Bakıda 3G-ni ilk olaraq jurnalistlərə nümayiş etdirdilər

İnternetin içində onqat artıq sürətlə şütüyən trafik. 3G texnologiyasını belə də adlandırırlar. Məlum olduğu kimi, “Azerfon” şirkəti Azərbaycanda ilk dəfə olaraq 3G tətbiqi üçün lisenziya alıb və yaxın vaxtlarda onun tətbiqinə start verəcək. Buna görə şirkət nümayəndələri dekabrın 9-da jurnalistləri bir araya toplayıb onlara 3G texnologiyası, onun üstünlükləri, bu xidməti dəstəkləyən cihazlar və s. barədə ətraflı məlumat verdilər.
Modern.az xəbər verir ki, şirkətin mətbuat xidmətinin rəhbəri Elşad Fərzəliyev və digər təmsilçiləri 3G-nin nə olduğunu, necə istifadə ediləcəyini texniki baxımdan izah etdilər. Belə bəlli oldu ki, 3G-nin köməyilə həm Azərbaycanın, həm də dünyanın istənilən nöqtəsində sürətli İnternet bağlantısı əldə etmək olacaq. Bu İnternetlə həcmi 5 MB olan bir faylı, məsələn mahnını 19-20 saniyəyə, bir klipi 2-3 dəqiqəyə, 800 MB-lıq filmi isə 50 dəqiqə civarında yükləmək mümkün olacaq. Düzdür, nümayiş zamanı deyilən sürəti əldə etmək mümkün olmasa da, 3G-nin sıravi İnternetdən bir qədər üstün olduğunu demək olardı. 3G-ni dəstəkləyən cihazlara gəlincə, bu ayın sonlarına yaxın “Azərfon” şirkəti “Vodafone Mobil Connect” adlı USB modemi satışa çıxaracaq. Həmin modemin köməyilə istənilən yerdə İnternetə bağlanmaq mümkün olacaq. İstifadəçilərə rahat olsun deyə, bu modemdə müxtəlif tarif paketləri nəzərdə tutulacaq. Həmin modemi həm stolüstü kompüterə, həm də noutbuk və netbuklara taxmaq mümkündür. Bundan əlavə, həmin diskdə 100 MB boş yer və yaddaş kartı taxmaq üçün yer də var.
“Azerfon” 3G-dən istifadəni təmin etmək üçün həm də yeni “Vodafone” markalı HTC Magic model telefonlarını satışa çıxaracaq. Bu smartfon hər bir istifadəçiyə İnternetə çıxış əldə etməyi təmin edir. Qiymətlərə gəlincə, hələlik konkret rəqəm söyləməyən şirkət nümayəndələri bu barədə yalnız bir söz işlətdilər – “qiymətlər münasib olacaq”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO