Azərbaycanın qeyri-hökumət təşkilatı “Euronews ” telekanalının qərəzli reportajına etiraz edir


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Euronews” telekanalının Ermənistanın işğal etdiyi Azərbaycanın əraziləri ilə bağlı qeyri-obyektiv və qərəzli reportaj nümayiş etdirməsinə narazılıq edib.

“Telekanalın həmin reportajında Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, həmin ərazilərdə etnik təmizləmə həyata keçirərək 1 milyondan artıq azərbaycanlını qaçqın və məcburi köçkünə çevirməsi, Xocalı şəhərində yerli əhaliyə qarşı dəhşətli soyqırım törətməsi barədə heç bir məlumat verilmir”, – Trend News-un məlumatına görə, AVCİYA-nın çərşənbə günü qəbul etdiyi bəyanatda bildirilir.

Sənəddə qeyd edilir ki, nümayiş etdirilən süjetdə Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq birliyin mövqeyi gizlədilir. “Azərbaycanın işğal edilən ərazilərinin qeyd-şərtsiz boşaldılması barədə BMT Təhlükəsizlik Şurasının qətnamələri, Avropa Şurası və digər mötəbər beynəlxalq təşkilatların Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını tanıdığı tamaşaçıların diqqətinə çatdırılmayıb”, – AVCİYA bəyan edir.

Təşkilat “Euronews” telekanalı əməkdaşlarının Azərbaycanın rəsmi hakimiyyət orqanlarından icazə almadan Dağlıq Qarabağa səfərini Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirir. “Hesab edirik ki, kanal Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə bağlı birtərəfli, qərəzli, jurnalistika etikası və professionallığından uzaq olan reportajı efirə verməklə münaqişənin sülh yolu ilə həllində maraqlı olmayan, son zamanlar bu istiqamətdə əldə edilən kövrək dinamikadan narahatlıq keçirən dairələrin təsiri altına düşdüyünü nümayiş etdirib”, – bəyanatda vurğulanır.

AVCİYA ümid edir ki, yaxın zamanlarda “Euronews” telekanalı sağlam jurnalistika və məlumatlandırma ənənələrinə sədaqət nümayiş etdirərək yol verilən qeyri-obyektivliyi aradan qaldıracaq, tarixi həqiqətləri olduğu kimi işıqlandırmaq üçün tədbirlər görəcək və Azərbaycan ictimaiyyətinin mövqeyini öz tamaşaçılarına çatdıracaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO