Bakıda jurnalistin həbsi narahatlıq doğurub

Modern.az saytının məlumatına görə, Media Hüququ İnstitutu (MHİ) İran İslam Respublikasinda yayımlanan “Səhər” televiziya kanalının Bakıdakı reportyoru Anar Bayramlının həbs olunmasından narahatdir. MHİ Azərbaycan Respublikası və onun hökuməti ilə bağlı tənqidi verilişləri ilə tanınan bu kanal üçün çalışan jurnalistin narkotik gəzdirmə ittihamı ilə həbsini xüsusi diqqətdə saxlamağa və rəsmi qurumları olayla bağlı aydın və dolğun bilgi verməyə çağırır.

“Azərbaycanın bir çox bölgələrinə İran ərazisindən Azərbaycan dilində yayımlanan “Səhər” telekanalı İran hökumətinin nəzarəti altında olan yayımçı kimi tanınır. Azərbaycan Respublikasında hökumətin ciddi siyasi monopoliyası səbəbindən teleradio yayımı sahəsində hökumətin tənqidi imkanlarının sıfır səviyyəsinə endirildiyi, hökuməti tənqid edən şəxslərin hər yolla yayımdan kənarda saxlandığı bir şəraitdə İran hökumətinin nəzarəti altındakı olan bu kanalın verilişləri yerli kanallara yeganə alternativ kimi populyarlaşıb. Bu səbəbdən dəfələrlə bu kanal hökumətin tənqidləri ilə üzləşib”-deyə MHİ bəyan edib.

Anar Bayramlı fevralın 17-də polis əməkdaşları tərəfindən Binəqədi Polis İdarəsinə aparılıb. Sonradan onu narkotik maddə (heroin) saxlama ittihamı ilə saxlayıblar. Rəsmi qurumlar saxlama faktı ilə bağlı heç bir bilgi verməyib.

Media Hüququ İnstitutu Azərbaycanda jurnalistlərə qarşı narkotik maddə ittihamının irəli sürülməsinin ilk hal olmadığını yada salır. Nəsimi Rayon Məhkəməsi hələ 2006-cı ildə “Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakiti 10 qram heroini saxlamaqda ittiham edərək 3 il azadlıqdan məhrum etmişdi. 2010-cu ildə isə həbsdə olan jurnalist “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin qurucusu Eynulla Fətullayevə qarşı eyni ittiham irəli sürülmüş və nəticədə jurnalistə yeni uzunmüddətli həbs cəzası verilmişdi.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO