Azərbaycanda “reket ” jurnalistikasına qarşı mübarizə effektli olub – Mətbuat Şurasının sədri


Azərbaycan Mətbuat Şurasının sədri hesab edir ki, “reket” jurnalistikasına qarşı mübarizə effektli olub.

“Apardığımız monitorinqlər göstərir ki, Şuranın “reket”çiliyə qarşı mübarizəsi ictimaiyyət tərəfindən müsbət qarşılanıb”, – cümə günü Trend News-a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Trend News-un arayışı: Azərbaycanın Mətbuat Şurası 2009-cu ildə 84 qəzertin “reket” jurnalistikası ilə məşğul olduğunu elan edib. Bu qəzetlərin bir neçəsi ilə bağlı araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarına da müraciət olunub.

Amaşovun sözlərinə görə, artıq şuraya daxil olan şikayətlərin məzmununda və jurnalistlərin faktlara münasibətində kifayət qədər müsbət dəyişikliklər hiss olunur.

“Bu ictimai qınaq öz təsirini göstərir, hətta bəzi məqamlarda qəzet redaktorları bizdən xahiş edirlər ki, şikayətlərə şurada yox, məhkəmədə baxılsın və hüquqlarımızı müdafiə edək”, – şura sədri əlavə edib.

Amaşov deyib ki, “reket” qəzet redaktorları etiraf edirlər ki, “qara siyahı”ya düşəndən sonra onların əməkdaşları obyektlərə gedərkən müəyyən çətinliklərlə qarşılaşırlar.

“Onlar deyirlər ki, bir çox yerdə artıq həmin qəzetlərin nümayəndələrini qapıdan içəri buraxmırlar. Məncə, bu böyük uğurdur”, – o deyib.

Onun fikrincə, “reket” qəzetçiliyə sifariş cəmiyyətdən gəlirdi.

“Bizə məlum olub ki, jurnalistlərin peşə davranış qaydalarının pozulmasından çox, cinayət tərkibli hallar müşahidə olunur. Çünki kimsə kimisə qorxudur, hədə-qorxu gələrək rüşvət alır. Məsələn, bəzi qəzetlər hər hansısa məmur, yaxud dövlət müəssisəsinin fəaliyyəti ilə bağlı anons verir, amma heç bir yazı yazılmır. Nəticədə, hədəfdə kimdirsə, onunla əlaqə yaradıb pul alırlar”, – Amaşov vurğulayıb.

Şura sədrinin sözlərinə görə, bu cür hərəkətlərin əksəriyyəti cinayət tərkibli olur.

“Kütləvi informasiya vasitələrinin qeydiyyatı sərbəstləşəndən sonra Azərbaycanda yaşayan bir sıra işgüzar insanlar özlərinin maliyyə problemlərini həll etmək, ayrı-ayrı insanlardan intiqam almaq, düşmənləri ilə savaşmaq üçün “reket” qəzetçiliyinə üstünlük verirlər. Hətta elə ailə var ki, 30-ya yaxın qəzet təsis edib. Bu dərəbəyliyin qarşısını almaq üçün “reket” jurnalistikasına qarşı başlatdığımız mübarizə labüd idi”, – o qeyd edib.

Amaşov xatırladıb ki, 2009-cu ili “reket” qəzetlərə qarşı mübarizə ili kimi uğurli hesab etmək olar. “Şuranın şikayətlər komissiyasına daha bir neçə müraciət daxil olub. Biz ilin axırında bir daha “reket” qəzetlərə qarşı apardığımız mübarizənin yekunu ilə bağlı açıqlama verəcəyik”, – şura sədri bildirib.

Azərbaycanda dörd minə yaxın kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KIV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO