“Azərbaycanda diffamasiya və ifadə azadlığı “Avropa şurası ilə mətbuat şurası birgə konfransa hazırlaşır

Noyabrın 16-da Avropa Şurasının və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə «Azərbaycanda diffamasiya və ifadə azadlığı» mövzusunda konfrans keçiriləcək. Konfransda Prezident Administrasiyasının, Milli Məclisin, habelə kütləvi informasiya vasitələrinin və Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatların, səfirliklərin, eləcə də Avropa Şurası nümayəndələrinin iştirakı gözlənilir.

Avropa Şurasının Bakı nümayəndəliyindən «Media forum» saytına verilən məlumata görə, konfransda Azərbaycanda ifadə azadlığının vəziyyəti, diffamasiya haqqında qanunun qəbulu və ya digər qanunvericilik dəyişikliklərinə olan ehtiyac məsələləri ətrafında diskussiya aparılacaq.

Konfrans iki sessiyadan ibarət olacaq. Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek, Mətbuat Şurasının sədri Əflatun Amaşov və Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun çıxışından sonra Avropa Şurasının Azərbaycandakı İnformasiya Ofisinin direktoru İlqar İbrahimlinin moderatorluğu ilə «Diffamasiyanın Avropa standartlarına uyğun konsepsiyası və hüquqi bazası» mövzusu ətrafında müzakirələr başlanacaq.

Bu sessiyada Avropa Şurasının Böyük Britaniyadan olan eksperti Hyu Tomlinson «Diffamasiya: Avropa standartlarına uyğun olaraq şəxsin şərəf və nüfuzunun hüquqi müdafiəsi konsepsiyası» məruzəsi, Müstəqil Jurnalistika Mərkəzinin icraçı direktoru, Rumıniyadan olan Avropa Şurası eksperti İoana Avadani isə «İctimai xadimlərə qarşı diffamasiya: həddi aşan cəzalar və söz azadlığına onların təsiri» adlı məruzə ilə çıxış edəcək.

İkinci sessiyanın mövzusu «Mövcud hüquqi baza və praktika» adlanır. «İREX Azerbaijan» təşkilatının nümayəndəsi, hüquqşünas Ələsgər Məmmədli və «Azərbaycan» qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov «Diffamasiya: Azərbaycanın müvafiq qanunvericiliyinə və yerli təcrübələrə ümumi nəzərsalma» mövzusu ətrafında fikirlərini səsləndirəcəklər.

İkinci sessiyanın digər məruzəsi olan «Diffamasiya: jurnalistlərin və dövlət orqanlarının məsuliyyətləri» barədə Mətbuat Şurasının üzvü, «Ayna» və «Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlı, Avropa Şurasının eksperti İoana Avadan və «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid danışacaqlar.

Sonuncu mövzuda («Azərbaycanda təkmilləşdirilmiş diffamasiya qanunvericiliyinə və jurnalistika praktikasına doğru») ekspert Hyu Tomlinson məruzə söyləyəcək.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO