Baş redaktorlar Mehman Əliyevin təhqirinə CAVAB verdilər

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev “Yeni Müsavat” qəzetinə açıqlamasında jurnalistlərə paylanacaq evlərlə bağlı danışarkən təhqiredici ifadə işlədib. “Bunu dövlətin jurnalistə qayğısı kimi göstərirlər. Əslində isə mətbuatın inkişaf etməsi üçün bütün yollar bağlanır, sonra da gətirib jurnalistin qarşısına sümük atırlar. Mən bunu sümük kimi qəbul edirəm”-deyə qeyd edib. Modern.az bu açıqlama ilə bağlı ilə bir neçə media orqanından münasibət öyrənib.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun cavabı belə olub: “Hər şeydən öncə hər hansı bir ölkədə istənilən peşə sahibinin sosial probleminin yüksək səviyyədə həll olunması cəmiyyət tərəfindən yüksək qiymətləndirilməlidir. Çox təəssüf ki, Azərbaycan reallığında bəzi şəxslər belə məsələlərə qeyri-adekvat münasibət bildirirlər. Bununla da əslində mənsub olduqları camiyəni deyil, özlərini təhqir etmiş olurlar. Hesab edirəm ki, bütövlükdə hər hansı bir prosesə, xüsusən, jurnalistlər tərəfindən bu formada münasibət bildirmək doğru deyil. Bu, ictimai əxlaqa, mənəvi dəyərlərimizə ziddir. Dünyanın heç bir yerində dövlət qayğısına diqqətə görə bu cür uyğun olmayan qeyri-adekvat münasibət göstərilmir”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu şərh verməkdən imtina etdi. “Mənim bu barədə fikrim yoxdur. Məsələyə aidiyyatı olan jurnalistlərlə sorğu aparın”.

“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov ifadənin düzgün işlədilmədiyini bildirib. “Lap başqa formada fikrini ifadə etsəydi və yenə bu mənanı versəydi belə mən bununla razılaşmazdım. Jurnalistlər hamısı Azərbaycan dövlətinin vətəndaşlarıdır. O mənzillər də Azərbaycan dövlət büdcəsindən ayrılan pullar hesabına tikilir. Siyasi yönümündən asılı olmayaraq ehtiyacı olan hər bir jurnalist mənzillə bağlı müraciət etməlidir”.

Modern.az saytının baş redaktoru Elşad Eyvazlı Mehman Əliyevin jurnalist həmkarlarına bu cür ifadənin işlədilməsinin yolverilməz olduğunu vurğulayıb.

“İstənilən halda o mənzilləri jurnalistlər alacaq. O, itin qabağına sümük məsələsini misal çəkirsə, bu həmkarlarını təhqir etməkdir. Digər tərəfdən isə bu ifadə Mehman Əliyevin özünə də gedib çatır. Artıq jurnalistlər üçün mənzil tikilib. Biz çalışmalıyıq ki, bu məsələyə obyektiv baxış olsun. Əgər Mehman Əliyev məsələnin gerçək həllini istəyirsə bu şəkildə yanaşmamalıdır. Biz o vaxt bu məsələni qaldırarkən Elmar Hüseynov qətlə yetirilmişdi. Həmin zaman da Mehman Əliyev bunu Elmar Hüseynovun qətlinin üstünü ört-basdır etmək kimi dəyərləndirmişdi. Buna görə bizi sifariş almaqda təqsirləndirirdi. Amma getdik onunla görüşdük, fikirlərində yanlışlıq olduğunu dedi.

Mənim yadımdadır, bundan öncə “Baş Redaktorlar Korpusu” var idi. Onlar həmişə ən bahalı CİP-lərdə gəzməyə üstünlük verirdilər. Əməkdaşlarının isə avtobuslara 20 qəpik tapıb marşrut pulu verə bilməməsi bunları maraqlandırmırdı. Mehman Əliyevin açıqlamasında bu elementləri görürəm. Mən də istəyirəm ki, jurnalistlər üçün elə bir şərait yaradılsın ki, onların bu mənzillərə ehtiyacı olmasın. Ancaq gerçək budur ki, jurnalistlərimizin bu evlərə ehtiyacı var. Mehman Əliyevin nəslindən olan jurnalistlərin ev məsələsində problemləri yoxdur. O, özü də yaxşı bilir ki, onun yaşıdı olan jurnalistlər sovet mətbuatında çalışıb. Onların evlə təmin olunması məsələsində isə heç bir problem yox idi. Bəs onlardan sonra gələnlər nə etməlidir? İndi jurnalistlərimizin şəraitinin ağır olması fikirləri söylənilir. Təbii ki, bununla mən də razıyam. 2003-cü ildə “Jurnalist” Mənzil-Tikinti Kooperativi yaradılarkən bizim 60 evsiz jurnalist üzvümüz var idi. Araşdırmalar aparmışıq və bu şəxslərdən 40 nəfərdən artığı özünü mənzillə təmin edib. Birinə qardaşı, digərinə qohumları kömək edib. Əsas odur ki, irəliləyiş var. Mən jurnalist həmkarlarımızı bu məsələdə dözümlü, ədalətli olmağa və məsələyə obyektiv baxış nümayiş etdirməyə çağırıram. Mehman Əliyevin dedikləri isə məsələni qəlizləşdirməyə xidmət edir. Əminəm ki, Mehman Əliyev indiki imkansız jurnalistlərin yerində olsaydı, bu cür fikirlər səsləndirməzdi”-deyə bildirib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO