AzTV təsdiq etdi: Mədəniyyət kanalı 14 fevralda açılacaq

Moern.az saytının məlumatı təsdiqləndi

Modern.az saytı “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin mədəniyyət sahəsi üzrə ixtisaslaşaşacaq ayrıca Mədəniyyət kanalını açmağa hazırlaşdığını xəbər vermişdi. Modern.az kanalın AzTV-nin ad günündə açılacağını bildirmişdi. Nəhayət AzTV bizim xəbər təsdiqlədi.
Teleşirkətdən Modern.az-a bildirlib ki, yaxın günlərdə teleməkana yeni qoşulacaq Mədəniyyət kanalının efir planlaşdırması, iş prinsipləri, kanalın əsas məqsədləri və gələcək perspektivlərini müzakirə etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyində “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin rəhbərliyi ilə görüş keçirilib.

Verilən məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Azərbaycan Televiziyasının nəzdində mədəniyyət kanalının yaradılması münasibəti ilə televiziya kollektivini təbrik edib, daim Azərbaycan Televiziyası ilə əməkdaşlıq edən nazirliyin gələcəkdə də bu əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. O, son illər ölkənin mədəni həyatında atılan uğurlu addımlardan danışıb. Deyib ki, Prezident İlham Əliyev təkcə mədəniyyət sahəsini əhatə edən 300-dən artıq sənəd imzalayıb. Əsaslı yenidənqurma işləri və mədəni islahatlar sayəsində Bakı regionun mədəni paytaxtına çevrilib. Ölkə beynəlxalq mədəni arenada layiqli təmsil olunur, həmçinin bir sıra nüfuzlu beynəlxalq müsabiqələrə, festivallara ev sahibliyi edir. Nazir Mədəniyyət kanalının bütün bu proseslərin daha geniş formada işıqlandırılmasına və təbliğinə duyulan ehtiyacı ödəyəcəyinə ümid etdiyini deyib.

“Azərbaycan televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanov isə ölkədə gedən iri miqyaslı sosial-iqtisadi inkişafın və mədəni tərəqqinin efir məkanında daha geniş təbliğinin və bu təbliğata göstərilən dövlət dəstəyinin vacibliyini önə çəkib.
“Kanalın əsas məqsədi Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ etmək, ölkədə gedən mədəni islahatlarla yanaşı milli-mənəvi dəyərləri, tarixi memarlıq nümunələrini və turizm potensialını təbliğ etməkdir. Mədəniyyət kanalının uğurlu fəaliyyəti üçün Azərbaycan Televiziyasının kifayət qədər təcrübəsi, zəngin fondu, müasir texniki təchizatı və peşəkar kadr potensialı var”. Fevralın 14-dən fəaliyyətə başlayacaq yeni kanal həm yerüstü ötürücülər, həm peyk vasitəsi ilə yayımlanacaq.

Görüşdə yeni yaradılacaq kanalda yayım planlaşdırması, proqram və mövzu müxtəlifliyi, əməkdaşlıq imkanları müzakirə edilib.

Qeyd edək ki, 14 fevral tarixi AzTV-nin ad günüdür. Azərbaycan televiziyası 1956-cı il fevralın 14-də yaradılıb. Bu il AzTV-nin 55 yaşı tamam olur.

AzTV həm də ayrıca ixtisaslaşmış idman kanalına – “İdman Azərbaycan”a da sahibdir.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO