Azərbaycanın gerçək tarixi (III yazı)

Musa Yaqubun poetik dünyasına səyahət

Musa Yaqub “Dəyirman” poemasının giriş hissəsində xəyalən klassik şairimiz, məşhur
– Oxşayır kündə ayağımda dəyirman daşına,

Qanlı göz yaşımla işlər bu dəyirmanım mənim

beytinin müəllifi Xaqani Şirvani ilə görüşür və ondan əsrlərlə dəyirmanın içində oturmasının səbəblərini soruşur. Elə buradaca fırlanan dəyirman daşlarının zəmanələrə bənzəməsi faktını nəzmin dili ilə oxucularına çatdırır:

– Ağır daşlar zindan kimi

Bu sənsənmi, ey Xaqani,

Bu dəyirman səninkimi?

Necə ahdı, amandı bu?..

Daşlar – dönən bəxtindimi,

Yoxsa çərxi-dövrandı bu?..

Dayan görüm, ey Xaqani,

Sən nə əcəb oturmusan dəyirmanda?

Yoxsa, şair, uduzmusan

Zəmanəylə toqquşmada,

О üsyanda?..

Poemanın Xaqaniyə xitabən şah sarayındakı dəbdəbəli həyatı buraxaraq xalqın içərisində yaşamağa üstünlük verən hissəsində duyğusal oxucu Musa Yaqub həyatının da oxşar minvalla günümüzə gəlib çatdığının və beləcə davam etdiyinin fərqinə varır. “Lap sarayın kandarında yatmaq üçün sürünənlər var idilər” ifadəsinin aktuallığını isə yəqin ki, heç kim dana bilməz.

Müəllif Xaqani taleyini nümunə çəkməklə, bütün işıqlı adamların, əsl ziyalıların qaranlığı, zülməti xoşlayan yarasa xislətlilər tərəfindən sevilməməsini oxucusuna çatdırır:

– Dəyirmanda yuva qurmaq

İstəyən о yarasalar

İşığından düşüb bezar,

uçar, açar…

İndi bildim, lovğa şahlar,

О nadanlar, о bədxahlar

İstəməyib səni niyə,

Tələsiblər

bu işığı söndürməyə.

Bu çərxi-dövrandı, fırlat!

…Aradan səkkiz yüz il keçib. Xəyaldan ayılan şair xəyalında canlandırdığı Xaqani timsallı nurani qocanı nə vaxtsa həyatda gördüyünü zənn edir. Özü də elə dəyirmanda. İkinci Dünya Savaşından sonrakı aclıq, qıtlıq illərində insanların dayağına çevrilmiş dəyirmanda. Qışın qarlı, sazaqlı günlərində. (Burada Musa Yaqub yaradığılılığına ilgili maraqlı bir məqam da var. Sonrakı yaradıcılığında xüsusi həssaslıq və sevgi ilə İsmayıllının qışından heç vədə əskik olmayan bəyaz qara çoxlu şeirlər həsr etmiş Musa Yaqub çətin günlərə aid olan bu poemasında insanlara zülmlü, ağrılı günlər yaşadan qarın o çağlarçün arzuolunmazlığını da dilə gətirir: “Un olsaydı, dən olsaydı heç bu qədər tökülməzdi…”). Poemanın bu yerində dəyirmanın əsl mahiyyəti özünə yer edir:

– Bir elatın ömrü, günü, dolanışı,

Fırlanmırdı kəndimizdə

Dəyirmanın çopur daşı.

Bir dəyirman boğazının

Dənsiz qalıb soyuması

Qurutmuşdu min boğazı.

Hər ümidsizlikdə bir ümid, hər qaranlıqda bir işıq var deyirlər. Asanlıqla tapılmayan bu ümid işığı da çətinliklə fırlanan dəyirman pərlərinin sonucda insana bəxş edə biləcəyi ruzuya bənzəyir. Poemada kənd əhalisinin Yəhər dağın ətəyində işləyən, suyu heç vaxt donmayan yeganə dəyirmanın sorağını alması da ümid işığıdır, doqquz yaşlı Musanın dağarcığı belində kənd əhlinə qoşulub dəyirmana getməsi də, doqquz yaşlı uşağın bir ailənin ümid yeri, kişisi olması da. Bunlar talelərdir. Yenə də dəyirman pərlərinə bağlı talelər. Həm müstəqim, həm də məcazi mənalarda…

– Mən də elə

Gedirdim bu dəstə ilə.

Yamaqlıydı çarıqlarım,

Kövşələri didim-didim.

Doqquz yaşlı bir uşaqdım,

Amma evin kişisiydim.

Gedəsiydim

Lap başaçıq, ayaqyalın.

Ən balaca yolçusuydum

mən bu yolun.

Keyimişdi barmaqlarım,

Taxta idi ayaqlarım.

Bu taxtanı sürüyürdüm,

Bədənimdə о soyuğu,

О şaxtanı sürüyürdüm.

…Ümid işığının ardınca gedən doqquz yaşlı ev kişisinin daha bir ümid işığı dəyirmanda közərir. Musanın arıq, çəlimsiz, “sərçəbədən”, həm də bu qarlı-tufanlı havanın məcburi yolçusu olmasını görən qoca, nurani dəyirmançı onu ocağın yanına aparıb isidir. Dağarcığını çəkilmiş unla dolduranda isə balaca dağarcığa işarə edərək “Mənim unum bərəkətlidir, daha tabağınızdan çörək əskik olmaz” deməsi uşağa daha bir qol-qanad verir. Qocanın nurani görkəmi Musa Yaqubun yaddaşına əbədi həkk olur. İndi yəqin oxucular da xatırladı ki, Musa Yaqubun Xaqaniyə bənzətdiyi nurani qoca kimdir:

– Bir dəyirman nağlı idi

Gördüklərim…

Danışırdım öz-özümə,

İsinirdim öz közümə.

Sinəm bir az dolu idi,

Qarlı cığır mənim üçün

Bir ağ ümid yolu idi.

Keçib getdi о qar, boran…

Ey Xəqani, bəlkə elə

Həmin qoca sən olmusan.

Dəyirman da o dəyirman.

Xaqaninin hələ də el-obaya əbədi bərəkət paylayan köhnə dəyirmanında oturub “işlədiyini, yaşadığını”, dəyişən zəmanələr girdabında “üyütməyə” öyrəncəli “digər dəyirmanlar”ın hamısının özlərinin də üyüdülərək sıradan çıxması fonunda verən Musa Yaqub bununla sənətin, işığın sönməzliyini, əbədiliyini, xeyrin şər üzərində qələbəsinin gözlə görünməyən, ürəklərdə, sağlam məntiqli təfəkkürlərdə özünü yaşadan konturlarını diqqətə çatdırır, qəhrəmanının əbədi fəxarətə layiq olduğundan xüsusi zövq alır:

-Amma sənin

Dəyirmanın işlər hələ.

Un vermisən, su vermisən,

Son bərəkət paylamısan

yurda, elə.

Sən işlədən dəyirmanın

Nə təknəsi boşalıbdır,

nə şindanı.

A dövlətlim, bərəkətlim,

De, işlət bu dəyirmanı.

Zamanında şah sarayındakı dəbdəbəli həyatdan imtina etmiş Xaqaninin azad fikirli qəzəllərinin bütün dövranları adlayaraq dünya durduqca yaşayacağına inamını ifadə edən Musa Yaqub

– Bu dəyirman şöhrətinə

İndi heç kəs ortaq deyil,

Sözü fıkri azad olan

Məhbəsdə də dustaq deyil

söyləyərək “dəyirmanlar-Xaqani-zəmanələr” üçbucağını keçmiş, müasir və gələcək prizmalardan dəyərləndirir, klassik şairimizin əbədi yaşayacağını möhürləyən fikirlərlə poemanı tamamlayır:

– İşləyəcək ən müasir

Çoxmərtəbə dəyirmanlar,

Amma yenə bu komana –

Sən işlədən dəyirmana

gələcəyik.

Ağır daşlar yandı,

fırlat.

Bu çərxi-dövrandı

fırlat.

(davamı var)

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO