Baş redaktorla bağlı bəyanat

Media Hüququ İnstitutu “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya 11 il azadlıqdan məhrumetmə cəzası istənilməsini qınayır və bununla bağlı bəyanat qəbul edib.

“Qafqazinfo” həmin bəyanatı təqdim edir:

Tanınmış tənqidi jurnalistə şübhəli, məhkəmə araşdırması zamanı təsdiqini tapmayan ittihamlara görə belə çox ağır cəzanın istənilməsi qanunsuz, ədalətsizdir.

Əvəz Zeynallı hazırda dələduzluqda və ağır cinayəti gizlətmə cinayətlərində təqsirləndirilən keçmiş millət vəkili Gülər Əhmədovanın şikayəti əsasında 2011-ci ilin oktyabrında həbs olunub. Həbsdə olan jurnalistə qarşı sonradan sonradan absurd ittihamlar irəli sürüldü – onu vergidən yayınmada da ittiham etdillər. Jurnalist və onun müdafiəçiləri bütün ittihamların qurama olduğunu, jurnalistin həbsinin bilavasitə onun peşə fəaliyyəti ilə bağlı olduğunu, Əvəz Zeynallının rəhbərlik etdiyi qəzeti sıradan çıxarmaq məqsədi daşıdığını bəyan ediblər. 
Şübhəli ittihamlarla həbsdə olan jurnalistin Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi başa çatmaq üzrədir. Əvəz Zeynallıya qarşı ittihamların məhkəmə araşdırması zamanı sübuta yetirildiyi qənaətində olan dövlət ittihamçısı onun 11 il azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı həmçinin jurnalistin iki il müddətinə hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməsini, mülki iddialar üzrə 7251 AZN cərimə ödəməsini nəzərdə tutan hökm çıxarılmasınıə tələb edib. 

Əvəz Zeynallının hüquqlarını müdafiə edən Media Hüququ İnstitutunun vəkillərindən Elçin Sadıqov: bildirib ki, ittiham hökmü Əvəz Zeynallıya qarşı irəli sürülən ittihamlar kimi tamamilə əsassız, qanunsuzdur: “Məhkəmə araşdırması Əvəz Zeynallıya qarşı irəli sürülən ittihamların heç birini təsdiqləmədi. Əksinə, məhkəmə prosesinin sifarişli olması, ittihamların əsassız olduğu bir daha bəlli oldu”.

Əvəz Zeynallının həbs olunduğu aylarda jurnalistə və onun rəhbərlik etdiyi “Xural” qəzetinə qarşı edilən basqılar da baş redaktora qarşı ittihamların şübhəli olduğunu, tənqidçi nəşri və jurnalisti susdurmaq niyyəti daşıdığını göstərir. Belə ki:
– 2011-ci ilin əvvəlində məhkəmə Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin iddiası əsasənda “Xural” qəzetini 10 000 AZN cərimələyib;

– 2011-ci ilin martında Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin iddiası əsasında “Xural” qəzeti 15 000 AZN cərimə olunub;

– Bundan əlavə “Xural”a qarşı məmurlar və hökumətə bağlı ictimai fiqur və iş adamları bir neçə iddia qaldırıblar. Həmin iddialar əsasında qəzetin üzərinə 50 000 AZN cərimə qoyulub. 
– 2011-ci ilin yayında “Xural” qəzetinin bölgə əməkdaşı Aydın Canıyev şübhəli xuliqanlıq ittihamıyla həbs olunub. 

– 2011-ci ilin oktyabrında “Xural”ın bütün əmlakı müsadirə edilib;

– Oktyabr ayında qəzet fəaliyyətini dayandırmalı olub – ölkədəki nəşriyyatlar qəzetin nəşrindən imtina ediblər;

– Oktyabr ayının 25-də Ədliyyə Nazirliyi açıqlama yayaraq “Xural” qəzetini ittiham edib, qəzetin məhkəmə qərarlarını icra etmədiyini və buna görə Əvəz Zeynallıya cinayət işi açıldığını bəyan edib;

– Oktyabr ayının 28-də Əvəz Zeynallı Ölkə Parlamentinin deputatı Gülər Əhmədovanın verdiyi şikayətə əsasən həbs olunub;

– Əvəz Zeynallının həbs edilməsindən sonra “Xural” qəzetinin başqa adda qəzet nşr etməsinə də imkan verilməyib. Bütün nəşriyyatlar qəzetin çapından imatina ediblər. “Xural” qəzetinin əməkdaşları ölümlə təhdid olunublar.
Media Hüququ İnstitutu dövlət ittihamçısının Əvəz Zeynallıya 11 il azadlıqdan məhrum etmə cəzası tələb etməsini kəskin pisləyir, jurnalistə qarşı bütün ittihamların tez bir zamanda tamamilə ləğv olunmasını tələb edir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO