə etnik təmizləməyə məruz qalmış Azərbaycan vətəndaşlarının mülkiyyətinə və Azərbaycan xalqına məxsus tarixi maddi-mədəniyyət və dini abidələrə qarşı törədilmiş vəhşilikləri təqdim edə bilərdi. Habelə, adi insanlarla sərbəst təmasa imkan verilsəydi, BBC jurnalisti Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətin dözülməz həddə acınacaqlı olduğunu görərdi”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO