Bakıda “Gender bərabərliyi və media” mövzusunda konfrans keçirilib

Mayın 13-də Bakıda “Gender bərabərliyi və media” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində təşkil edilən tədbirdə çıxış edən Avropa Şurasının Bakı ofisinin rəhbəri səfir Zoltan Hernyes layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, belə layihələr gender bərabərliyi, media azadlığı mövzularında müzakirələrin aparılması baxımından çox önəmlidir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, hələ Avropa Şurasının yaranmasından 30 il əvvəl Azərbaycanda qadınlara seçki hüququ verilmişdi. Azərbaycanda bu sahədə də balanslaşdırılmış siyasət aparılır. Ölkəmizdə gender bərabərliyinə həssas yanaşma var. Bu, Konstitusiyamızda da öz əksini tapıb. Gender bərabərliyi insan hüquqlarının tam həyata keçirilməsi üçün əvəzolunmaz şərtdir. Bu gün dünyada elə bir məsələ yoxdur ki, orada gender komponenti yer almasın. Hətta qəbul olunan bütün sənədlərdə, qətnamə və konvensiyalarda bu məsələ xüsusilə qeyd olunur. Dayanıqlı İnkişaf Məqsədlərində 5-ci məqsəd 2030-cu ilədək gender bərabərliyinə nail olmaq, bütün qadın və qızların səlahiyyətlərini artırmaqdır. Lakin bununla yanaşı, digər məqsədlərin demək olar ki, hamısında gender amilinə xüsusi diqqət yetirilib. Qadınların iştirakçılığının artırılması üçün imkanların genişləndirilməsi, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm işlər görülüb. Azərbaycanın müsəlman dünyasında qadınlara səsvermə hüququnun verildiyi ilk ölkə olması unudulmamalıdır. Azərbaycan gender bərabərliyinin təmini yolunu seçib və bu günə qədər qadınların hüquqlarının müdafiəsini davam etdirir.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində bir milyondan çox azərbaycanlının hüquqlarının pozulduğunu deyib. Qeyd edib ki, bu və digər hüquq pozuntularının aradan qaldırılması, gender bərabərliyinin təmin edilməsi işində medianın böyük rolu var. Azərbaycan qadınları yaradıcılıq, biznes, sahibkarlıq və digər sahələrdə geniş imkanlara malikdir. Bu imkanlardan daha səmərəli istifadə edilməlidir.

Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova mediada irqi, dini, sosial sahələrdə olduğu kimi, cinsi sahədə də ayrı-seçkiliyə yol verilməməli olduğunu deyib. Təəssüf ki, dünyada bu sahədə çatışmazlıqlar hələ də qalır. Ölkəmizdə aparılan sosial islahatlar qadınların cəmiyyətdə rolunun artırılmasına öz töhfəsini verməkdədir. Qadınların hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunması üçün media da bütün imkanlarını səfərbər etməlidir. Ümummilli lider Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi dövründə Azərbaycan qadınlarının problemlərinin həllinə, onların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun artırılması məsələlərinə böyük diqqət ayırırdı. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov ölkəmizdə gender bərabərliyinin təmin edilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, Azərbaycan bu sahədə də beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir, tədbirlər həyata keçirilir.

Vurğulanıb ki, ölkəmizdə insan hüquq və azadlıqlarının, onların tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsi daim Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub.

Tədbir müzakirələrlə davam edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO