Azərbaycanda ən yaxşı tərtibatı olan qəzetlər varmı?

Beynəlxalq aləmdə qəbul olunmuş prinsiplərə görə, əsl jurnalistika obyektiv, qərəzsiz, ədalətli və dəqiq olmalıdır. Bu prinsiplərə cavab verməyən mətbuat oxucu etimadı qazana bilmir. Amma bu prinsiplərlə yanaşı, media orqanının nə dərəcədə populyar və oxunaqlı olmasını müəyyən edən başqa bir məsələ qəzetlərin tərtibatıdır.

Modern.az saytı xəbər verir ki, 9 milyondan artıq əhalisi olan Azərbaycanın qəzetlərinin ümumi tirajı ən yaxşı halda 15 mini aşa bilmir ki, bu da çox zəif göstəricidir. Halbuki, Qərbdə elə universitetlər var ki, onların qəzetlərinin tirajı bizim mərkəzi qəzetlərimizi üstələyir. Türkiyədə ümummilli qəzetlərin həftəlik tirajı nəinki Azərbaycan, ümumilikdə Cənubi Qafqazdakı bütün qəzetlərin aylıq tirajına bərabərdir.

Diqqət etsək, bu gün bizim qəzetlərin böyük əksəriyyətinin tərtibatının, dizayn məsələlərinin sovet dönəmindəki mətbuata daha çox oxşadığı üzə çıxar. Yazılara sərlövhələrin seçilməsi, başlıqların qoyulmasında da qabağa gedə bilməmişik. Halbuki tərtibat, dizayn, sərlövhə məsələsi qəzetlərin oxunmasında əsas şərtlərdir. Qəzetin vizual görünüşü, onun oxunaqlı olması məsələsində aparıcı amillərdən biridir. Pis dizayn materialı gücləndirmir, əlavə heç bir məlumat daşımır.

Parlament (Tərəfsiz) Jurnalistlər Birliyinin apardığı monitorinqlər zamanı məlum olub ki, gündəlik qəzetlərdə yer alan ümumi yazıların 90-95 faizi eyni formada və eyni məzmundadır. Bu isə qəzetlərə olan marağı həddən artıq aşağı salır. Azərbaycan qəzetlərinin redaktorları bu işə o qədər də önəm vermirlər. Adətən redaktorlar tərtibatı işinə qarışmır. Dizaynerlər isə məqaləni yazan jurnalistlərlə əvvəlcədən məsləhətləşmir, ümumiyyətlə məqalənin içində nə yazıldığından bixəbər olurlar. Bir sözlə heç kimi informasiya dizaynı maraqlandırmır.

PJB belə qənaətə gəlib ki, bu məsələdə beynəlxalq ekspertlərin təcrübəsində yararlanmaq vacibdir. Odur ki, təşkilat Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun dəstəyi ilə “Qəzetlərin tərtibatında Türkiyə təcrübəsinin tətbiqi” adlı layihə həyata keçirəcək. İkin varintda ölkənin aparıcı 10 qəzetinin tərtibat, dizayn və başıqlar məsələsi müzakirə ediləcək. Mütəxəssislər və ayrı-ayrı oxucu kütləsinin bu barədə fikri alınacaq. Nəticədə ən yaxşı tərtibatı olan qəzetlər müəyyənləşəcək. Sonra isə Türkiyəninn “Hürriyət” qəzetindən Azərbaycana mütəxəssis dəvət olunacaq. Qəzet dizaynerləri üçün seminar təşkil olunacaq. Sonra bu seminarın qəzetlərin dizayna təsiri məsələsi öyrəniləcək.

Layihənin məqsədi Azərbaycan mətbuatının inkişafına yardım göstərmək, qəzet oxucularının sayını artırmağa təkan verməkdir. Bu məqsədlə qəzetlərin tərtibatı, dizayn məsələsi, həmçinin yazılara başlıqların seçilməsində Türkiyənin qabaqcıl təcrübəsindən yararlanmaqdır. Bununla bağlı PJB Türkiyə Qəzetçilər Federasiyası ilə razılığa gəlib.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO