Azərbaycanda ilk kitab onlayn-mağazası açıldı

İndi regionlardan da kitab əldə etmək imkanı yaradılıb

Azərbaycanda ilk İnternet kitab mağazası hesab olunan www.alinino.az mütaliə həvəskarlarına onlayn rejimdə kitab əldə etmələri üçün şərait yaradır. Lent.az-ın məlumatına görə, böyük seçim imkanı olan www.alinino.az saytı vasitəsilə 4 mindən artıq klassik və müasir Azərbaycan ədəbiyyatını, həmçinin rus və ingilis dillərində yazılmış kitabları əldə etmək mümkündür.

Saytda hər bir kitab haqqında məlumat var; qısa xülasə, nəşr olunduğu il və s. Rahat axtarış və seçim sistemi ilə tez bir zamanda istənilən janrda kitabı əldə etmək mümkündür. Hər gün www.alinino.az saytında nəşrlərin onluğu yenilənir. Həmçinin saytda satışına görə “top 10”a daxil olan kitablar haqqında, kitab bazarı ilə bağlı xəbərlər də öz əksini tapır.

www.alinino.az onlayn-mağazası elektron kommersiya sisteminə qoşulub, alıcılar nəinki nəğd, hətta kredit kartı vasitəsilə də kitab əldə edə bilərlər. Məhsulu əldə etmək üçün qeydiyyatdan keçmək, lazımi kitabı seçmək, ödəmə vasitəsini müəyyənləşdirmək – kredit kartı və ya çatdırılma zamanı nəğd ödəmə, – eləcə də çatdırılacaq ünvanı göstərmək lazımdır.

www.alinino.az onlayn-mağazasının əsas üstünlüklərindən biri də odur ki, onun vasitəsilə region sakinlərinin kitab əldə etmək şansları olacaq. Heç kimə sirr deyil ki, bölgələrdə kitabsevərlər kitab mağazasının yoxluğundan əziyyət çəkirlər. Artıq onların dünya və Azərbaycan ədəbiyyatı nümunələrini əldə etmək imkanları var. Az zaman içərisində seçilən kitab bir neçə gün ərzində istənilən ünvana çatdırıla bilər.

Bununla yanaşı, www.alinino.az onlayn-mağazası Azərbaycan yazıçılarının əsərlərinin dünya bazarına çıxmasını təmin edəcək. Sayta Azərbaycan ədəbiyyatının incilərindən olan görkəmli klassiklərimiz Nizaminin, Nəsiminin, Füzulinin, yazıçılarımız – Anarın, İlyas Əfəndiyevin, eləcə də gənc yazarların əsərləri yerləşdiriləcək.

“Əli və Nino” kitab mağazalarının rəhbəri Nigar Köçərlinin sözlərinə görə, artıq onlayn-mağazanın ilk iş günündə xaricdən sifarişlər edilib.

Bu layihə “Əli və Nino” kitab mağazaları tərəfindən keçirilən tədbirlərin bir hissəsidir ki, nəticədə mütaliəyə maraq oyanır, kitab oxumaq vərdişi aşılanır. Qeyd edək ki, bu layihə çərçivəsində sayta yerləşdirilmiş kitablara 20 faiz endirim olacaq.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO