“Azərbaycan poeziyası – dəryadan damla “

"Azərbaycan poeziyası - dəryadan damla"Bu günlərdə Pakistanda “Azərbaycan poeziyası – dəryadan damla” adlı kitab ingilis dilində nəfis şəkildə nəşr edilib. Qədim zamanlardan müasir dövrə qədər Azərbaycan poeziya nümunələrini özündə ehtiva edən bu kitabın tərtibatçısı və ön sözün müəllifi ölkəmizin Pakistandakı səfiri Eynulla Mədətlidir. Poeziyamızın inkişaf yolları haqqında giriş məqaləsini akademik İsa Həbibbəyli ilə Eynulla Mədətli yazıb. Kitabda ilk olaraq xalq yazıçısı Elçinin “Kitabi Dədə Qorqud” haqqında yazdığı geniş essesi yer alıb. Essedə “Kitabi Dədə Qorqud”un poetik xüsusiyyətləri, eləcə də bu qədim abidənin Azərbaycan poeziyasının inkişafındakı rolu ətraflı təhlil edilib. Sonra Elçinin “Kitabi Dədə Qorqud”dan seçdiyi poetik nümunələr oxuculara təqdim olunub. Azərbaycan ədəbiyyatı klassikləri Qətran Təbrizinin, Məhsətinin, Xaqaninin, Nizaminin, Şəms Təbrizinin, Həsənoğlunun, Nəsiminin, Xətainin, Füzulinin, Qurbaninin, Qövsi Təbrizinin, Saib Təbrizinin, Abbas Tufarqanlının, Vaqifin, Vidadinin, Xəstə Qasımın, Zakirin, Heyran xanımın, Vazehin, M.F.Axundzadənin, Natəvanın, Seyid Əzimin, Sabirin, Səhhətin, Aşıq Ələsgərin, Hüseyn Bozalqanlının, Aşıq Şəmşirin, Möcüzün, Cavidin, Əhməd Cavadın, Şaiqin, Vahidin, Müşfiqin, Səməd Vurğunun, Şəhriyarın və XX əsrdə yazıb-yaratmış digər şairlərin, aşıqlarımızın şeirlərindən nümunələr kitabda öz əksini tapıb. Yaxşı cəhətdir ki, Azərbaycan poeziya çələngini altmışdan çox seçmə bayatı nümunələri tamamlayır. Kitabda hər bir şair haqqında ayrıca məlumatlar və şərhlər verilib. İslamabaddakı “Leaf Publications” nəşriyyatının nəşr etdiyi bu kitab, ingilisdilli oxucuları Azərbaycan poeziyası ilə tanış etmək baxımından böyük əhəmiyyət daşıyır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO