Azərbaycan mətbuatı APA-nın 5 illik yubileyi haqqında

Azərbaycan mediasında APA İnformasiya Agentliyinin 5 illik yubileyi münasibətilə müxtəlif yazılar dərc olunur. Bu münasibətlə “Ekspress” qəzeti bu gün APA-nın baş direktoru Vüsalə Mahirqızı ilə müsahibə dərc edib. Həmin müsahibəni diqqətinizə çatdırırıq.

«Mən mediaya biznes sahəsi kimi baxıram»

Vüsalə Mahirqızı: «Azərbaycanda, ümumiyyətlə, qəzet industriyasına təzədən baxmaq lazımdır»

«Təsəvvür edə bilmirəm ki, günün birində APA xəbərlərini göndərməsin, onun səhərisi günü bizim əlimizə nə qədər qəzet gəlib çıxa bilər»

İki gündən sonra Azəri Press Agentliyinin 5 yaşı tamam olacaq. Yarananda bəzilərinin dodaq büzdüyü agentlik, indi demək olar ki, ölkədəki əksər mətbuat orqanını informasiya ilə təmin edir. Bu baxımdan, APA-nı informasiya mərkəzi sayanlar da az deyil. Yubiley ərəfəsində APA-nın baş direktoru Vüsalə Mahirqızı «Ekspress»ə müsahibəsində görülən və görüləcək işlər barədə danışıb.

– Öncə ondan başlayaq ki, bir işi görmək üçün ilk növbədə nə lazımdır?
– Mənim düşüncəmə görə, bir işə başlamaq üçün ilk növbədə qərar lazımdır. Əgər mən qərar verirəmsə ki, bunu edəcəyəm, demək o işi edəcəyəm. İndiyə qədər olmayıb ki, bir işə qərar verim, sonra onu etməyim. Vaxt uzana bilər, amma bu mütləq olmalıdır. APA-nı yaratmağımız da belə olub. Mən hələ «Xalq Cəbhəsi» qəzetinin baş redaktoru olarkən düşünürdüm ki, Azərbaycanda xəbər agentliyi boşluğu var, onu yaratmaq lazımdır. Bir neçə yerdə də demişdim ki, belə bir şeyi etmək istəyirəm. «Xalq Cəbhəsi» qəzetindən gedəndən sonra mənə bir neçə qəzetə baş redaktorluq da təklif etdilər. Amma artıq xəbər agentliyi yaratmağın qərarını özlüyümdə vermişdim. Mənim üçün iş qərar verməkdən başlayır. Məncə, hədəf bəlli olandan sonra maliyyə, texniki imkanlar, kollektiv artıq strateji məsələlər deyil, taktiki addımlardır. Köməkçi vasitələrdir.

– Səhv etmirəmsə, rəhbər olaraq çalışdığınız ilk yer «Xalq Cəbhəsi» qəzeti olub. Bugünkü APA-nın, Lent.az-ın, Vesti.az-ın yanında «Xalq Cəbhəsi» qəzeti proyektinizi necə qiymətləndirirsiniz?
– «Xalq Cəbhəsi» tək mənim proyektim deyildi. Bu, bizim Qüdrət Həsənquliyevlə birgə layihəmiz idi. Yəni orada siyasi iradə mənim əlimdə deyildi. Amma APA-nın, adını sadaladığınız digər proyektlərin bütün siyasi iradələri mənim əlimdədir. Orda hər şeyi mən idarə etmirdim, burda hər şeyi mən idarə edirəm. Amma bütün hallarda «Xalq Cəbhəsi» qəzeti mənim üçün doğmadır. Tam səmimiyyətlə deyirəm ki, APA-ya «Xalq Cəbhəsi»nə çəkdiyim qədər əziyyət çəkməmişəm. Çünki, o, ilk işim idi. Bir də axı «Xalq Cəbhəsi»nin konsepsiyası başqa cür qurulmuşdu. O, kütləvi, tirajlı, populyar olmağa hesablanmış bir layihə deyildi. «Xalq Cəbhəsi» daha çox Bütöv Azərbaycan və Türk dünyası ilə bağlı ideoloji iş aparan qəzet kimi qurulmuşdu. «Xalq Cəbhəsi» bir siyasi layihə idi. Amma APA bir biznes layihəsidir. Aralarında belə fərqlər var. O baxımdan, düşünürəm ki, hər ikisi öz istiqamətində uğurlu layihələrdir. Amma təbii, hər bir baş redaktor istəyər ki, onun qəzeti populyar olsun. Mən də hesab etdim ki, o konsepsiya mənim üçün deyil. Mən mediaya daha çox biznes sahəsi kimi baxıram. Ona görə də, APA-dan fərqli olaraq «Xalq Cəbhəsi» qəzetində beş il işləyə bilməzdim.

– Agentliyin, saytların yanında dediyiniz kimi sırf biznes maraqlarına əsaslanan bir qəzet də yaratmaq fikriniz yoxdur ki?
– Azərbaycanda ümumiyyətlə qəzet industriyasına təzədən baxmaq lazımdır. Mən dediyim konsepsiyada qəzet çıxarsaydım, o imkanlar olsaydı, düşünürəm ki, çox populyar bir qəzet olardı. Hətta APA-dan da dəfələrlə populyar olardı. Mən buna inanıram. Amma mənim düşüncəmdəki qəzet bizim klassik qəzetlər kimi deyil. Tamamilə başqa bir qəzet layihəsi fikrimdə var. Hələlik açıqlamaq istəmirəm. Amma hazırda Azərbaycanda o qəzetin çıxarılması üçün şərait və imkanlar sistemi yoxdur. Çünki bunun üçün ayrıca bir yayım şəbəkəsi qurulmalıdır. O qəzet rəngli çap olunmalıdır, yalnız reklam hesabına formalaşmalıdır və s. Belə bir qəzetin ortaya qoyulması üçün şəxsən mənim əlimdə o şərait, maddi imkanlar yoxdur. Əgər olsa, iddia edirəm ki, o qəzeti başlamaq olar və Azərbaycanda bir aya günlük tirajı əlli min olan qəzet buraxmaq mümkündür.

– Yəqin ki, Türkiyə, Avropa modelində olan bir qəzet düşünürsünüz. Amma deyirlər ki, Azərbaycan oxucusunun zövqü o tipli qəzetləri oxumaq gücündə deyil…
– Ortada məhsul olmadıqca, belə subyektiv fikirlər söyləmək olar. APA-nı yaradanda mənə deyirdilər ki, bu konsepsiyada agentlik Azərbaycanda işləməyəcək. Yeni yarananda hətta bir çox qəzetlər bizim xəbərləri vermirdi. Yeri gəlmişkən, mən «Ekspress» qəzetinə həm də ona görə təşəkkür edirəm ki, Azərbaycanda üç qəzet bizi ilk buraxılışımızdan təmənnasız verib. İlk yazımızı manşetə çıxarıb. Bunlardan biri «Ekspress» qəzetidir. Bu günə qədər də «Ekspress»i alanda, ilk əməkdaşlarımız ilk xəbərimizin qəzetdə manşetə verilməsini məmnunluqla xatırlayır. Buna görə bir daha təşəkkür edirəm. Həmin vaxt bir çox dostlarımız deyirdi ki, APA-nın modeli agentlik modelinə uyğun deyil. Agentliklər geniş müsahibələr vermirlər, yalnız siyasi, iqtisadi xəbərlərlə kifayətlənirlər və s. Amma biz Azərbaycanda agentlik modelinə reportaj, sosial, kriminal xəbər, mədəniyyət yeniliklərini, rəngli fotoları, videoları gətirdik. Və qəbul da olundu. Mən eyni məntiqlə Lent.az-ı yaradanda da qarşılaşdım. İnternet mediası sahəsində çalışan yoldaşlarımız deyirdilər ki, Azərbaycan dilində sayt yaratmaq perspektivli deyil. Çünki Azərbaycandilli oxucunun interneti yoxdur, o internetdən oxuyacaq qədər səviyyəli deyil və ilaxır. Amma biz Lent.az-ı yaratdıq və bu fikirləri də dağıtdıq. Gördük ki, ölkədə Azərbaycandilli oxucu daha çoxdur. Məlum oldu ki, oxucu varmış, amma onun oxuyacağı bir yer yoxuymuş. Biz Vesti.az-ı yaradandan dedilər ki, Azərbaycanda iki böyük rusdilli sayt var. Siz oxucu yığa bilməyəcəksiniz. Amma 7-8 ayın içərisində gündəlik beş min izləyici yığdıq. Ona görə bugünkü klassik qəzet modelindən baxıb Azərbaycan oxucusunun zövqündən şikayət etmək doğru deyil. Lent.az və Vesti.az-ın qarşılığı olan bir qəzet düşünürəm ki, oxucu üçün maraqlı olacaq. Amma onun yayım forması başqa cür olmalıdır.

– Hazırda maddi və iş imkanları baxımından jurnalistlər üçün cazibədar qurum olan APA-da əməkdaşlar hansı prinsiplərlə işə götürülür?
– İndiki əməkdaşlarımızın böyük hissəsi «Xalq Cəbhəsi» qəzetindən mənimlə gələn dostlarımdır. Biz işə ilk başlayanda yeddi nəfər idik. Mən şadam ki, onların altısı bu gün buradadır. Bir yoldaşımız dövlət işinə gedib, amma mən onu da bizim «fəxri əməkdaşımız» sayıram. Mən bu uşaqları APA-nın sütunları sayıram. Elə bilirəm ki, onların hansısa birinin getməsi, APA-da bir sütunun düşməsidir. Sonradan da gözəl əməkdaşlarımız gəlib. Ümumiyyətlə, mən kollektivin sıralarını tez-tez dəyişməyi xoşlamıram. Onu deyim ki, jurnalistin «ulduz» olub-olmamasının mənim üçün fərqi yoxdur. Çünki bir çox «ulduz» jurnalistlər yanıldıb məni. Yeni əməkdaşların seçimi isə belədir: təxminən bir ay sınaq müddəti var. Mən heç kimi özbaşıma işə götürmürəm. Əgər baş redaktor Vüqar Hüseynov və redaktor Nurşən Quliyev təqdimat vermirsə… İşdən çıxarılma da təxminən bu formadadır. Amma son bir ildə işdən heç kim çıxarılmayıb.

– Xəbəriniz varmı, ölkə mətbuatında sıravi jurnalist təbəqəsi APA-dan küskündür?
– Nə səbəbə?

– Deyirlər ki, APA bizim çörəyimizə bais olub…
– Hə, ara-sıra bunu eşidirəm. APA-ya xəbər monopolisti deyirlər. Amma bu, APA-nın yox, redaksiyaların problemidir. Məncə, bu, Azərbaycan mətbuatı üçün keçici bir dövrdür. Azərbaycan mətbuatının indiki dövründə «Yaxşı ki, APA var» deyənlərin də sayı çoxdur. Çünki APA olmasaydı, bizim kasıb mətbuatın vəziyyəti necə olacaqdı? Mən təsəvvür edə bilmirəm ki, günün birində APA xəbərlərini göndərməsin, onun səhərisi günü bizim əlimizə nə qədər qəzet gəlib çıxa bilər. Bu mənada, gərək jurnalistlər küskünlüklərini APA-ya deyil, öz redaktorlarına yönəltsinlər. Bilirəm, artıq işçi saxlamamaq üçün redaksiyalarda ixtisarlar olunur. Amma bir şeyi də əminliklə deyirəm ki, əgər jurnalist istedadlıdırsa, savadlıdırsa, heç bir normal baş redaktor onu itirmək istəməz. İstedadına baxmayaraq, baş redaktor jurnalisti itirirsə, o rəhbərlə işləməyə dəyməz.

– APA-nın qəzetləri xəbərlə təmin etməyini vurğuladınız. Sizcə, bir hadisə və ya tədbir haqda xəbərin qəzetlərdə yalnız APA-nın baxış bucağından getməsi monotonluq yaratmırmı? Xahiş edirəm, buna APA-nın baş direktoru kimi deyil, oxucu kimi cavab verəsiniz…
– Bəli, monotonluq yaradır. Bəzən APA-ya Azərbaycanın informasiya mərkəzi də deyirlər. APA-nın rəhbəri kimi bu mənim üçün xoş təəssüratdır. Amma sizinlə razıyam ki, qəzetlərdəki bu təkrarçılıq, eyni üslub məni də oxucu kimi yorur. Eyni zamanda, Avropa və Türkiyə mediası da agentliklərin xəbərlərindən çox istifadə edir. Mən anlayıram, Azərbaycanda qəzetlərin informasiya almaq problemi var. Hətta televiziyaların dövlət qurumlarından xəbər almaq imkanları agentliklər qədər deyil. Ola bilsin, həmin qurumların mətbuat xidmətləri düşünürlər ki, APA-ya informasiya verməklə kifayətlənmək olar. Amma qəzetlər maraqlı reportajlara, müsahibələrə nədən ağırlıq vermirlər, bunu başa düşmürəm? Vaqif Səmədoğlunun Lent.az-a müsahibəsini əksər qəzetlər çap etmişdi. Sual doğur, Vaqif Səmədoğlu ilə həmin müsahibəni başqa qəzetin almasına nə mane olur? Axı o qədər də əlçatmaz deyil. Burda artıq başqa sual yaranır ki, ya istək yoxdur, ya da kadr. Düzdür, burda stimul məsələsi də var. Jurnalist düşünür ki, belə keyfiyyətli işin qarşılığında nə qazanacaq.

– APA Azərbaycan agentlikləri içərisində öndədir. Bəs dünyanın aparıcı agentlikləri sırasına çıxmaq üçün APA-ya nə lazımdır? Zamanmı, imkanmı, yoxsa «Franspress» olmaq üçün mütləq Fransada fəaliyyət göstərmək şərtdir?
– Yaxşı sualdır, təşəkkür edirəm. Məncə, «Franspress» olmaq üçün Fransada olmaq lazımdır. Bəzi media rəhbərlərimiz düşünürlər ki, Azərbaycanda «Reuters» yaratmaq olar. Mənsə hesab edirəm ki, Azərbaycanda Qafqazın «Reuters»ini, Qafqazın «Franspress»ini yaratmaq mümkündür…

– «Əl-Cəzirə» Qətərdə fəaliyyət göstərir.
– Qətərin «Əl-Cəzirə»si var, amma onun yanında bir Bin Laden yarandı. «Əl-Cəzirə» Bin-Ladenə, 11 sentyabr hadisələrinə qədər dünyada hansı çəkiyə malik idi? Yəni, burada «Əl-Cəzirə»ni yaratmaq üçün əvvəlcə «Bin Laden» yaratmaq, sonra onunla əlaqə qurmaq lazımdır. «Əl-Cəzirə» bu gün terror təşkilatlarının səsini duyuran bir kanaldır. Dünyanın aparıcı agentliklərinin yerləşdiyi ölkə onlar üçün çox önəmlidir. Mən ABŞ-da olarkən bildim ki, «Vaşinqton Post» qəzetinin yayılma arealı yalnız Vaşinqton şəhəri imiş. İndi dünyada kimdən soruşsan, bu qəzeti tanıyır. Çünki «Vaşinqton Post» dünyanın paytaxtında nəşr olunur. Bu qəzetlər, agentliklər dünya siyasətinə yön verən, dünyanı idarə edən dövlətlərdə yerləşir. Ona görə də düşünmək ki, Azərbaycanda «Röyters» yaratmaq mümkündür, bunun üçün siyasəti və medianı bilməmək lazımdır. Amma Azərbaycanda Qafqazın, bölgənin böyük agentliyini yaratmaq mümkündür və biz bunu yaratmışıq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO