Azərbaycan Yazıçılar Birliyində İskəndər Pala ilə görüş keçirilib

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) dəvəti ilə respublikamızda səfərdə olan məşhur türk yazıçısı və ədəbiyyatşünas alim İskəndər Pala Azərbaycan Yazıçılar Birliyində (AYB) Birlik rəhbərliyi və bir qrup yazıçı, şairlə görüşmüşdür. Qardaş ölkə ədibini salamlayan Xalq yazıçısı, AYB sədri Anar onun Azərbaycana gəlişindən və biləvasitə AYB-yə təşrif buyurmasından məmnunluq ifadə etmişdir. İskəndər Pala ilə şəxsən və yaradıcılığı etibarı ilə tanış olduğunu bildirən Xalq yazıçısı onun iki romanının Bakıda işıq üzü görməsini alqışladığını, türk divan ədəbiyyatı üzrə tədqiqatlarının da Azərbaycan dilinə uyğunlaşdırılaraq AYB tərəfindən nəşr edilməsini təklif etdi. AYB sədri Anar millət vəkili, AYB-in üzvü Qənirə Paşayevanın Türkiyə ilə qarşılıqlı ədəbi-mədəni əlaqələrə verdiyi töhfələri qeyd edərək, onun rəhbərlik etdiyi ictimai birlik tərəfindən önəmli layihələrin keçirilməsindən məmnunluq ifadə etdi. Deyilən fikirlərə şərik olduğunu deyən İskəndər Pala Azərbaycana səfəri, səfər çərçivəsində keçirdiyi görüşlər barədə danışaraq, bir ədəbiyyatşünas və bir yazıçı olaraq Yazıçılar Birliyində görüş keçirməsinin xüsusi anlam daşıdığını vurğuladı. O, Anarın, eləcə də bir çox digər Azərbaycan yazıçılarının əsərlərini oxuduğunu, qarşılıqlı ədəbi əlaqələrin inkişafı üçün hər bir yazıçının, ədəbiyyatşünasın üzərinə yazılmamış məsuliyyət düşdüyünü qeyd etdi. Sonra görüş iştirakçılarından xalq şairi Fikrət Qoca, AYB katibləri Arif Əmrahoğlu və Rəşad Məcid, “Ulduz” jurnalının redaktoru Elçin Hüseyinbəyli, ədəbiyyatşünas Əsgər Rəsulov, yazıçı-publisist Əkbər Qoşalı və başqaları öz fikir və mülahizələrini bölüşmüşlər. İskəndər Palaya görüş iştirakçılarının bir sıra suallarını cavablandırdı. Sonda hörmətli qonaq bir neçə kitabını AYB kitabxanasına hədiyyə etdi. Görüşün sonunda xatirə şəkilləri çəkildi. (“OLAYLAR”İA)

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO