Bakıda Beynəlxalq Yazıçılar Forumu başlayır

Bakıda Beynəlxalq Yazıçılar Forumu başlayırDekabrın 14-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda bu qurumun və onun ədəbi orqanı olan “Ədəbiyyat qəzeti”nin 75 illik yubileyinə, həmçinin “Sərhədsiz söz” III Beynəlxalq Yazıçılar forumunun Bakı toplantısına həsr edilmiş mətbuat konfransı keçirilib.
Modern.az saytının məlumatına görə, konfransda Yazıçılar Birliyinin sədri Anar, qurumun birinci katibi, Fikrət Qoca, katibi Rəşad Məcid həmçinin respublikada fəaliyyət göstərən ədəbi orqanların və seksiyaların nümayəndələri iştirak edib.
Yazıçı Anar bildirib ki, təmsil etdiyi birliyin və həmin qurumun ədəbi orqanı olan “Ədəbiyyat qəzeti”nin 75 illik yubileyi Azərbaycan Respublikası Prezidentinin 18 may 2009-cu il tarixli sərəncamına əsasən dövlət səviyyəsində qeyd edilir: “Bu sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi, yubiley tədbirlərinə hazırlıq, Azərbaycan Yaziçilar Birliyinin fəaliyyəti dövründə quruma rəhbərlik etmiş yazıçı və şairlərin, ədəbiyyatımızı zənginləşdirən qələm sahiblərinin həyat və fəaliyyəti haqqında dərgilər, birliyin saytına yeni internet portalının əlavəsi, rus dilində üç cildlik Azərbaycan poeziyası antologiyasının hazırlanması və sair vəzifələr artıq öz həllini tapıb”.
“Sərhədsiz söz” III Beynəlxalq Yazıçılar forumunun Bakı toplantısına gəldikdə Anar qeyd edib ki, bu beynəlxalq hadisə Yazıçılar Birliyinin idarə heyətinin və Prezident İlham Əliyevin birgə səyi nəticəsində baş tutub: “Beynəlxalq Yazıçılar Forumunun əvvəlki iki konfransı İstambul və Kiyev şəhərlərində gerçəkləşmişdi. Hazirki konfransın isə Bakıda və xüsusən də Azərbaycan Yazıçılar Birliyinin 75 illiyi ərəfəsində keçirilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət etdikdə təklifimi çox müsbət qarşıladı, belə bir beynəlxalq ədəbi hadisənin baş tutması üçün lazımi tapşırıqlar verdi”.
Qeyd edək ki, dünyanın otuzadək ölkəsinin tanınmış ədəbiyyat nümayəndələri bu toplantıda təmsil olunur. Rusiyadan Yuri Pompeyev, Alla Axundova, Aleksandr Eboniadze, Qazaxıstandan Oljas Süleymenov, Nurlan Qrazalin, Türkiyədən Ataol Bəhmənoğlu, Əli Akbaş, Çingiz Bektaş, Ukraynadan İvan Drac, Boris Oleynik və başqa yazıçılar, şairlər ölkəmizə təşrif buyurublar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO