“Azərbaycan ” nəşriyyatının işığını kəsdilər

“Bakıelektrikşəbəkə” ASC ölkənin ən böyük nəşriyyatının – “Azərbaycan” nəşriyyatının işığını keçirib. Burada həm də ölkənin ən böyük mətbəəsi yerləşir. Aparıcı qəzetlərin əksəri, rəsmi qəzetlərin hamısı bu nəşriyyatın mətbəəsində çap olunur.

“Bakıelektrikşəbəkə”nin mətbuat xidmətinin əməkdaşı Nəsimi Paşayev “Media forum” saytına deyib ki, nəşriyyatın elektrik xətti martın 30-u səhər saatlarında kəsilib. Buna səbəb nəşriyyatın enerjidən istifadə haqqını ödəməməsidir. N.Paşayevin sözlərinə görə, “Azərbaycan” nəşriyyatının “Baklelektrikşəbəkə”yə 178 min manat borcu var: “Bu borc il yarım ərzində toplanıb. Borcun ödənməsi üçün nəşriyyata dəfələrlə xəbərdarlıq olunub. Sonuncu xəbərdarlıq bu günlərdə yazılı şəkildə nəşriyyatın rəhbəri Ağabəy Əsgərovun özünə təqdim edilib”.

N.Paşayev bildirib ki, borcun ödənilməsi haqda xəbərdarlıqlar nəticə vermədiyinə görə indiyə qədər bir neçə dəfə nəşriyyatın elektrik xətti qısa müddətə kəsilib. Nəşriyyatın işığının indi də qısa müddətə, bir növ xəbərdarlığı gücləndirmək məqsədilə kəsilib-kəsilmədiyi haqda “Media forum”un sualına cavab olaraq N.Paşayev deyib ki, hazırda borcun məbləği yüksək həddə çatdığından suala birmənalı cavab verməyə çətinlik çəkir. O qeyd edib ki, belə vəziyyətdə hər hansı bir güzəştin yalnız “Bakıelektrikşəbəkə” ilə “Azərbaycan” nəşriyyatının rəhbərliyi arasında aparılan danışıqlardan sonra ola biləcəyini düşünmək mümkündür.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO