Bakıda “Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf” mövzusunda beynəlxalq təhsil konfransı keçiriləcək

Bakıda “Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf” mövzusunda beynəlxalq təhsil konfransı keçiriləcəkNoyabrın 22-də Bakıda Azərbaycan Təhsil Nazirliyinin UNESCO və “Microsoft” korporasiyası ilə birgə təşkilatçılığı əsasında “Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf” adlı beynəlxalq təhsil konfransı keçiriləcək. Nazirlikdən APA-ya verilən məlumata görə, konfrans Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunur. Təhsil konfransının məqsədi yeni müstəqil ölkələrin təhsil liderlərini bir araya gətirməkdir.

Konfrans iki əsas hissədən ibarət olacaq. Birinci hissədə mütəxəssislər tərəfindən Bakının iki qabaqcıl məktəbində və bir ali təhsil müəssisəsində “Milli informasiya-kommunikasiya texnologiyaları və təhsil strategiyasının işlənib hazırlanması”, “Bir şagird-bir kompüter strategiyası, öyrənənlər və müəllimlər üçün təcrübə”, “Ali təhsildə e-tədris” mövzularında seminarlar keçiriləcək.

Konfransın ikinci hissəsində bölgə ölkələri üçün təhsil strategiyasında informasiya-kommunikasiya texnologiyalarının rolu haqqında regional konfrans keçiriləcək və təhsillə milli iqtisadi strategiya arasında əlaqələr qiymətləndiriləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO