Azərbaycanın gerçək tarixi

Musa Yaqubun poetik dünyasına səyahət

Musa Yaqub təbiətlə danışır deyirlər. Təbiət hamımızla danışır. Ancaq kim onu eşidə, dinləyə bilir desək, bax bu Musa Yaqub duyğulu, Musa Yaqub fəlsəfəli poeziyaya bəlkə də daha fundamental yanaşma olardı. Çağdaş Azərbaycan poeziyasının böyük şairinin yaradıcılığı təkcə təbiət şairi olmaqla bitib-tükənmir.

Musa Yaqub daha çox vətəndaş şairdir. Onun hələ gənclik yaşlarından təbiət haqqında yazdığı fikirlərin heç biri yalnız təbiət lövhələrinin tərənnümünə həsr olunmayıb. Bütün fikirlərinin arxasında mütləq vətəndaş təəssübkeşliyi sərgilənib. Bu poeziyada təbiət gözəlliklərinə münasibətlə gerçək vətənpərvərlik duyğularının vəhdəti yaranıb:

Hələ ağaclara balta çalan var,
Bilir ki, izini gizlədəcək qar.
O çıxıb evinə arxayın dönər,
Ağacın qar altda yarası göynər.

Yaxud dillər əzbərinə çevrilmiş “Bir günah sənin, bir günah mənim” şeirində təbiətin məhvinə görə hamımızı qınaq obyektinə çevirən misralar da dediklərimizin bilavasitə təsdiqidir:

Bir gözün sən əydin, bir gözünü mən,
Niyə narazıyıq bu tərəzidən?..
Sən çeşmə qurudan, mən ağac kəsən,
Bir günah sənindi, bir günah mənim.

“Dağlar çox qəribə olur gecələr” şeirindəki

Girib ünsiyyətə qaranlıq ilə,
Dərələr ucalıb, zirvə alçalıb –

ifadəsində isə ümumiyyətlə təbii olayların gərdişindən danışmaq yersizdir. Bütün dövrlər üçün öz aktuallığını qoruyub saxlayan, təbiətdən çox cəmiyyətdə baş verənlərə təlqin olunan bu fikrin dərin tutumu onun ictimai yükünün ağırlığını da daim qoruyub saxlayır.

…Musa Yaqub yaradıcılığının bu çalarları haqqında çox yazılıb deyilib. Mən böyük şairin poemalarından danışmaq istəyirəm. Hərəsinin arxasında xalqımızın yaxın-uzaq tarixinin dərin qatlarına ilgili daş kitabələr yatan poemalarından. Onları ardıcıllıqla da təhlil etmək olar, ayrı-ayrılıqda da. Onların ardıcıllığında yüksələn xətt də var, hərəsinə məxsus ayrı-ayrılıqda bədii və tarixi dəyər də. Musa Yaqubun sevərək qoruduğu milli-mənəvi, təbii koloritlərlə zəngin təbiət təsvirləri və vətəndaşlıq mövqeyi isə digər yaradıcılıq məhsullarında olduğu kimi, poemaların da ruhuna hakim çox vacib detallardandır.

“İki qəlb, iki dünya”

Bu poema Musa müəllimin böyük poeziyaya qovuşmaq yolunda həvəslə atdığı ilk addımıdır. Bu həvəs, bu istək poemanın “itirilmiş” ilk nüsxə-əlyazmasının şairin təfəkküründə yenidən, sətirbə-sətir canlanması nəticəsində bərpa olunub. Təbii ki, biz onun oğurlanması, yağmalanması prosesindən danışmayacağıq. Ancaq şairin poemanı bütövlükdə bərpa edə bilməsini – bu böyük hadisəni xüsusi olaraq qeyd etməyi vacib bildik.

Böyük ictimai-siyasi əhəmiyyətini ikiyə bölünmüş Azərbaycanın o taylı-bu taylı övladlarının pak, səmimi sevgisi arxasında gizləmiş poema tarixi gerçəklikləri oxucuya çatdırmaq üçün zamanında əlahiddə bir vasitəyə çevrilə bilmişdir.

…Keçmiş SSRİ paytaxtında düzənlənən gənclər festivalı şairin əlində əvəzsiz bir fürsətdir. Bu imkandan yararlanmaq üçün o, əvvəlcə festivalın özünü qiymətə mindirməlidir. “Dünyanın bütün nöqtələrindən Moskvaya təşrif buyuran gənclər bu ölkədə özlərini xoşbəxt hiss edə bilməsəydilər”, yəqin ki, Quzey Azərbaycandan gəlmiş tarçalan Azadla Güney Azərbaycandan gəlmiş müğənni Gülşənin görüşdürülməsi səhnələrinin asanlıqla tirajlanması da problemə çevriləcək idi. Şair çox böyük ustalıqla o vaxtkı Moskvanın yaratdığı bu şəraitdən cənublu Gülşəni də “bəhrələndirir”. Gülşənin festivala qatıla bilməsi isə artıq Azərbaycanın Təbriz həsrətinin bütün dünyaya nümayişidir.

Azadla Gülşənin sevgisinin fonunda ikiyə bölünmüş torpaqlarımızın hər iki hissəsində yaşayan azərbaycanlıların ürək çırpıntılarını eşidirik. Doğmalığın təzahürünə bircə baxış kifayət edir. Şair qələminin gücü ilə bir anda yaratdığı sevginin izinə düşməyə başlayır. Bu iz onu çox uzaqlara aparır:

Nə zaman Təbrizin ehtiyacını,
Bakı hiss eləyib məyus olmamış?
Vəfasız çıxmadıq bu aləmdə biz,
Saydıq özümüzə doğma Təbrizi.
Gülləyə, mərmiyə döndü qəlbimiz,
Düşmən gətirəndə cana Təbrizi!
Bəli, aləm bilir birdir nəslimiz,
Tarix həqiqəti dana bilərmi?
Axı bir torpaqda doğulmuşuq biz,
Zaman bizi ayrı sala bilərmi?
Bəs niyə gülmədi bizim ömrümüz?
Təbrizim borana, tufana düşdü.
О vüsal bizlərdən çevirdikcə üz,
Elim həsrət çəkdi, hicrana düşdü.

Poemada çox incə çalarlarla əsərin qəhrəmanlarına – gəncliyə müraciət var. Musa Yaqub gənclərin hər şeyə qadir olduğunu önə çəkməklə əslində onlardan əvvəlcə mədəni, sonra siyasi inqilablar umur. O inqilabları ki, sonucda torpaqlarımızın bütövləşməsi, xalqımızın övladlarının bir-birinə qovuşması ilə nəticələnsin. Ancaq bütün bu fikirləri o dövrdə açıq-açığına yazmaq mümkünsüz idi.

Festivaldan döndükdən sonra hər iki gəncin düşdüyü dözülməz durum və onların sərhəd boyu göstərdikləri çabalar gec-tez sərhəd dirəklərinin sökülməsinin vacibliyinə hesablanmış bir çağırış idi. Amma o zaman yalnız cənublu Gülşənin dili ilə bunu demək mümkün ola bilirdi:

Ürəyimə zaman-zaman
Hələ yara vurur dövran,
Söylə bə mən hansı zaman
Zülm evini yıxacağam,
Azadlığa çıxacağam?

(davamı var)

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO