Azərbaycanda qəzet redaktoru vəfat edib

“Ağdaş” qəzetinin redaktoru Fariz Zal oğlu Rüstəmov yanvarın 26-da dünyasını dəyişib. Bu barədə Lent.az-a Azərbaycan Mətbuat Şurasından bildirilib.

F.Rüstəmov 60 il ömür sürüb. Jurnalist peşəsinə bağlandığı 40 il ərzində yazıb-yaratdıqlarının böyük əksəriyyəti doğulub boya-başa çatdığı bölgə ilə bağlı olub. Ağdaş rayonunu timsalında bütövlükdə Azərbaycan cəmiyyətini düşündürən neçə-neçə sanballı sənət nümunələri ilə tanınıb. Qələm dostları, F.Rüstəmovu tanıyanlar səmimiyyətlə etiraf edirlər ki, son qərinə ərzində əyalətdə onun qədər məhsuldar yazan həmkarımıza rast gəlmək çətindir.

Farizin ilk məqaləsi 14 yaşında “Azərbaycan pioneri” qəzetində işıq üzü görüb. Sonra bu sıraya “Kommunist” (indiki ”Xalq qəzeti”), “Sovet kəndi”, “Azərbaycan müəllimi”, “Ədəbiyyat və incəsənət”, “İnşaatçı” qəzetləri, “Kənd həyatı”, “Müxbir”, “Azərbaycan qadını” jurnalları və digər mətbu orqanlar əlavə olunub. Silsilə yazıları respublika radiosunun “Gənclik” və “Günün səsi” proqramlarında səslənib.

F.Rüstəmov 1973-cü ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra “Ağdaş” qəzetində işə dəvət edilib. Onun bu mətbu nəşrdə, eləcə də digər kütləvi informasiya vasitələrindəki yazılarında kənd həyatının real mənzərələri, uğurları, kəm-kəsirləri sənətkarlıqla, obyektiv surətdə əksini tapıb. Ədəbi işçi, məsul katib, rayon icra hakimiyyətində etimad göstərilən vəzifələr, nəhayət 2003-cü ildən ömrünün sonuna kimi yerli qəzetin redaktoru – onun əmək bioqrafiyası bu ardıcıllıqla davam edib.

2005-ci ildə əməkdar jurnalist adına layiq görülən Fariz Rüstəmovun yaradıcılığı Həsən bəy Zərdabi və “Qızıl qələm” və digər mükafatlarla qiymətləndirilib.

Allah rəhmət eləsin, ruhu şad olsun!

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO