Azərbaycanlı yazıçının əsəri Türkiyədə üçüncü yeri tutub

Azərbaycanlı yazıçının əsəri Türkiyədə üçüncü yeri tutubRiyaziyyatçı alim, uşaq yazıçısı Reyhan Yusifqızının uşaqlar üçün yazdığı “Yaşıl gözlü qız” povesti Ankarada ədəbi yarışmada üçüncü yeri tutub.

“Media forum” saytı xəbər verir ki, Türkiyə Mühəndis və Memar Odaları Birliyinin Ankara şöbəsinin nəzdində fəaliyyət göstərən Çocuq və Memarlıq Çalışmaları Mərkəzi uşaq kitabları arasında müsabiqə keçirib. “Özümü oxuyuram” adlı yarışa bugünlərdə yekun vurulub.R.Yusifqızının əsəri barədə münsiflər heyətinin rəyi belə olub: “Hadisələrin sxemi olduqca güclü qurulub, elm təmayüllü povestdir, əsər boyunca həyəcan ünsürü canlı saxlanır, ətraf mühiti qorumaq məsələsinə toxunulur”.

“Yaşıl gözlü qız” povesti 7-12 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Ədiblərdən təşkil olunmuş münsiflər heyəti üçün povesti Anadolu türkcəsinə Yasemin Bayer uyğunlaşdırıb.

Povest uşaqlara kainat haqqında məlumat verir. Əsər kosmik qəza nəticəsində Yer kürəsinə düşmüş yadplanetli qızın – Leminin Yerdə macəralarından bəhs edir. Süjet xətti boyunca kainat, qalaktikalar, planetlər, ulduzlar haqqında oxuculara elmi qaynaqlara əsaslanan maraqlı bilgilər çatdırılır.

Əsərdə planetimizin ekologiyası ilə bağlı problemlərə də geniş yer ayrılır. İnsanların təbiətə münasibəti, ekologiyaya vurulan ziyan, su hövzələrinin, atmosferin tullantılarla çirkləndirilməsi yadplanetli qızın gözü ilə müşahidə olunur. Lemi bütün bunların nəticəsinin necə ola biləcəyi barədə uşaqları xəbərdar edir.

Leminin dili ilə başqa planetlərdə həyat və onun formaları müzakirə olunur. Məlum olur ki, Leminin yaşadığı planetdə insanlar həm şüur, həm də fiziki cəhətdən daha mükəmməldirlər. Onlar telepatiya, telekinezdən istifadə etməyi bacarırlar. Onların planetində sərhədlər yoxdur, insanlar torpaq və maddi nemətlər uğrunda müharibə etmirlər. Orda insanlar yalan danışmırlar. Cəmiyyətin, ailənin quruluşu başqadır. İnsanlar daha uzunömürlüdür, maşınlar daha sürətlə hərəkət edir. Lemi Yer planetindəki uşaqlardan xeyli fərqli olsa da, uşaqlar onu tez bir zamanda sevir, öz sıralarına qəbul edir, ona kömək göstərirlər. Onu istəməyənlər, “ekspertiza üçün laboratoriyalara vermək” istəyənlər də tapılır. Amma sonda o, dostlarının köməyilə öz planetinə qayıdır.

Reyhan Yusif qızı Şıxlinskaya 1965-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin tətbiqi-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Hazırda Bakı Dövlət Universitetinin riyazi kibernetika kafedrasında dərs deyir. Fizika-riyaziyyat elmləri namizədidir. “Şəkər Villası”, “Ədəbiyyat”, “Göyərçin”, “Tumurcuq” və başqa jurnallarda otuzdan artıq hekayəsi dərc olunub. Uşaqlar üçün “Bir gün dərsdən sonra” kitabının müəllifidir.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO