Azərbaycanın gerçək tarixi (VII yazı)

Musa Yaqubun poetik dünyasına səyahət

Nağıla dönmüş yaşantılar

Şairlərin, yazıçıların, jurnalistlərin, bəstəkarların yuxusuz anları, yuxusuz gecələri olur. Onları içdən narahat edən hisslərin ağ vərəqlər üzərinə çıxa bilməsi, nota uyuşması, doğulmasına qədər. Musa Yaqubu da narahat edən yuxusuz gecələr var. Yuxusuz gecələr onu “Neft Daşları”nda da izləyib, “Un işığı”nda da, Laçın kəl öləndə də…

…Sonuncudan danışacağıq. Cilovçu balaca Musanın ədəbi hadisəyə dönmüş birinci yuxusuz gecəsi – Laçın kəlin ölümündən.

“İndi desəm nağıldır” poeması çox mətləblərə aydınlıq gətirir. Burada qorxulu nağıl kimi xatırlanacaq çox məqamlar gizlənib. Poemada konkret qəhrəman axtarmaq yersizdir. Bu əsərin bir qəhrəmanı var. O da zamandı. Qələmə alındığı dövrdə dəbdə olmuş Sovet ədəbiyyatı prizmasından yanaşsaq zamanın özünün də müsbət və ya mənfi qəhrəman olmasını aydınlaşdırmaqda çətinlik çəkərik. Əslində elə bu da Musa Yaqubun qəliblərə sığmayan söz adamı olmasını sübuta yetirən amillərdəndir.

Poema ana torpağın müqəddəsliyini məktəb şagirdlərinə çatdıran fikirlərlə başlanır:

– Bu ilk dərsinizdir,
Başlayaq işə;
Sizə də ilk dəfə yetişər səsim.
Amma, əzizlərim, mənim həmişə
torpaq haqda olub birinci dərsim
Bəli, torpaq haqda,
torpaq müqəddəs,
Gərək yadınızdan çıxmasın bu dərs.
O da can kimidir, satıla bilməz,
Vətəndi, atadı, anadı torpaq.

Müəllimin şagirdlərlə tanışlığı zamanı eşitdiyi adlar onun xəyalında əbədi ilişib qalan çətin illərin xatirələrini canlandırır. Gerçək həyat yaşantılarına söykənən xatirələr şairin oxucu ilə növbəti təmasına stimul verir:

Adın?
– Kərim Qafar oğlu,
Mənimki Fəzli.
Qafar oğlu Kərim?
– Elədi, bəli.
– Mənim adım Laçın,
– Onunku Səlmi.
– Bu adlar nə qədər yaxındır mənə.
Bu adlar alıcı bir xəyal kimi,
Məni о günlərə apardı birdən.
О kotan çarxları səsləndi yenə,
Torpaq qoxusunu duydum yenidən.

Beləcə bəzi epizodları şairin “Zülmün nağılı” şeirində sadalanan “İndi desəm nağıldır” poeması Musa Yaqubun öz dilindən indiki insana sözün əsl mənasında nağıl kimi görünəcək əhvalatlar sayaq səslənir:

Bilirsinizmi mən,
Kotançı olmuşam,
payızda, yazda,
İş yerim о dağlar, о düzlər idi.
Onda matorumuz, maşınımız da
Kəllər, arabalar, öküzlər idi.
Eh, sizə nə var ki…
kəllə, öküzlə
Gecəni gündüzə qatanlar idik,
Boyunduruq üstə yatanlar idik.

Poemanın bu yerində şagirdlərin adlarının ona tanış, doğma olmasının səbəbini anlayır oxucu:

– О zəncir səsləri,
О kənd, о torpaq
Bir də ki, mən özüm cılız bir uşaq…
Hə, kotançı Qafar, kotançı Fəzli
Bir də Səlmi xala –
gülər, məzəli…
Biz kələ qoyardıq Laçın adını.
Laçın kəl var idi –
qara pəhləvan,
Vermişdi kötana öz həyatını…
Könlümdə sizinçin bir nağıl yatır,
İndi də gözümün qabağındadır.

Bu yerdə poemanın mövzusuna şirinlik hopduran, xüsusi təravət bəxş edən təbiət lövhələrinə diqqət yetirməsək, bəlkə də oxucuları Musa Yaqub poeziyasının özəlliklərindən bir qədər kənarda qoymuş olarıq:

– Ağacda quşların yuxusu baldır,
Sığınıb budağın yarpaqlarına.
Arılar elə bil qapqara xaldır.
Yapışıb güllərin yanaqlarına.

Yaxud,

Bu payız küləyi həzindir nесə,
Könlüm quşa dönüb uçar yerindən.
Çıxmaz xatirimdən о aylı gecə.
Torpaq qoxusunu duydum dərindən.
Meşənin kölgələr qarışığında,
Vələs yarpaqları düşürdü zər-zər.
Lapan yarpaqları ay işığında
Ayı pəncəsinə bəzəyirdilər.

Bundan sonra baş verənlərin poeziyanın dili ilə ictimailəşdirilməsi artıq Musa Yaqubun öz ölkəsinin əsl vətəndaşı, ziyalısı, şairi, başlıcası isə BÖYÜK İNSANI olduğunu dönə-dönə təsdiqləyir. Musa Yaqub dəryasından bir damla olan “İndi desəm nağıldır” gerçəkdən də Azərbaycan tarixinin bir parçasıdır. Axı tarix təkcə rəqəmlərdə yazılanlardan ibarət deyil…

İstənilən canlı və ya cansız əşya duyğulu insanlara doğmalaşa bilər. Kasıb ailənin uşaqlarını inəyin bircə dəfə südlə, toyuğun yumurta ilə xilas etməsi, lap elə yazı masasının, məişət əşyalarının insana təmənnasız şəkildə hərəkətsiz xidməti bu canlı və cansız əşyaların sahiblərinə doğmalaşması üçün yetərli sayıla bilər. Onda qalmışdı ki, Laçın kəlin bütöv bir kəndi illərlə aclıqdan qurtarmasına… bu heyvana bəlkə heykəl qoymaq da azdı. Çoxlarının unutduğu bu yaxşılığı Musa Yaqub öz poemasında xüsusi bir sevgi və mərhəmət hissi ilə abidələşdirib, onun yaxşılıqlarını dəyərləndirib:

– Laçının
Kölgəsi dağ oldu birdən.
Laçın əjdahaydı,
Laçın gəmiydi.
Fəzli də minirdi belinə hərdən,
Fəzli də
Belində milçək kimiydi.

Laçınla bağlı xatirələrin çözümünə bir qədər sonra qayıdacağıq. Poema həm də ona görə tariximizin bir parçasıdır ki, burada cərəyan edən hadisələr təkcə Laçının şücaətlərinin tərənnümündən ibarət deyil. Laçınla ilgili baş verən bütün proseslər o dövrdəki yaşam tərzinin ayrı-ayrı nümunələrini oxucuya çatdırır. Əlbəttə əgər buna yaşamaq demək mümkündürsə. “Dəstəçidən qaçırdım, o da vurdu kürəkdən” yazan müəllif bununla İkinci Cahan Savaşından sonra sümükləri hələ bərkiməmiş uşaqların əməyinə nə qədər ehtiyac olduğunu, uşaqlar işlərinin öhdəsindən gələ bilməyəndə isə onların rəhbərlər – “dəstəçilər” tərəfindən amansızcasına döyüldüklərini bildirir. Kolxozçuların məşhur 1 May bayramını cəmisi yarım gün istirahət imkanı əldə etməsindən ruhlanan cütçü azyaşlıların bu yarım gündə necə şadlanmasından da yazmağı unutmur:

İki yumurta
Bir çətvər yağım
Süfrədə bağlı
Mən də gedirəm,
Fəzli də gedir,
Kərim də gedir.
Ağac qaşığım
Cibimdə gedir.
Qoltuğumdadır
Qalaylı nimçəm.
Başdan-ayağa
Şadlıq sevincəm.

…Cütçülər torpaqları şumlamaq üçün arana köç etməli olurlar. Laçın yenə də kəllərin önündədir. Amma kəndindən, doğmalarından aralı qalmaq kiçik yaşlı Musaya yaman yer edib. Cilovçu işinin ağırlığı da bir tərəfdən:

Bir aydı ki, arandayıq,
Babadağın gümüş qaşı
Çox uzaqdan baxır bizə.
Canalının sarı daşı
Çox uzaqdan baxır bizə.
Kimdir duran, kimdir yatan,
Səhər kotan, axşam kotan;
Bu tikanlı, çayırlı yer
Öküzləri üzüb daha.
Kəllər sanki bezib daha.

Darıxan kotançılar uzaqdan qaraltı görən kimi özlərinə gəlirlər. Zənn edirlər ki, bu atlı kənddən gəlir. Amma onun kimliyini dəqiqləşdirmək o qədər də asan deyil. Bunun oxuculara bir fərqi olmasa da, kənddən sovqat gözləyən yorğun kotançılar üçün bu gəlişin sevincli anlarını yaşamaq qədər gözəl heç nə ola bilməz. Səfərdir, sədrdir, forslu Kərəmdir… axır ki, gələn “gözətçi, qıçı gülləli Bayram” olur. Ayağına müharibədə güllə dəymiş Bayram da həmkəndlilərini görüncə sevincindən şikəstliyini yaddan çıxarıb sürüşüb atın üstündən yerə atılır. Onun gətirdiyi xurcunlarda hamıya pay-püş, İsmayıllıda həmişə bol olan meyvələr var. Səlmi xala bütün kəndin insanlarının əzizinə çevrilmiş Laçın kəlin duz payını da Bayramdan yollayıb. Burada bircə pay göndərəni olmayan yetim Fəzlinin torbası yoxdu. Düzdür, çətin günlərin mehribanlaşdırdığı kotançılar onu da təbii ki ac qoymazlar. Ancaq Fəzlinin kimsəsiz qalması da müharibənin qoyub getdiyi qan-qadalı izlərdəndir. Özündə gerçəkliyi əks etdirən bu obrazın və ona göstərilən qayğının qələmə alınması bu tipli yüzlərcə, minlərcə taleyin ümumiləşdirilməsi olmaqla bərabər, böyük tərbiyəvi əhəmiyyətə malik mental xüsusiyyətlərimizin təbliğidir. Bu dəqiqələrdə Musaya ən əziz adamsa Bayramdır:

– Amma indi dünyanın
Ən mehriban adamı
Bayram idi mənimçin.
Kənddən gələn kim isə
Anam idi mənimçin,
Atam idi mənimçin,
Bayram idi mənimçin.

Laçının ölümü

…Kotançıların işi yarımçıq qalır. Yuxudan duranda hər yerin ağappaq qar örtüyünə büründüyünü görürlər. Bu qanqaraçılıq özüylə həm də bir sevinc gətirmişdi:

Kəndə gedəcəyik, biz kəndə, kəndə
– Kəndə gedəcəyik!
Atlanın görək! –

İş yarımçıq qalsa da, kəndə getməyin sevincini yaşayanlar tez bir zamanda çarıqları bərkidib, kotanları, qab-qacağı, çay qəfədanını, yataq ləvazimatlarını arabalara yükləyib yola düşürlər. Əyriçaydan keçəndə arxadan gələn arabalardan biri batır. Bir anda hamı ümid yerinə səslənir:

– Laçını qaytarın!
Laçını!
Laçın!!!
Bu səs uğuldadı qulağımızda,
Qar uddu bu səsin həyəcanını.
Qaytardıq geriyə
bu qarda, buzda
Laçını – kəllərin pəhləvanını.

Laçını topuna qədər palçığa batmış arabaya qoşurlar. Böyründə heç bir kəl duruş gətirə bilmir.

Laçın baxan kimi bildi işini,
О heç dəyişmədi öz yerişini.
Bu kələ quru da, lehmə də birdi…
Qafar samılan düzəldən kimi
Laçın boyunduruq altına girdi.
(Onun cəsarəti, həvəsi nəydi?!)
Laçın bir güc gəldi
Şumalı əydi
Təpəli qoşdular,
Təpəli əydi.
Laçına tay hanı?
Hər kəli əydi.
Tavarı qoşdular,
yıxdı Tavarı

Bir kəndin ümid yeri olan Laçın, nəhayət, bu ağır yükün altına tək girməli olur. Qeyrətli kəl bütün gücünü işə salsa da təkərləri bütöv palçığa batmış yüklü arabanı çıxara bilmir. Bu onun bəlkə də həyatında ilk acı məğlubiyyətidir. Məğlubiyyətlə barışmaqsa Laçına yaraşmır:

– Gözləri pırtlayıb çıxır yerindən,
Laçın vurdu yerə dizini birdən
Çökdü,
yox, sözünə baxmadı bu yük.
Laçının bu dərdi dünyadan böyük…
О qalxdı,
dayandı,
ha bir də çəkdi,
Laçının qıçlan dirək-dirəkdi.
Qan gəldi qızardı gözü Laçının,
Gücdən qançır oldu dizi Laçının.
Zəncir qıjıldayır, çatlayır samı,
İstəyir Laçını saxlasın hamı;
Bütün qüvvəsini toplayıb ancaq
О çəkir,
vurnuxur,
dözür bir sayaq…

Laçın şüurlu insanlara belə ibrət dərsi verəcək tərzdə əqidəsindən dönməyərək acı məğlubiyyəti yaxın buraxmaqdansa, son dəfə güc vurub özünü qurban verməyi üstün tutur. Bir elin dirəyinin ölümünü kotançılar göz yaşları ilə qarşılayırlar:

Deyəsən Laçının yaşardı gözü,
İlk dəfə ömrünə qocalıq sözü
yazıldı sanki.
Dünyanın ən böyük bir pəhləvanı
Bizim qarşımızda basıldı sanki.
Bütün kotançılar baxırdı kələ,
Fəzlinin gözündən lap yaş axırdı.

Musa Yaqubun yuxusuz gecələrindən biri… Laçın can verir… Heç kim mürgüləməkdən özünü saxlaya bilməsə də, balaca Musa Laçını tək buraxa bilmir bu məqamda. Onunla bağlı xatirələrini yada salır. Çox sonralar həmin xatirələr “İndi desəm nağıldır” poemasının əsas mövzusuna çevriləcək:

Əyilmədi bir кəгə
Sənin polad dizlərin
Toxum kimi səpilib
Şuma dəvə izlərin,
Düzə dəvə izlərin.
Tayalar qaldırmısan
Düzdə, xırman yerində
Sünbüllərimiz bitib
Sənin ləpirlərində.

Bu anda Laçın kəl qayadan qopmuş nəhəng bir daş parçası kimi yerə sərilir. Gurultuya bütün kotançılar yuxudan ayılırlar. Şair bunu dağ uçqunu ilə müqayisə edir. Əyriçayın belə bu gurultudan vəcdə gəldiyini, yıxılarkən kəlin buynuzlarının yaxındakı ağacın budaqlarını sivirdiyini yazır. Kənd camaatının bu xəbəri müdhiş bir olay kimi qarşılayacağını düşününcə daxilində o vədə baş qaldırmış pərişanlıq hisslərini yazıya çevirir. 1972-ci ildə qələmə aldığı bu poemada keçmiş çətin illərin bütün təfərrüatını canlandıran şair poemanın epiloqunda indi Laçının canı bahasına salınan şumların, səpilən dənlərin müasir avadanlıqlarla çox asan başa gəldiyini qeyd edir. Lakin həmin günləri unutmamağı tövsiyyə edərək, torpağa hörmətlə başlayan poemanı elə torpağa hörmət nidası ilə də tamamlayır:

– О günlər söz-söz oldu,
Ürəyimə yığıldı.
Əzizlərim, sizinçin
О günlər bir nağıldı.
Nağıl tək baxmayın amma keçmişə,
О illərdən gəlir eşqim, həvəsim.
Bilin, əzizlərim, mənim həmişə
Torpaq haqda olur birinci dərsim.

Musa Yaqub poeziyası – etibarlı yol yoldaşı

Musa Yaqubun kiçik həcmli şeirləri kimi, poemalarına da bədii və məzmun baxımından dəyər vermək həm çətindir, həm də asan. Asandır ona görə ki, səmimiyyət, həyat həqiqətləri üzərində qurulmuş bu mövzular, yuxarıda da qeyd etdiyimiz kimi ölkə vətəndaşlarının, eləcə də dünyaya səpələnmiş soydaşlarımızın əksəriyyətinin, başqa sözlə milli-mənəvi və bəşəri dəyərləri dərk edərək ömür sürən soydaşlarımızın yaşantılarının məcmusudur. Ürəyi gerçəkdən bu torpaqla, bu vətənlə birgə döyünən hər bir azərbaycanlı bu səmimiyyəti gördükdən sonra Musa Yaqubu özünün məsləkdaşı, yaxını, doğması hiss edir, onunla əsərləri vasitəsilə dərdləşdikcə yüngülləşir, özünü daha tənha hiss etmir. Bir andaca xəyalında canlandırdığı dağ zirvəsi kimi əzəmətli, bulaq suyu kimi təmiz, füsunkar yaşıllıqlardan ilhamlanaraq ərsəyə gətirilmiş, cəmiyyətdəki acılı-şırınli bütün nüanslara güzgü tutan poeziyanın hamıya mərhəm olan sehrinə düşərək bitib-tükənməyən ümid yolunda yanında belə bir yol yoldaşının, həm də etibarlı yol yoldaşının olmasından zövq alır, təsəlli tapır. Bu ədəbi düşüncələr anamızın beşik başında çaldığı laylalarla qanımıza hopan doğma dildə qələmə alındığından onları elə ilk baxışdaca qavramaq da çox asan görünür.

Başdan-başa milli kolorit və ümumbəşəri dəyərlər üzərində yaranmış Musa Yaqub poeziyasının böyük əhəmiyyəti, çalarları barədə saatlarla danışmaq, yazmaq olar.

…Əlbəttə ilk baxışdan asan görünən Musa Yaqub poeziyasını yetərincə anlamağın çətinlikləri də var. Böyük şairin fikir tutumlarının meyarları nəhəng dəryanın əlçatmaz ənginlikləri ilə müqayisə oluna bilər. Dəryadakı qənimətləri əldə etmək nə qədər çətindirsə, Musa Yaqub dərinliyini də sona qədər anlamaq bir o qədər çətindir. Nə yaxşı ki, şair bizi üslubi baxımdan ədəbi-bədii çətinliklərdə qərq eləmək istəməyib. Onda hər misranın açmasından ötrü onun şəxsi qapısını döyməyə məcbur olardıq. Lakin o, ənənəsinə və şəxsi keyfiyyətlərinə əbədi sadiq qalaraq poetik düşüncələrindən hamının faydalanmasını vacib sayıb. “Bənövşə gileyi”ndə yazdıqlarını təsdiqləməklə:

Torpaq öz xeyrinə ayılsa bahar,
Çəmənlər ayılsa gülüstan olar;
İnsan öz xeyrinə ayılsa heç nə…
Çilik-çilik olar bir şüşə kimi,
Elin işi-gücü tökülüb qalar.
Yollara boylanan bənövşə kimi
Vətənin də boynu bükülü qalar;
Hərə öz xeyrinə ayılsa heç nə…

Şair dostumuz Qulu Ağsəsin səhərin gəlişini dəyərləndirən çox maraqlı bir fikri var. Deyir “səhər həm də ona görə gözəldir ki, bu vədə hələ pis adamlar yuxudan durmayıb, hələ qan tökülməyib, hələ yalan danışılmayıb…” Düşünürəm ki, Musa Yaqub poeziyasını da elə günün sabah vədəsində oxusalar yaxşıdır. Yəqin ki, bu əsərləri oxuyan adamlar nəinki yuxudan duran kimi, heç günün sonunda da, sabah da, biri gün də, heç vaxt qan tökməz, yalan danışmaz. Musa Yaqub poeziyası hətta nə vaxtsa qan tökənləri də haqq yoluna qaytarmağa qadirdir. Musa Yaqub poeziyasında ictimai-siyasi çalarlar lap çoxdu. Ancaq istiqamət baxımından bu yazılar sinfi, formasiya mübarizəsindən daha çox insanlaşmaya, paklaşmaya xidmət üzərində köklənib. Musa Yaqub insan amilinə xidmət etməkdən zövq alır. İnsan amili demokratiya, ədalət, hüquqi dövlət, qanunun dominantlığını diqtə edən müasir idarəçilik formalarının başlıca şərtidir. Biz “insan amili”, “insan haqları” məfhumunu Sovet dönəmindən sonrakı çağlarda daha çox eşidirik, oxuyuruq. Amma Musa Yaqub Sovet illərində yazdığı şeirlərində belə insan amilinə xüsusi önəm verməklə dünyada bizdən xəbərsiz gedən bu ideyaları yalnız öz vicdanının səsilə təkrar-təkrar dəstəkləyib. O, böyük söz adamı kimi indiki dövrün də çatışmazlıqlarını qələmə almaqdan çəkinməyib. İndiki naqislikləri görməkdə də yenə əksəriyyətimizi qabaqlayıb. Bu onun vətəndaş təəssübkeşliyinin, şair, ziyalı hünərinin, böyük intellektual potensialının, sağlam təfəkkürünün nəticəsidir:

– Üstümə nə qarmaq atırsan bala,
Yaxama ilişən neçə qıra var
Lap belə gül kimi siyasət ola,
Onda da bir hiylə, bir iftira var.

Musa Yaqub yalanı, riyanı, məqsədli – saxta təbəssümləri, alçala-alçala, rəhbərə yarınmaq üçün gündə yüz dəfə ölə-ölə yaşayanları, min dona girənləri, satqınları, ev yıxanları, poemalarda adını çəkdiyimiz qara qüvvələr – Qara Divlərlə müqayisə edir, onları ifşa etmək, onlardan təmizlənmək üçün bütün cəmiyyəti səfərbər olmağa çağırır, bir sıra məqamlarda onların naqisliklərini vəhşi təbiət hadisələri ilə eyniləşdirərək hər şeyi yalnız öz adı ilə çağırır. Onun yaradıcılığı və şəxsiyyətinin bir-birini tamamlamasını müasirləri də çox yüksək dəyərləndiriblər. Tanınmış yazıçı Nahid Hacızadənin Musa Yaqub şəxsiyyətinə verdiyi dəyəri xatırlatmaq burada çox yerinə düşür: “Boynuna diri ilan sal, qəlbi deməyəni dilinə gətirməz, boğazdan yuxarı söz deyib, nəyinsə naminə qələm götürməz. Musa Yaqub insan kimi də, şəxsiyyət kimi də bütövdür, əyilməzdir. Onu sındırmaq çətindir. O, bütün vəziyyətlərdə özü olaraq qalmağı bacaran mərd-mərdanə bir insandır. El arasında deyildiyi kimi: “Dost olmalı, arxa çevirməli adamdır””.

Musa Yaqub yaradıcılığı ilə təmaslarını davam etdirmək istəyənlərin diqqətinə onu da çatdırmaq istəyirəm ki, görkəmli şairin “Həzrət Baba Piri”nin yaranmasından bəhs edən “Babadağın ağ dumanı”, Azərbaycanın ölməz şairi Bəxtiyar Vahabzadənin “insan qüdrətinə ən gözəl himn” adlandırdığı “Neft Daşlarında gecə yarı”, “Sual”, “Dünyanın Lələ dərdi”, “Ad”, “Qırqovulam, təkəm mən”, oğlu Şəhriyara həsr etdiyi “Quşların qış söhbəti” poemalarının hər birində də mövzusundan asılı olmayaraq mənsub olduğu xalqın, qoynunda yaşadığı Vətənin taleyinə ilgili bütün məqamlar öz əksini tapıb. İndi ömrünün ahıl çağlarını yaşayan şairin daha böyük, daha sanballı əsərlər ortaya qoyacağına inanırıq. İnamımızı onun əbədi Vətən, insan, təbiət sevgisi və şair narahatçılığı möhkəmləndirir.

Son

P.S. İndi kitab oxumaq vərdişini az qala tamamilə yadırğayan bir gənclik formalaşır. Bu gənclərin hansı ruhda böyüyəcəyini düşününcə təkcə onların özlərinin deyil, bütövlükdə Azərbaycanın taleyinə görə bir rahatsızlıq yaşamalı olur insan. Bu baxımdan həm dünyalarını dəyişmiş ədiblərimizin, həm də canlı klassiklərimizin yaradıcılıqlarının xüsusi təbliğata ehtiyacı var. Görkəmli şairimiz Musa Yaqubun yaradıcılığı barədə qeydləri ictimailəşdirən Modern.az internet saytına, bu yazıları öz səhifələrində yerləşdirən başqa portallara, facebook şəbəkəsində tirajlandıran istifadəçilərə, çap məhsullarında dərc etmək üçün müraciət edənlərə, bütün dəyər verənlərə təşəkkürümü bildirirəm.

Digər məqalələr

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO