Baş redaktorun dialoqa hazır olması günahlarını etiraf etməsidir – Azərbaycan DİN

Azərbaycanda nəşr olunan “Femida 007” qəzetinin baş redaktorunun Daxili İşlər Nazirliyi ilə dialoqa hazır olması barədə fikirlər söyləməsi onun öz günahlarını etiraf etməsi deməkdir. Bu sözləri çərşənbə günü Trend News-a DİN-in mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyib.

Daxili İşlər Nazirliyi “Femida 007” qəzetinin baş redaktoru Əyyub Kərimova qarşı xüsusi ittiham qaydasında Bakının Yasamal rayon məhkəməsinə müraciət edib.

İddiaçı Kərimovun Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunaraq cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.

Zahidov bildirib ki, nazirlik son 5 ildə Kərimovun “Femida 007” və ona dəstək olan digər qəzetlərə verdiyi müsahibələrdə daxili işlər orqanlarının ünvanına əsassız, böhtan xarakterli fikirlərə jurnalistlərə və mətbuata olan hörmətdən irəli gələrək əhəmiyyət verməyib.

“Əyyub Kərimovun Daxili İşlər Nazirliyini cinayətkarlar yetişdirən qurum adlandırması, nazirliyi terrorçular hazırlayan bazalarla müqayisə etməsi kimi ittihamlarına laqeyd qalmaq mümkün deyil. Bu iddianı daxili işlər naziri qaldırıb fikri doğru deyil. Nazirliyin çoxsaylı şəxsi heyətinin və veteranların təkidli tələbindən sonra məhkəməyə müraciət olunub və müraciətə də qurumun rəhbəri kimi cənab nazir imza atıb”, – nazirlik rəsmisi bildirib.

Nazirlik sözçüsü deyib ki, böyük şərəfli yol keçmiş, ölkədə asayişin təmin edilməsində, cinayətkarlarla mübarizədə və ərazi bütövlüyümüzün təmin olunmasında yüzlərlə şəhid vermiş bir qurumun terrorçu yetişdirməsi barədə yalan və böhtan xarakterli məlumatlar polis əməkdaşlarını belə bir addım atmağa məcbur edib.

“Polis əməkdaşları Əyyub Kərimovla görüşməyə, ona barışıq təklif etməyə borclu deyil. Bu iş üzrə məhkəmə araşdırması davam edir və məhkəmənin obyektiv və qanuni qərar qəbul edəcəyinə inaniriq”, – deyə xidmət əməkdaşı vurğulayıb.

Baş redaktor mətbuata açıqlamasında Daxili İşlər Nazirliyi ilə dialoqa hazır olduğunu deyib.

DİN-in iddiası üzrə noyabrın 26-da Yasamal rayon məhkəməsində hakim Xəqani Tağıyevin sədrliyi ilə məhkəmə prosesi davam edəcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO