“Baku Guide” kataloqunun yeni sayı I Avropa Oyunlarına həsr olunub

“Baku Guide” bələdçi kataloqunun iyun sayı I Avropa Oyunlarına həsr olunub. Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, “Mədəniyyət” qəzetinin əlavəsi olaraq hazırlanan nəşrin Bakı 2015 I Avropa Oyunları ərəfəsində işıq üzü görən yeni sayı həm informasiya və materialların zənginliyi, mövzu rəngarəngliyi, həm də nəfis tərtibatı ilə xüsusilə seçilir.
“Bakı bütün Avropanı qəbul etməyə hazırdır” başlıqlı yazıda Azərbaycanın birinci xanımı, I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın bu beynəlxalq əhəmiyyətli tədbirlə bağlı fikirləri əks olunub. Yazıda I Avropa Oyunlarının ən yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olunur, bu günlərdə paytaxtımıza gələcək qonaqlar üçün geniş və maraqlı mədəni proqram hazırlandığı diqqətə çatdırılır: “Ümidvarıq ki, Azərbaycanın qonaqları bizim qədim diyarımız haqqında daha çox məlumat əldə edə biləcəklər”.
Bakı 2015 I Avropa Oyunları günləri ilə bağlı hazırlanan mədəniyyət tədbirlərinin proqramı ilə də bələdçi kataloqunda tanış olmaq olar. Nəşrdə paytaxt teatrlarının xüsusi olaraq I Avropa Oyunları üçün tərtib etdiyi repertuar, muzeylərin, konsert və sərgi salonlarının iyun ayı üzrə tədbirləri verilib. Kino həvəskarları isə iyun ayı boyunca paytaxtın aparıcı kino nümayişi mərkəzlərində nümayiş olunacaq müxtəlif səpkili filmlərin afişası ilə tanış ola biləcəklər. Onları həm dil, həm də mövzu baxımından daha geniş bir repertuar gözləyir.
İlk Avropa Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərovla müsahibədə isə Oyunların son hazırlıq prosesi, bilet satışı, açılış və bağlanış mərasimləri, digər təşkilatı məsələlərə toxunulub.
Azərbaycan, ingilis və rus dillərində nəşr edilən bələdçi kataloqunun iyun sayında milli mədəniyyətimizin və tariximizin təbliğinə xüsusi yer ayrılıb. Nəşr turistlər və paytaxtımızın qonaqları üçün maraq doğuracaq informasiyalar, tarix və mədəni irsimiz, incəsənətimiz, milli musiqimiz, Qarabağın sənət xəzinəsi ölkəmizin geniş turizm potensialı, bölgələrimizin bu sahədə imkanları və s. mövzularda yazılar, təqdimat xarakterli materiallarla zəngindir. “Dünya musiqi xəzinəsində azərbaycanlılar”, “Qarabağ – Azərbaycanın tarix və mədəniyyət beşiyi”, “Bakının memarlıq tarixinə ekskurs”, “Qeyri-maddi mədəni irsimiz UNESCO siyahılarında”, “Bakıdan yeddi səmtə turizm yolları”, “Azərbaycanın şəfalı bölgələri – sağlamlıq turizmi”, “Azərbaycanda palçıq vulkanları – təbiətin möcüzəsi” və s. başlıqlı məqalələr bu qəbildəndir. Nəşrdə Bakıdakı və paytaxt ətraflındakı tarix və mədəni irs məkanları – İçərişəhər, Qobustan qoruğu, Yanardağ, Atəşgah məbədi və s. barədə rəngarəng foto illüstrasiyalarla müşayiət olunan materiallar da yer alıb. “Azərbaycan mətbəxi” rubrikasında isə şəhərimizin qonaqları dadmalı olduqları 10 təamı kəşf edəcəklər.
Turistlər üçün informasiya bölməsində isə onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılır. Kataloqda həmçinin şəhərdəki hotel, restoran, ticarət və əyləncə məkanları, turizm agentləri, aviakassalar, avtomobil kirayəsi və s. barədə məlumatlar var.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO