Azərbaycanda baş redaktor nazirin yox, polis əməkdaşlarının iddiası əsasında cəzalandırılıb

“Femida” qəzetinin baş redaktoru nazirin yox, polis əməkdaşlarının iddiası əsasında cəzalandırılıb. Bunu cümə axşamı Trend News-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bildirib.

“”Femida” qəzetinin baş redaktoru Əyyub Kərimov uzun müddət rəhbərlik etdiyi qəzetdə və digər mətbuat orqanlarında daxili işlər orqanlarının əməkdaşlarını ağır və xüsusilə ağır cinayətlərdə ittiham etməklə onlara böhtan arıb. Bununla əlaqədar olaraq daxili işlər orqanlarının əməkdaşları və veteranları onlara atılan bu ağır böhtanlarla barışmayaraq xüsusi ittiham qaydasında iddia qaldırıblar”, – Zahidov deyib.

Zahidovun sözlərinə görə, fevralın 3-də Yasamal rayon Məhkəməsində polis əməkdaşlarının iddiası əsasında məhkəmə istintaqı yekunlaşıb və məhkəmənin hökmü ilə Əyyub Kərimov 1 il 6 ay islah işlərinə məhkum edilib.

“Təəssüf ki, bəzu KİV-lər bu məhkəmə çəkişməsini daxili işlər orqanlarının əməkdaşlarının qaldırdığı iddia əsasında deyil, guya daxili işlər nazirinin iddiası kimi qələmə verirlər. Bu tamamilə əsassız yanaşmadır və bir daha qeyd edirik ki, “Femida” qəzetinin baş redaktoru ilə bağlı məhkəməyə daxili işlər orqanlarının əməkdaşları müraciət ediblər. Ramil Usubov yalnız həmin iddia ərizəsinı nazir kimi imzalayıb. Çünki çoxsaylı polis əməkdaşlarının həmin ərizəni imzalaması qeyri-mümkün idi. Odur ki, Əyyub Kərimovun cəzalandırılması məhz ümumən polis əməkdaşlarının qaldırdığı iddia əsasında həyata keçirilib”, – mətbuat xidmətinin əməkdaşı bildirib.

Dünən məhkəmənin qərarı ilə Əyyub Kərimov Cinayət Məcəlləsinin 147.2 maddəsi ilə (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) təqsirli bilinərək aylıq maaşından 15% tutulmaqla, 1 il 6 ay müddətinə islah işlərinə cəlb olunub. 220 manat məbləğində məhkəmə xərcləri və məhkəmə ekspertiza xərcləri Kərimovun hesabına ödəniləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO