“Azərbaycan teleməkanında xarizmatik aparıcı yoxdur”

Televiziya aparıcıları üçün nitq, səs və görünüş çox vacib şərtlər sayılır. Hər bir televiziya aparıcısının vizual görünüşü və televiziyaya uyğun görkəmi olması əsasdır. Nahaq yerə demirlər ki, televiziyanın efirə çıxardığı hər bir aparıcı həmin telekanalın imici, simasıdır.
Azərbaycan telekanallarına gəldikdə, aparıcıların böyük əksəriyyətinin ya efirə uyğun səsi yoxdur, ya da görünüşü. Ümumiyyətlə telekanallarımızın aparıcılarla bağlı qüsurları kifayət qədərdir. Modern.az bununla bağlı tanınmış televiziya tənqidçisi Sevda Sultanovanın və peşəkar stilist Anar Ağakişiyevin fikirlərini öyrənib.

“Aparıcıları zahiri görünüşünə görə seçmək vacib deyil”

Teletənqidçi Sevda Sultanovanın fikrincə, aparıcı obrazının əsas tələbləri bunlardır: “Aparıcı verilişin spesifikasına, məziyyətlərinə uyğun seçilməli, görkəmi, intellektual bazası, davranışı telejanra münasib gəlməlidir. Ümumiyyətlə inkişaf etmiş ölkələrin televiziyalarında aparıcıların obrazı üzərində onlarla mütəxxəsis işləyir. Azərbaycan telemekanında isə bu təcrübə hələ yoxdu. Bu səbəbdən də əyləncə verilişi və ciddi verilişin aparıcıları arasında sərhədd itir”.
Teletənqidçi deyir ki, xəbər aparıcıları ciddi, sadə geyimdə olmalı, mümkün qədər makiyajdan az istifadə edilməlidir. Və bununla da onlar tamaşaçının diqqətini ötürdüyü xəbərdən yayındırmamalıdır. Əyləncə proqramlarının aparıcılarının isə ekstravaqant, parlaq qiyafələr geyinməsi normaldır.
S.Sultanovanın sözlərinə görə, aparıcıları zahiri görünüşünə görə seçmək vacib deyil: “Bir ara Qərb ölkələrində informasiya proqramlarında çox gözəl qadınlar aparıcılıq edirdi, amma sonra bunun effektsiz olduğunu gördülər. Əslində bu üsulla daha çox tamaşaçı toplamaq məqsədi güdürdülər, amma analizlər göstərdi ki, tamaşaçını aparıcının cazibəsi yox, xəbər maraqlandırır. Önəmli olan verilişə uyğun obraz tapmaqdır. Bu obraz gözəl olmaya bilər, amma mütləq maraqlı olmalıdır. Aparıcının xarici görkəmini (makiyaj, saç və geyim) müəyyənləşdirmək üçün xüsusi mütəxəssislər olmalıdır. Təəssüf ki, Azərbaycanda bu sahədə peşəkarlar yoxdur”.

“Aparıcı işləməkdənsə, vitrində manken olsunlar”

Telekanallarımızdakı aparıcılarıın tamaşaçını cəlb etmə qabiliyyətinə gəlincə, Sevda Sultanova hər şeyi onların üzərinə yıxmağı düzgün hesab etmir: “Hər bir verilişin arxasında texniki, yaradıcı heyət dayanır. Onlar teleməhsulu birlikdə ortaya qoyurlar. Əgər veriliş qeyri-peşəkar hazırlanırsa, mövzü düzgün seçilmirsə aparıcı burada gücsüzdü. Üstəlik də bizim savadsız aparıcılar ola. Ümumiyyətlə, aparıcı xarizmatik, hazırcavab, müəyyən səviyyədə artistizm qabiliyyətinə malik olmalı, müsahibləri ilə dialoq qurmağı, çətin vəziyyətlərdən çıxmağı bacarmalıdır. İntellekti, nitqi, danışdığı mövzu haqda geniş bilgiyə malik olması da öz yerində. Deyərdim ki, Azərbaycan teleməkanında xarizmatik aparıcı yoxdur. Aparıcının cazibəsinə gəlincə isə, onu deyə bilərəm ki, əgər baş boşdursa, o cazibə kimə lazımdı?! Çox üzr istəyirəm, aparıcının cazibəsi onun başına dəysin. Aparıcı işləməkdənsə, vitrində manken olsunlar”.

“Aparıcılar ictimai rəylə hesablaşmalıdırlar”

Müsahibim bütün aparıcıları eyni fabrikin istehsal etdiyini deyir: “Ümumiyyətlə indiki aparıcılar mənim diqqətimi heç nə ilə cəlb etmirlər. Xəbər aparıcısının şou aparıcısından heç bir fərqi yoxdu. Onlar makiyaj və geyimləri ilə toy məclisinə gedənlərə oxşayırlar. Bunun aradan qaldırılması üçün ilk növbədə televiziya demokratikləşdirilməli və onlara azadlıq verilməlidir. Azadlıq və demokratiya olmayan yerdə heç bir inkişafdan söz gedə bilməz”.
Aparıcı seçimi baxımından bütün telekanallarda vəziyyətin faciəli olduğunu deyən Sevda Sultanova Azərbaycan tamaşaçısının da televiziya təfəkkürünün olmadığını düşünür: “Çünki tamaşaçı efirdə ancaq müğənni və meyxanaçı görür. Müğənnilər aparıcı, aparıcılar müğənnidir. Məncə hər şey aydındır. Aparıcılar ictimai rəylə hesablaşmalıdırlar. Amma onun bizim televiziyalara adiyyatı yoxdur. Onlar ancaq hakimiyyətlə hesablaşırlar”.

Saman altdan su yeridən və pambıqla baş kəsən aparıcılar

Stilist Anar Ağakişiyevin aparıcılar barədə düşüncələri belədir: “İlk növbədə birinci təəssüratı beyin götürdüyü üçün əlbəttə ki, teleaparıcının zahiri görünüşünün gözəl olması vacibdir. Ancaq aparıcının diksiyası da burada əsas rol oynayır. Aparıcını ekranda cazibəli edən əsas faktorlar boy-buxun, baxışlar və gözəl, həm də mülayim səsin olmasıdır. Televiziya aparıcıları normal çəkidə olmalıdırlar. Amma bizin bəzi televiziyalarımızın aparıcıları kökdürlər. Efir də həmin aparıcını 12 kiloqram kök göstərir. Belə təqdirdə kök aparıcılar çox pis görsənirlər. Bundan başqa, geyim, saç və makiyaj seçimi də yüksək səviyyədə deyil. Xarici televiziya kanallarında hər kanalın öz imicmeykeri var. Məsələn, “Kanal D”nin öz stilisti var. Verilişə qonaq dəvət olunduqda stilist onun üzərində işləyib, sonra efirə buraxır. Bu əlbəttə ki, bizdə də olsa daha yaxşı olar”. A.Ağakişiyev deyir ki, Azərbaycan teleməkanında aparıcıların diqqət çəkən hərəkətlərindən biri onların saman altdan su yeridən və pambıqla baş kəsən olmalarıdır. “Bu cür aparıcılar bəzi televiziya kanallarımızda var”.
A.Ağakişiyev də Azərbaycan teleməkanında aparıcı sarıdan vəziyyətin ürəkaçan olmadığını düşünür: “Xarici televiziya aparıcıları ilə bizim televiya aparıcılarını müqayisə etmək olmaz. Bizim aparıcıların əsas mənfi xüsusiyyətləri “a” “ı” “o” hərflərini uzadaraq danışmaları. Onlar heç vaxt öz fikirlərini bildirmirlər. Ancaq xarici televiya aparıcıları çalışırlar öz fikirlərini bildirsinlər. Bir əlavə də edim ki, xarici televiziyalardakı aparıcıların baxışları başqa cürdür. Onlar daha cəlbedicidirlər”.

“Nərgiz Cəlilovanı bəyənirəm”

Sadaladığı nöqsanlara baxmayaraq stilist A.Ağakişiyevin bəyəndiyi televiziya aparıcıları da var: “ATV-də Günay Qələndərli, Aygün Rəhimova, Samirə Mustafayeva, “Xəzər” TV-də “Musiqi qutusu” verilişinin aparıcısı Aydan xarici standartlara qismən cavab verirlər. Onların geyimi, makiyajı, diksiyası da normaldır. Ancaq bərbad görünüşə və danışığa malik olan televiziya aparıcıları daha çoxdur. Mənim fikrimcə, indiki televiziya aparıcıları çalışıb Nərgiz Cəlilovaya oxşamalıdırlar. Onu çox bəyənirəm”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO