Azərbaycanda jurnalistlərə güzəştli kreditlərin verilməsi ilə bağlı məsələ müzakirə edilir

Azərbaycanda jurnalistlərə güzəştli kreditlərin verilməsi ilə bağlı məsələ müzakirə edilir. Bunu bazar ertəsi Trend-ə Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

“Hazırda kütləvi informasiya vasitələrinə güzəştli kreditlərin verilməsi ilə bağlı məsələ gündəmdədir. Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun büdcəsi artandan sonra jurnalistlərə uzunmüddətli faizsiz kreditlərin verilməsi mümkün olacaq”, – Amaşov əlavə edib.

Jurnalistlərin Əmək Məcəlləsində nəzərdə tutulan imtiyazlarına da toxunan Amaşov bildirib ki, jurnalistlər Məcəllədə nəzərdə tutulmuş güzəştlərdən istifadə edə bilmirlər. Çünki müqavilələr tələblərə cavab verən səviyyədə deyil, yaxud da ümumiyyətlə müqavilə yoxdur.

“Jurnalist məzuniyyətə gedərkən, Əmək Məcəlləsində nəzərdə tutulan güzəştlərdən istifadə edə bilmir”, – Şura sədri deyib.

Jurnalistlərin şəhər nəqliyyatından pulsuz istifadəsi məsələsindən danışan Amaşov qeyd edib ki, xarici ölkələrdə bu məsələ redaksiyaların öz gücü hesabına həyata keçirilir.

“Azərbaycanda hələ ki KİV-in iqtisadi durumu zəif olduğundan, bu, mümkün deyil. Bu məsələləri biz istəyirik ki, müəyyən formada aradan qaldıraq. Bununla bağlı Mətbuat Şurası və Fond birgə təkliflər hazırlayır. Təkliflərdə jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün qrantların ayrılması da əksini tapıb”, – Amaşov deyib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO