Azərbaycanda media və uşaq ombudsmanları niyə yaradılmır?

Azərbaycanda informasiya məsələləri üzrə və uşaq ombudsmanlarının yaradılması məsələsi vaxtaşırı gündəmə gəlir.

Həm uşaqlarla bağlı, həm də media sahəsində kifayət qədər problemin, müdafiəyə ehtiyacı olan şəxslərin, qanun pozuntularının olduğunu da cəmiyyətdə hər kəs qəbul edir. Lakin dəfələrlə müxtəlif səviyyələrdə müzakirə olunmasına baxmayaraq, hər iki ombudsmanın yaradılması məsələsi hələ də həllini tapmayıb. İnformasiya məsələləri üzrə ombudsmanın yaradılması milli qanunvericilikdə, uşaq ombudsmanının yaradılması isə BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyəsində yer alıb. Elə isə, Azərbaycanda informasiya məsələləri üzrə və uşaq ombudsmanları niyə yaradılmır?

Öncə qeyd edək ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ölkədə olmadığından onun məsələlərlə bağlı mövqeyini öyrənmək mümkün olmayıb.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov APA-ya bildirib ki, Azərbaycanda informasiya məsələləri üzrə və uşaq ombudsmanlarının yaradılması Avropa Şurası qarşısında götürülmüş öhdəliklərə daxil deyil. Onun sözlərinə görə, Azərbaycanda ombudsman təsisatının yaradılması ilə bağlı istifadə olunan təcrübədə isə belə məsələlər əksini tapmayıb.

3 milyon uşaq üçün müdafiə lazımdırmı?

Uşaq hüquqları üzrə QHT Alyansının rəhbəri Nabil Seyidov isə APA-ya açıqlamasında qeyd edib ki, Azərbaycanda uşaq hüquqları üzrə ombudsmanın yaradılması ideyası 2005-ci ildə meydana çıxıb. Həmin il bu təklifi Uşaq Hüquqları üzrə QHT Alyansı irəli sürüb. Həmin ildən də Alyans bu ideyaya ictimai vəkillik edir. 2005-ci ildə ombudsmanın yaradılması ilə bağlı hətta 45 təşkilat tərəfindən Azərbaycan prezidentinə müraciət də edilib: “Azərbaycanda Uşaq Hüquqları üzrə Ombudsmanın təsis edilməsi ilə bağlı təklif BMT-nin Uşaq hüquqları üzrə Komitəsinə göndərilən alternativ hesabata da salınıb. 2006-cı ildə BMT-nin Uşaq Hüquqları Komitəsi Azərbaycanda uşaq hüquqları üzrə Ombudsmanın, yaxud Ombudsman Aparatının nəzdində xüsusi qurumun yaradılması tövsiyə edilib. Həmin dövrdən başlayaraq Alyans ombudsmanın yaradılması üçün müraciətlər edib. Bu təklif Alyansın 2009-cu ildə hazırladığı növbəti alternativ hesabata da daxil edilib”.

N. Seyidovun sözlərinə görə, Azərbaycanda uşaqların sayı 3 milyona yaxındır: “Ölkədə polisin qeydiyyatında 4 minə yaxın uşaq var. İl ərzində 2500-ə yaxın küçə uşağı, 500-ə yaxın cinayət törətmiş uşaq saxlanılır. Uşaq tərbiyə müəssisəsində 50-dək uşaq saxlanılır. 13 minə yaxın uşaq internat məktəblərindədir. Azərbaycanda 50 minə yaxın uşaq əlildir. Təxminən 200 minə yaxın uşaq isə qaçqın və məcburi köçkün vəziyyətindədir. Zorakılığa məruz qalan uşaqların sayı isə məlum deyil. Azərbaycanda 11 faiz yoxsul ailə var. Həmin ailələrdəki uşaqlar, onların problemləri, aztəminatlı ailələr… Bu sayda uşağın hüquqlarının müdafiəsi ilə kimsə məşğul olmalıdır? Bu uşaqlara qarşı baş verən hüquq pozuntularının aradan qaldırılması üçün müstəqil qurum olmalıdır. Azərbaycanda dövlət qurumları ilə vətəndaşlar arasında münasibətlər hələ formalaşma mərhələsindədir. Bu baxımdan uşaq hüquqları ilə ayrıca məşğul olan ombudsamnın yaradılması çox vacibdir. Ölkə prezidenti parlamentə namizədlər verməli, parlament onlardan birini təsdiq eləməlidir. Uşaqlarla böyüklərin fərqi çoxdur. Uşaq ombudsmanın yanaşmaları, istifadə etdiyi metodikalar böyüklərə qarşı yanaşmalardan tamamilə fərqlidir. Buna görə də insan hüquqları üzrə ombudsmanın fəaliyyəti uşaq ombudsamanın fəaliyyətindən fərqlənəcək”.

QHT rəhbəri deyib ki, Uşaq Ombudsmanı təsisatı Ombudsman Aparatının nəzdində ayrıca qurum kimi də yaradıla bilər: “Bu vəzifə bir daha parlament tərəfindən təsdiq edilməlidir. Ombudsman haqqında konstitusiya qanununa əlavə edilməlidir ki, Azərbaycanda Uşaq Hüquqları üzrə müvəkkil fəaliyyət göstərməlidir. Həmin müvəkkil birbaşa uşaq hüquqları sahəsinə məsul olmalıdır. 1998-ci ildə qəbul edilmiş “Uşaq hüquqları haqqında” qanuna da əlavə edilməlidir ki, Azərbaycanda uşaq ombudsmanı təsis edilir, bu şəxs uşaqların pozulmuş hüquqlarının bərpası ilə məşğul olacaq. Bəzən deyirlər ki, artıq Azərbaycanda uşaqlarla bağlı fəaliyyət göstərən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi var. Amma Uşaq Ombudsmanı uşaqların pozulmuş hüquqlarının bərpasına çalışır, komitə isə uşaqlara dair dövlət siyasətinin hazırlanması, tətbiqi ilə məşğul olur”.

N. Seyidov deyib ki, Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında Uşaq Ombudsmanının yaradılması ilə bağlı bilavasitə öhdəliyi yoxdur: “Azərbaycanın da qoşulduğu BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasında bildirilir ki, üzv ölkələr uşaqların müdafiəsi ilə bağlı milli müdafiə mexanizmləri hazırlamalıdır. Bu milli müdafiə mexanizmlərindən biri də Uşaq Ombudsmanıdır. Hazırda dünyanın 50-dək ölkəsində Uşaq Ombudsmanı fəaliyyət göstərir”.

Uşaqlar tərəfindən törədilən cinayətlər ümumi cinayətlərin 2,2 faizini təşkil edir

Daxili İşlər Nazirliyinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin müdiri Kamal İmanverdiyev APA-ya bildirib ki, Azərbaycanda Ombudsman Aparatının tərkibində uşaq hüquqlarının müdafiəsi ilə bağlı şöbə fəaliyyət göstərir: “Gələcəkdə bu şöbənin daha da inkişaf etdirilməsi, təkmilləşdirilməsi və beynəlxalq normalara uyğunlaşdırılmasına ehtiyac duyulur. Müstəqil uşaq ombudsmanının yaradılması əlbəttə ki, işin xeyrinə olardı. İnsan hüquqlarının tərkib hissəsi kimi uşaq hüquqlarının müdafiəyə daha çox ehtiyacı var. Ölkədə uşaq problemlərinin həlli ilə bağlı geniş tədbirlər görülür. Bununla belə, ayrıca uşaq ombudsmanının yaradılmasını alqışlayardım”. K. İmanverdiyevin sözlərinə görə, adətən, uşaqlar öz hüquqlarının pozulması ilə bağlı məlumat verə bilmirlər. Bunu ilk növbədə valideynlər edirlər. Uşaqlar tərəfindən törədilən cinayətlərin ümumi cinayətlərin 2,2 faizini təşkil etdiyini deyən şöbə müdiri bunun çox cüzi rəqəm olduğunu bildirir: “Uşaqlara qarşı törədilən cinayətlər də ümumi cinayətlərin 3-3,5 faizindən yuxarı olmur”.

K. İmamverdiyev bildirib ki, 4000-ə qədər uşağın polisin qeydiyyatında olması barədə məlumatlar yanlışdır: “İl ərzində qeydiyyata götürülən uşaqların sayı dəyişir. Respublikada il ərzində polisin qeydiyyatına götürülən uşaqların sayı 300-500 nəfərdən çox olmur. Bunlar cinayət törədən və barələrində həbs və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş uşaqlardır ki, onlar profilaktika, reabilitasiya üçün qeydiyyata götürülür və barələrində müvafiq tədbirlər görülür”. K. İmamverdiyev deyib ki, Azərbaycanda küçə uşaqları ilə bağlı mütləq rəqəm yoxdur: “Küçə uşaqlarının sayı da dəyişən rəqəmdir. Bu gün küçədə işləyən uşaq sabah artıq böyüyür, küçəni tərk edir, yaxud da bu vərdişdən əl çəkir. Küçə uşaqlarının meydana çıxmasına tərbiyə üçün zəhmət çəkməyən valideynlər səbəb olur. Küçədə, əsasən valideynləri tərəfindən avaralığa, dilənçiliyə cəlb edilən uşaqlar, yaxud da bu və ya digər formada xırda qulluq adı ilə vətəndaşlara xidmət göstərən – avtobuslarda bilet satan, avtomobillərin şüşələrini silən uşaqlar var. İl ərzində avaralıq və dilənçiliklə məşğul olan təxminən 300-400 uşaq aşkar edirik”.

“Azərbaycan kimi 9 milyon əhalisi olan ölkədə 20 ombusman yaratsaq, problemi kiçildərik”

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə hesab edir ki, Azərbaycanda müstəqil qurum kimi Uşaq Ombudsmanı yaradılmalı deyil. Komitə sədri APA-ya açıqlamasında bildirib ki, Azərbaycanda ombudsmanlıq institutu yeni təkmilləşir: “Dünyanın inkişaf etmiş ölkələrində bir sıra ombudsman fəaliyyət göstərir. Uşaq ombudsmanları var, istehlakçıların, pensiyaçıların ombudsmanları var. Azərbaycan kimi 9 milyon əhalisi olan ölkədə 20 ombusman yaratsaq, onda problemi kiçildərik, xırdalaşdırarıq. Mən düşünürəm ki, Azərbaycanda yeganə təmərküzləşmiş bir ombudsmanlıq institutu olmalıdır. Ombudsman Aparatının daxilində bir neçə struktur yarana bilər. Hazırda Azərbaycanda uşaq ombudsmanından çox istehlakçıların ombusmanına ehtiyac var. Hazırda Azərbaycanda uşaq alyansı fəaliyyət göstərir. Uşaq hüquqlarının qorunması ilə bağlı 30-dək QHT var. Onları Ombudsman Aparatı ilə əməkdaşlığa cəlb etmək lazımdır. Uşaq ombudsmanı bir nəfərin istəyi ilə yaranmamalıdır. Bununla bağlı qanunvericiliyə dəyişiklik etməyə də ehtiyac yoxdur”.

“Son vaxtlar azyaşlı uşaqlar arasında intihar hallarının artması çox ciddi siqnaldır”

Milli Məclisin deputatı Gülər Əhmədova isə APA-ya bildirib ki, Azərbaycanda uşaq ombudsmanının yaradılması ideyasının ciddi müzakirələrə ehtiyacı var: “Dövlətin imkanı varsa, büdcə belə bir qurumun yaradılmasına imkan verirsə, burda pis şey yoxdur. Amma mən belə məsələlərə bir az ehtiyatla yanaşıram. Elə adam gəlib uşaq ombudsmanı olar ki, ona xərclədiyimiz pula da peşman olarıq. Mən hesab edirəm ki, hazırda Azərbaycanda uşaq problemlərinin həlli ilə daha çox Heydər Əliyev Fondu məşğul olur. Heydər Əliyev Fondu həm təhsil, həm səhiyyə, həm sosial problemlər sahəsində uşaqlarla bağlı bu qədər böyük layihələr həyata keçirir”. G. Əhmədova deyib ki, uşaq problemlərinin həlli ilə uşaq psixologiyasını bilən, pedaqoji, psixoloji məqamlara bələd, praktik bir insan lazımdır: “Hazırda Azərbaycanda uşaqlarla bağlı əsas problem böyüklərin problemidir. Bu gün uşaqların mənəvi-psixoloji tərbiyəsi ilə bağlı çox böyük səhvlərə yol verirlər, əsasən də qız uşaqlarının tərbiyəsi ilə bağlı… Nədənsə Azərbaycanda oğlanları qız, qızları isə oğlan kimi böyüdürlər. Bizim öz milli konsepsiyamız olmalıdır. Söhbət ancaq beynəlxalq təşkilatların bizə ötürdüyü öhdəliklərdən getməməlidir. Bir millət özünü qorumaq istəyirsə, mütləq öz uşağını tərbiyə etməyi bilməlidir. Son zamanlar azyaşlı uşaqlar arasında intiharların sayı artıb. Bu, çox ciddi siqnaldır. Bu, təkcə həmin uşağın psixikasından xəbər vermir, əgər ailədə azyaşlı uşaq intihar edirsə, deməli, o ailənin özünün psixolojisi normada deyil. Uşaq hər bir ailənin güzgüsüdür. Uşaq intiharlarının sayının artması ailədə ata-ananın psixologiyasının yerində olmamasını göstərir”.

“İnformasiya məsələləri üzrə ombudsmanın yaradılması qanunun tələbidir”

Həllini gözləyən digər məsələ isə informasiya məsələləri üzrə ombudsmanın yaradılmasıdır. Media Hüquq İnstitutunun rəhbəri Rəşid Hacılı APA-ya bildirib ki, informasiya məsələləri üzrə ombudsmanın yaradılması “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulub: “İnformasiya məsələləri üzrə ombudsman qanunun qəbulundan sonra 6 ay ərzində yaradılmalı idi. Qanunda ombudsmanın yaradılması proseduru da nəzərdə tutulub. Prezident Milli Məclisə nümayəndələr verməli, Milli Məclis də onların arasından birini seçməli idi”.

R. Hacılının sözlərinə görə, informasiya azadlığının təmin olunmasına, hökumətin informasiya azadlığı ilə bağlı qanuna düzgün əməl etməsinə nəzarət edən bir dövlət orqanı olmalı, bu funksiyanı da həmin müvəkkil yerinə yetirməli idi. Müvəkkil olmayan ölkələrdə informasiya azadlığının vəziyyəti həmişə böyük şübhə altında olur. Bu baxımdan hesab edirəm ki, informasiya məsələləri üzrə ombudsmanın yaradılması nəinki lazım idi, hətta bu, gecikib”.

R. Hacılının fikrincə, informasiya məsələləri üzrə ombudsmanın Azərbaycana lazım olub-olmaması artıq müzakirə mövzusu deyil: ““Lazımdır, ya yox” sualına artıq qanun cavab verib. Qanun qəbul olunub, bu isə o deməkdir ki, müvəkkil bizə lazımdır”.

“Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev də hesab edir ki, informasiya məsələləri üzrə ombudsmanının yaradılması qanunun tələbidir: “İlkin olaraq 2000-ci illərin əvvəllərində Azərbaycan rəsmilərinin belə bir mövqeyi var idi ki, informasiya məsələləri üzrə ombudsmanın yaradılması ayrıca dövlət qurumunun yaradılması deməkdir. Bunun üçün müəyyən xərclər tələb olunur ki, Azərbaycan büdcəsi onun öhdəsindən gələ bilməz. O zaman bu fikirlə o mənada razılaşmaq olardı ki, Azərbaycan büdcəsi indiki imkanlara malik deyildi. İndi bu səbəb artıq öz əhəmiyyətini itirib. İndi isə gətirilən əsas arqument bundan ibarətdir ki, Azərbaycanda artıq ombudsman var. Ombudsman bu fəaliyyəti də yerinə yetirə bilər, başqa hansısa strukturun yaradılmasına ehtiyac yoxdur. Amma informasiya məsələləri üzrə ombudsmanın funksiyaları ilə insan haqları üzrə müvəkkilin funksiyaları bir-birindən fərqlidir. Prinsipcə, o variantı seçmək olardı ki, Ombudsman Aparatının nəzdində ayrıca bir bölüm yaradılsın, amma bu o qədər optimal üsul deyil. Çünki praktikada belə üsula çox nadir hallarda rast gəlinir”.

A. Əliyevin sözlərinə görə, son vaxtlar medianın özünün sosial institut kimi zəifləməsi jurnalist təşkilatlarının da fəaliyyətinin zəifləməsinə səbəb olub: “Ardıcıl tələblər bu işlə məşğul olan şəxsləri də yorur. 2004-cü ilin əvvəlində beynəlxalq təşkilatlarda Azərbaycanda informasiya ombudsmanının təyin olunmaması böyük təəccüb doğururdu, çünki bu, bilavasitə qanunda da təsbit olunmuşdu. Qanundan əvvəl də dəfələrlə müzakirə olunmuşdu. Artıq bu, bir növ adiləşib. İkincisi, son vaxtlar Azərbaycanın media ilə məşğul olan təşkilatlarının fikirlərini cəmləşdirən başqa problemlər ortaya çıxır. İnformasiya məsələləri üzrə ombudsmanın yaradılması media ilə dövlət orqanları arasında mübahisələrə səbəb ola bilən bir sıra məsələləri həll edə bilər”.

A. Əliyevin sözlərinə görə, Azərbaycanda real jurnalistlərin sayı nə rəsmi qurumların səsləndirdiyi kimi 30-50 min, nə də həddən artıq az deyil: “Hazırda Azərbaycanda 9 minə yaxın jurnalist fəaliyyət göstərir. Lakin onlarla kütləvi informasiya vasitəsi var ki, onlar real olaraq jurnalistika ilə deyil, cinayət əməlləri ilə məşğuldurlar. Onların əməlləri reketçilikdir, şantajdır, hədə ilə pul qoparmaqdır. Ombudsmanın bu sahədəki fəaliyyəti istənilən jurnalist təşkilatının və ya digər dövlət orqanlarının rolundan daha böyük ola bilər. İnformasiya ombudsmanı dövlət orqanı kimi əlində inzibati səlahiyyətlər olan təşkilatdır. Digər jurnalist təşkilatlarının heç birində belə səlahiyyətlər yoxdur. Belə bir dövlət strukturu olarsa, Mətbuat Şurasından daha professional şəkildə “reket jurnalistikası”na qarşı mübarizə apara, ən azı məsələni hansı dövlət orqanı qarşısında qaldırmağı düzgün müəyyənləşdirə bilər. Qanuna görə heç bir qurumun kimisə “reket” elan etməsinə ixtiyarı yoxdur. Bu, yalnız məhkəmə tərəfindən elan oluna bilər. Məhz bu fakt son vaxtlar həqiqətən jurnalistikada cinayətlə məşğul olan şəxslərin Mətbuat Şurasında qarşı müxtəlif iddialar qaldırmasına səbəb olur”.

“İnformasiya Ombudsmanının səlahiyyətlərinin bir hissəsini Mətbuat Şurası həyata keçirir”

Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov da APA-ya bildirib ki, Azərbaycanda informasiya məsələləri üzrə ombudsmanın yaradılması “İnformasiya əldə edilməsi haqqında” qanunun sonuncu bəndində əksini tapıb. Lakin İnformasiya Ombudsmanının səlahiyyətlərinin bir hissəsini Mətbuat Şurası həyata keçirir: “İnformasiya məsələləri üzrə ombudsmana ehtiyac var, ya yox, bu gərək ciddi müzakirələrdən keçsin. Amma bu məsələ qanunvericilikdə əksini tapıb. 2006-cı ilin axırına qədər informasiya məsələləri üzrə ombudsman yaradılmalı idi. O vaxtdan 4 ilə yaxın müddət keçib. Həmin səlahiyyətlərin bir hissəsi Mətbuat Şurasındadır. Xarici təcrübəyə fikir versək, bir sıra ölkədə Mətbuat Şurası demək olar ki, ombudsmanın səlahiyyətlərini həyata keçirir. Onlar bəzi məqamlarda bir-birlərini əvəz edir. Lakin ombudsmanın elə səlahiyyətləri də var ki, Mətbuat Şurasının səlahiyyətindən kənardır. Bu, xüsusən ilk mənbədən informasiya əldə edilməsinə nəzarətlə bağlıdır”.

Qeyd edək ki, hazırda Azərbaycanda 4000-dək kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib. Onlardan 50-yə yaxını elektron KİV, 100-dən çoxu jurnal, 30-dan çoxu informasiya agentliyi, qalanı isə qəzetdir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO