Azərbaycanın Teleradio Şurası teleaparıcılarla bağlı akademiyanın ictimai birlik formasında yaradılmasını təklif edir

Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) teleaparıcılarla bağlı akademiyanın ictimai birlik formasında yaradılmasını təklif edir.

“Bu birlikdə televiziya və radio sahəsində çalışan mütəxəssislər təmsil olunmalıdır, biz yalnız bu qurumun yaradılmasına dəstək verə bilərik”, – çərşənbə günü Trend News-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

Trеnd Nеws-un аrаyışı: Azərbaycanın Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ötən il oktyabrın 2-də “Azərbaycan” qəzetində dərc olunan “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” sərlövhəli məqaləsində televiziya və radio kanallarının fəaliyyətində nöqsan və çatışmazlıqlara diqqət çəkib. Mehdiyevin fikrincə, ictimaiyyəti narahat edən və ən çox müzakirə olunan məsələlərdən biri televiziya kanallarında aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznes xarakterli verilişlərin çəkisinin artmasıdır. Administrasiya rəhbərinin fikrincə, problemin ekspertlər səviyyəsində müzakirəsi göstərir ki, teleradio qurumlarının biznes maraqları, efir vaxtının mentalitetimizə yad verilişlərlə doldurulması, peşəkar kadrların azlığı və digər məsələlər bu kimi ciddi çatışmazlıqların yaranmasının əsas səbəbləridir.

Məhərrəmlinin sözlərinə görə, cəmiyyətimizdə də belə bir fikir formalaşıb ki, əgər televiziya akademiyası, yaxud buna bənzər başqa qurum yaranarsa, televiziya və radio verilişlərinin yayımı sahəsindəki işlərimiz daha da keyfiyyətli mərhələyə keçə bilər.

Onun fikrincə, həmin qurumun yaradılması üçün yetərincə şərait də olmalıdır.

“Bu məsələdə tələskənliyə yol vermək olmaz. Akademiya yaradıla bilər, amma onun fəaliyyətinin nəticələri qənaətbəxş olmaya bilər. Ona görə də əvvəlcə akademiyada təmsil olunacaq şəxslər müəyyənləşdirilməlidir”, – MTRŞ rəhbəri vurğulayıb.

Məhərrəmli deyib ki, Azərbaycanda televiziya tənqidi ilə mütəmadi çıxış edən mütəxəssis çatışmazlığı da var.

“Belə insanlar çox azdır. Bundan başqa, əgər biz televiziya akademiyası yaratmaq istəyiriksə, onda Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi də həmin funksiyanı yerinə yetirir. Mədəniyyət və İncəsənət Universitetində və özəl universitetlərdə də jurnalistika ilə bağlı fakültələr var”, – o, xatırladıb.

Şura sədri bildirib ki, telekanallarda kadrların qeyri-peşəkarlığı, şou-biznes xarakterli verilişlərin çox aşağı səviyyədə olması akademiyanın yaradılması zərurətini ortaya çıxarıb. “Biz bu sahədəki problemlərin həlli üçün öz üzərimizə düşən vəzifəni yerinə yetirməyə hazırıq”, – Məhərrəmli qeyd edib.

Azərbaycanda 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO