Bakıda mədəniyyətlərarası dialoqun inkişafında medianın rolu müzakirə olunur

Avqustun 28-də Bakıda TÜRKSOY, İSESCO və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoqun inkişafında medianın rolu” mövzusunda 3 günlük beynəlxalq seminar başlayıb.

Seminarda Qazaxstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Türkiyənin media nümayəndələri iştirak edir.

Tədbirdə çıxış edən TÜRKSOY-un Azərbaycan təmsilçisi Elçin Qafarlı bildirib ki, 20 ildir fəaliyyət göstərən TÜRKSOY dünyada mədəniyyətlərarası dialoqun gücləndirilməsində fəal iştirak edir. E.Qafarlının sözlərinə görə, türk mədəniyyətinin yüksək səviyyəyə çatmasında TÜRKSOY-un da rolu var. TÜRKSOY-un Azərbaycan təmsilçisi mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsində medianın rolunun beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməli olduğunu vurğulayıb.

Mədəniyyət və Turizm Nazirliyinin Xarici əlaqələr şöbəsinin müdiri Vasif Eyvazzadə mədəniyyət sahəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən irəli sürülən təşəbbüslərdın danışaraq, bunun mədəniyyətlərarası dialoqun inkişafında böyük əks-sədaya səbəb olduğunu vurğulayıb.

Seminarda çızış edən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə deyib: “Mədəniyyətlərarası dialoqun inkişafında medianın üzərinə böyük məsuliyyət düşür. Bu prosesin təbliğində jurnalist peşəkarlığından çox şey asılıdır”.

Millət vəkili Qənirə Paşayeva da mədəniyyətlərarası dialoqun inkişafında medianın rolundan danışıb: “Mədəniyyətlərarası dialoqa gərginlik getdikcə artır. Burada media ən böyük gücdür, media istəsə bu gərginliyi artırar, istəsə bu sahədə ciddi inkişafa nail ola bilər”.

Çıxışlardan sonra “Qərbə doğru axan çay” filminin təqdimatı keçirilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO